Onlayn ictimai-siyasi qəzet
İşğaldan azad edilmiş Qarabağda böyük layihələr həyata keçirən "Aqroman" MMC 20 min manat cərimələnib.
Musavat.com xəbər verir ki, buna səbəb MMC-nin Qarabağda bir neçə nəfəri əmək müqaviləsi olmadan işə cəlb etməsi olub.
"Aqroman" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müəyyən edilib.
Məlum olub ki, MMC "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" portalından işçi kimi qeydiyyatdan keçirdiyi şəxsləri əmək müqaviləsi olmadan işə cəlb edib.
Bu qanun pozuntusuna görə MMC 20 min manat cərimə edilib.
Qeyd edək ki, "Aqroman" MMC-nin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur. Müzadil Rəfiyev xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qardaşıdır.
Rəfiyevlərə məxsus "Aqroman" şirkəti bu günə qədər işğaldan azad olunmuş ərazilərdə dəyəri milyonlarla manat olan layihələr icra edib, icra etməkdə də davam edir.
Şirkət tərəfindən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin bir çox layihələri icra edilib. Şuşa şəhərində təmizlik və abadlıq işləri, "ŞUŞABANK" layihəsi çərçivəsində bir çox işlərin icrası, Ağdam rayonunun Sarıcalı kəndi ərazisində torpaq işləri, qazma, yükləmə işlərinin icrası "Aqroman" şirkəti tərəfindən icra edilib.
Şirkətin hazırda Qarabağ bölgəsində davam edən aşağıdakı layihələri var:
- Şuşa şəhərində hotel və restoran tikintisi
- ŞUŞA YAŞAYIŞ BİNASI layihəsinin qazıntı, dolğu, istinad və svay işlərinin icrası
- Şuşa şəhərində qəzalı vəziyyətdə olan binaların söküntüsü və tullantıların daşınması işləri
- Qubadlı rayonu, Zilanlı kəndində tikinti layihəsi çərçivəsində müvəqqəti hasar çəkilməsi, müvəqqəti qurğuların qurulması, köhnə tikililərin sökülməsi, söküntü tullantılarının və torpağın ərazidən daşınması, sahənin şaquli planlanması işlərinin icrası
- Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 15 ədəd iki otaqlı, 13 ədəd üç otaqlı fərdi yaşayış evlərinin tikintisi
- Ağdam şəhərində yaşayış kompleksinin tikintisi
- Xankəndidə bir neçə tikinti işi.
İlkin Muradov
Musavat.com
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ