Onlayn ictimai-siyasi qəzet
Biri sağdan keçir, o biri soldan. Hər ikisi də tələsir. Guya gecikən bir pizza, ya da soyuya biləcək dönər üçün ömrünü riskə atan iki motokuryer. Maşınların yanından sürtünərək keçir, bəzən güzgülərə toxunur, bəzən də qəzaya səbəb olur. Onlar üçün tıxac, zolaq, qırmızı işıq anlayışı yoxdur. Elə bil şəhərin bütün yolları təkcə onların çatdıracağı sifariş üçündür. Paytaxt küçələrində son illər artan motosikletlərin xaotik hərəkəti artıq təkcə sürücüləri deyil, piyadaları da təlaşa salıb. Sürücülük vəsiqəsi olmayan yeniyetmələr, texniki baxışdan keçməyən mopedlər, yol hərəkəti qaydalarını vecinə almayan sürücülər. Bakının hər küçəsində, hər tinində onlar var. Daxili İşlər Nazirliyi isə nəhayət ki, bu xaosun qarşısını almaq üçün hərəkətə keçib…
Motokuryerlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması ictimai narahatlıq doğurduğundan, Daxili İşlər Nazirliyinin əməkdaşları bu sahədə nəzarət-profilaktik tədbirləri intensivləşdirib. DİN-in yaydığı məlumata əsasən, motosiklet, moped və bu qəbildən olan digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarını pozanlara qarşı tədbirlər gücləndirilib. Söhbət yalnız sürət həddinin aşılmasından getmir. Təhlükəli manevrlər, qırmızı işıqda keçmə, eyni zolaqda sürücülərə təzyiq yaratma, qəfil dönmələr, texniki tələblərə uyğun olmayan vasitələrlə hərəkət və yol nişanlarına məhəl qoymamaq kimi hallar da nəzərdən qaçmır. Bu məsələyə münasibət bildirən avtonəqliyyat üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, motokuryer fəaliyyəti, əslində, nəzarətsiz bir sahəyə çevrilib:
“Restoranlar və çatdırılma şirkətləri kuryer sürücülərlə əmək müqaviləsi bağlamır, onlar əmək və texniki təhlükəsizlik baxımından qeyri-müəyyən statusda çalışırlar. Həm dövlət nəzarətindən kənardadırlar, həm də sığortalanmayıblar. Bu sürücülər qanundakı boşluqdan yararlanırlar. Bəziləri 16-17 yaşındadır və ümumiyyətlə, sürücülük vəsiqələri belə yoxdur. Bu isə həm onların, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır”.
Elməddin Muradlı problemin başqa bir aspektinə də toxunub: “Motosikletlərin hüquqi tənzimlənməsi və texniki baxış məsələsi də həll olunmalıdır. Əksər motosikletlər qeydiyyatdan keçməyib. Çoxu texniki cəhətdən tam yararsız vəziyyətdədir. Tormoz sistemi, siqnal, fənərlər, şinlər bərbad durumdadır. Texniki baxışdan yayınırlar. Polis saxlayanda isə sürücü qaçır, təhlükəli manevrlər edir. Bunun özü cinayət məsuliyyətinə səbəb ola biləcək davranışlardır”.
Elməddin Muradlının fikrincə, nizam-intizam yaratmaq üçün ilk növbədə çatdırılma şirkətlərinə inzibati məsuliyyət tətbiq olunmalı, sürücülərlə əmək müqavilələri bağlanmalı və minimum peşə hazırlığı sertifikatı tələb edilməlidir. Polisin profilaktik tədbirləri hazırda əsasən maarifləndirmə və izah işləri ilə məhdudlaşsa da, ekspert bu yanaşmanın kifayət etmədiyini düşünür. Elməddin Muradlı hesab edir ki, avtomobil sürücüləri ilə yanaşı, motosikletçilər üçün də xüsusi reydlər, kompleks cərimə tədbirləri və icbari texniki yoxlamalar tətbiq edilməlidir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ