İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Roma Papası süni intellektə savaş açdı

Vatikanda Tramp siyasətinin izlərinin təbliğini görə bilərik - şərh

Mayın 8-də yeni Roma Papası seçilib. Bu şəxs ABŞ-dan olan Robert Françis Prevostdir. O, mayın 18-də fəaliyyətə başlayacaq. Roma Papası XIV Leo kardinallara ilk müraciətində deyib ki, süni intellekt bəşəriyyətin qarşısında duran əsas problemlərdən biridir. O bildirib ki, süni intellekt insan ləyaqətinin, ədalətin qorunması üçün maneə yaradır. XIV Leo Papa Fransiskin baxışını və islahatlarını davam etdirəcəyini açıqlayıb: “Fransisk mənə qiymətli miras qoyub”. XIV Leo Ukraynada davamlı və həqiqi sülhə çağırış edib. Papa ilk bazar günü xütbəsində deyib.

“Qəlbimdə sevimli Ukrayna xalqının əzabını daşıyıram. Həqiqi, ədalətli və davamlı sülhə mümkün qədər tez nail olmaq üçün mümkün olan hər şey edilsin. Qoy bütün əsirlər azad olsun, övladları ailələrinə qayıtsın”, - Papa bildirib. O, həmçinin Hindistanla Pakistan arasında baş verən münaqişələrin həllinə də çağırış edib.

sehla son.jpg (273 KB)

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin fikrincə,  Robert Françis Prevost ilk amerikalı Roma Papası olaraq tarixə düşdü: “Bu, ABŞ-ın dünya üzərində təsir gücünü artırmağa çalışdığı bir dövrdə həm də qlobal dini-konfessional təsir imkanlarını ələ keçirməsi olaraq dəyərləndirilə bilər. Əvvəlki Papa Fransis bir sıra məsələlərdə, xüsusilə miqrasiya və iqlim dəyişikliyi ilə bağlı Trampın siyasətini sərt tənqid etmiş, Trampın Paris İqlim Sazişindən çıxmasına qarşı mövqe sərgiləmiş və onun dövründə millətçi siyasətin yüksəlişini təhlükə olaraq qiymətləndirmişdi”.

Onun sözlərinə görə, yeni Papanın ilk çıxışında yeni dövr Tramp siyasət trayektoriyasının izlərinin təbliğini görə bilərik: “Bunlarla yanaşı onun süni intellekt və gender məsələlərinə baxışları diqqətəlayiqdir. Belə ki, əvvəlki papa Fransis LGBT mövzusunda həssas idi, o, "əgər bir insan geydirsə, o, Allahı axtarırsa və xoş niyyəti varsa, mən kiməm ki onu mühakimə edəm?" (2013) nitqi ilə yadda qalmışdı. Onun dövründə bir sıra kilsələr LGBT hərəkatının aktiv dəstəkçilərinə çevrilmişdi.  Lakin yeni Papa XIV Leo əks, konservativ görüşlərə sahibdir.

O, daha öncə Peruda fəaliyyət göstərərkən LGBT mövzusunun məktəb-təhsil kurrikulumuna salınmasına qarşı çıxmışdı. Trampın da hakimiyyətə gələndən dərhal sonra LGBT fəaliyyətini zəiflədən siyasi qərarlar aldığını xatırlatmaq olar. Süni intellekt məsələsinə gəlincə, bu, yeni Papanın seçiminin əsas məğzini özündə ifadə edir. Papa Leo XIV adını I sənaye inqilabı dövründə (1878-1903-cü illərdə) Vatikana rəhbərlik edən XIII Leonun şərəfinə qəbul  etdiyini bəyan edib.

Belə ki, o dövrdə sənaye inqilabı bir çox insanları işsiz qoyurdu və Papa işçi haqlarının müdafiəçisi qismində ictimai mövqe sərgiləyirdi. Yeni Roma Papası XIV Leonun ad seçimi ondan xəbər verir ki, qarşıdakı illər növbəti sənaye inqilabının ən pik həddə çatacağı bir dövr olacaq və bu dövrdə kibertəhlükələrlə müşayiət olunan insan haqları, süni intellektin inkişafının etik prinsipləri məsələləri qlobal gündəmdə üstün yer alacaq".

“Düzdür ki, Tramp "America First" ritorikası ilə ABŞ-ı süni intellekt sahəsində də birinci etməyi məqsəd qoyub, lakin bununla yanaşı, həm də qarşıdakı dövrdə süni intellektin dünyaya yayılmasının qarşısını almaq, xüsusilə ABŞ-a qarşı olan dövlətlərə süni intellekt texnologiyasının transferini azaltmaqla bağlı bir sıra qərarların qəbul olunacağı gözlənilir. Belə ki, Tramp administrasiyası Bayden dövründə qəbul olunan “AI yayılması qaydası”nı dəyişdirmək (sərtləşdirmək) istədiyini bəyan edib. Yeni Roma Papası Tramp siyasətinin dəstəkçisi olaraq həm də bu istiqamətdə siyasətin mənəvi prinsiplərini, arxa fonunu formalaşdırmağa çalışacaq", - deyə təhlilçi bildirib.

QMİ-nin səlahiyyətləri Dini Komitəyə verilməlidir - Tural İrfan | Hafta.az

İlahiyyatçı Tural İrfan bildirib ki, amerikalı yeni Roma Papasının ilk çağırışları əsasən digər papaların ənənəvi çıxışlarından fərqlənmir: “Lakin təkcə çağırış kifayət etmir, əməli şəkildə real olaraq fəaliyyət də tələb olunur. Roma Papası dini lider olmaqla yanaşı, həm də dövlət başçısı hesab olunur. Ukrayna -Rusiya, İsrail-Fələstin problemlərinin həlli üçün dini lider olaraq xeyir-dua verməklə yanaşı, dövlət başçısı olaraq da siyasi təsir göstərə, rol oynaya bilər. Lakin müxtəlif vaxtlarda bəzi Roma papalarının xristian təəssübkeşliyi etdiyinin də şahidi olmuşuq. Keçmiş Qarabağ münaqişəsi dövründə bəzi hallarda bu özünü göstərirdi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR