Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə ölümün əsas səbəbləri üzrə 1 yaşadək ölən uşaqların sayı açıqlanıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda Qadınlar və Kişilər” məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, ən çox ölüm səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardan (735 uşaq) olub. Ən az ölüm səbəbi isə həzm sisteminin xəstəlikləri (10 uşaq) səbəbindən olub. Əsas ölüm səbəblərinə tənəffüs sistemi xəstəliklər (178 uşaq), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntular (101 uşaq), bəzi infeksion və parazitar xəstəliklər (47 uşaq), sinir sistemi xəstəlikləri (32 uşaq), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri (12 uşaq) daxildir.
Digər səbəblərdən isə 305 uşaq ölüb. 2024-cü ildə 1 yaşadək ölən uşaqların sayı 1420 olub. Onlardan 616-sı qız, 804-ü isə oğlan uşağı olub. 5 yaşadək uşaqlarda isə ən çox ölüm perinatal dövrdə meydana çıxan bəzi hallar səbəbindən olub. Bu səbəbdən ölən uşaqların 296-sı qız, 439-u oğlan olub.
Ən az ölüm isə həzm sisteminin xəstəlikləri səbəbindən olub. Bu səbəbdən ölən uşaqların 8-i qız, 10-u oğlan olub.
Əsas ölüm səbəbləri siyahısına tənəffüs sistemi xəstəlikləri (245 uşaq), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntular (112 uşaq), sinir sistemi xəstəlikləri (76 uşaq), bəzi infeksion və parazitar xəstəliklər (56 uşaq), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri (45 uşaq) daxil olub. Digər səbəblərdən isə 458 uşaq ölüb.
Qeyd edək ki, 2024-cü ildə 5 yaşadək ölən uşaqların sayı 1745 olub. Onlardan 764- ü qız, 981-i isə oğlan olub.
Gənc valideynlər nəyə diqqət etməli?
Pediatrların fikrincə, bu göstəricilər ana və uşaq sağlamlığı sahəsində profilaktika, erkən diaqnostika və doğuş sonrası tibbi nəzarətin tam yetərli olmadığını göstərir. Perinatal dövrdə baş verən ölümlərin çoxluğu doğuş xidmətlərinin keyfiyyəti ilə birbaşa əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, körpə ölümlərinin 70 faizindən çoxunun qarşısı vaxtında tibbi müdaxilə və valideyn maarifləndirilməsi ilə alına bilər.
Azərbaycan son illərdə bu istiqamətdə müəyyən irəliləyişlər əldə etsə də, region ölkələri ilə müqayisədə göstəricilər hələ də yüksəkdir. Məsələn, Dünya Bankının məlumatına görə, 2023-cü ildə Azərbaycanda 1 yaşadək uşaqlar arasında ölüm göstəricisi 13,3, 5 yaşadək uşaqlarda isə 18,6 nəfər olub (hər 1000 doğuşa görə). Türkiyədə bu rəqəm daha aşağıdır. Gürcüstanda isə 2017-ci ildə aparılan araşdırmalara əsasən, perinatal ölüm göstəricisi 13,6/1000 doğuş olub ki, bu da oxşar problemlərin mövcudluğunu göstərir. İran kimi ölkələrdə isə yoluxucu xəstəliklərin payı daha çoxdur, lakin səhiyyə sisteminə çıxış fərqlidir.
Region ölkələrində infeksion xəstəliklər və qidalanma pozuntuları daha çox ölümə səbəb olur. Azərbaycan üçün bu amillər nisbətən az paya malik olsa da, doğuş və neonatal dövr problemləri ön plandadır. Ucqar yerlərdə tibbi xidmətə çıxışın çətinliyi, həkim və avadanlıq çatışmazlığı, eləcə də valideynlərin maariflənmə səviyyəsi hələ də əsas problemlərdəndir.
Mütəxəssislər hesab edirlər ki, mobil tibbi xidmətlərin təşkili, bölgələrdə ixtisaslı doğuş və reanimasiya mütəxəssislərinin sayının artırılması, səhiyyə resurslarının bərabər paylanması və valideynlər arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir.
Gənc valideynlərə tövsiyə olunur ki, hamiləlik dövründə mütəmadi tibbi nəzarətdə olsunlar, körpələrini ilk 6 ay yalnız ana südü ilə qidalandırsınlar, peyvənd cədvəlinə riayət etsinlər və hər hansı tənəffüs, qızdırma, ishal, qusma kimi simptomları yüngül saymasınlar. Gigiyena və ev şəraitinin təmizliyi, uşağın vaxtında həkimə aparılması və düzgün qidalanma ən sadə, amma həyati əhəmiyyətli tədbirlərdir.
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Erkən uşaq ölümlərinin əsas səbəblərindən biri hamiləliyin normal keçməməsidir. Hamiləlik dövründə dölün ətrafındakı mayenin bulanıqlığı, müxtəlif infeksiyaların olması, ananın xroniki və ya digər xəstəliklərə malik olması - bütün bunlar erkən uşaq ölümlərinə gətirib çıxaran əsas amillərdəndir. Bundan başqa, hepatit B, erkən doğuş, uşaq serebral iflici kimi hallar da ölümə səbəb ola bilər.
Əlbəttə, uşaq ölümləri dünyanın bütün ölkələrində müşahidə olunur. Uşaq zəhərlənə, yaxud ev şəraitində qəfil həyatını itirə bilər. Lakin əsas məqsəd bu halları minimuma endirmək, dünya standartlarına yaxınlaşmaqdır. Bunun üçün uşaqların milli peyvənd təqviminə uyğun şəkildə peyvənd olunması, hamiləlikdən əvvəl ananın müayinədən keçməsi və hamiləliyin planlı şəkildə aparılması vacibdir. Məsələn, ana öncədən müayinədən keçmirsə və hamiləlik plansız baş verirsə, bu, doğuşun sonunda uşağın həyatını risk altına sala bilər".
Professor qeyd edib ki, bütün dünyada qəbul edilən praktika budur: “Hamiləlik planlaşdırılmalı, ultrasəs müayinəsi ilə beynəlxalq protokollara uyğun şəkildə izlənməlidir. Yenidoğulan uşaqlarda daban testi və digər vacib müayinələr də mütləq aparılmalıdır. Bütün bu tədbirlər normal qaydada həyata keçirilsə, uşaq ölümlərində azalma müşahidə olunacaq.
Uşaqların qidalanması da mühüm məsələdir. Nəzərə almaq lazımdır ki, körpələr çox həssas olur və ilk aylarda hər iki-üç saatdan bir qidalanmaya ehtiyac duyurlar. Müasir protokollara əsasən, 4-6 ay ərzində körpəyə su vermək tövsiyə edilmir, çünki lazım olan mayeni onlar ana südündən alırlar. Məsələnin kökü bəzi yanlış vərdişlərdə və bu kimi uyğunsuzluqlardadır. Qidalanma və hamiləliklə bağlı maarifləndirmə artırılmadan uşaq ölümlərini azaltmaq çətindir".
Yada salaq ki, dünyada uşaq ölümlərinin qiymətləndirilməsi üzrə BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) tərəfindən açıqlanan statistikaya əsasən, Azərbaycanda bu göstərici hər 1 000 diri doğulan uşağa görə 19 olub. Bu göstəriciyə əsasən, Azərbaycan Avropa və qonşu ölkələr arasında birinci yerdə qərarlaşıb. Avropada 5 yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulan uşağa): Azərbaycan - 19; Moldova - 15; Türkiyə - 13; Ermənistan - 10; Gürcüstan - 9; Albaniya - 9; Ukrayna - 8; Rumıniya - 7; Bolqarıstan - 6; Bosniya və Herseqovina - 6; Slovakiya - 6; Rusiya - 5; Xorvatiya - 5; Serbiya - 5; Böyük Britaniya - 5; Polşa - 4; Belçika - 4; Macarıstan - 4; Yunanıstan - 4; İsveçrə - 4; Fransa - 4; İrlandiya - 4; Almaniya - 4; Niderland - 4; Çexiya - 3; Şimali Makedoniya - 3; İtaliya - 3; Monteneqro - 3; İsveç - 3; Litva - 3; Latviya - 3; İspaniya - 3; Portuqaliya - 3; Avstriya - 3; Danimarka - 3; Kipr - 3; İslandiya - 3; Lüksemburq - 2; Belarus - 2; Sloveniya - 2; Estoniya - 2; Norveç - 2; Finlandiya - 2.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ