İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni nəsil ölümcül raketlər: ABŞ Çinin hava qüvvələrinə qarşı silahlanır

“Prezident Donald Trampın büdcə xərclərini azaltmağa çalışmasına baxmayaraq, bunun hələ ki, hərbi-sənaye kompleksinə aidiyyəti yoxdur, əksinə, Pentaqon yeni növ silah növləri üzərində işləri davam etdirir”.

Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin nümayiş etdirdiyi AIM-260A Birgə Qabaqcıl Taktik Raketi (JATM) Çinin hava qüvvələrinin üstünlüyünü zəiflətmək məqsədilə yaradılıb:

“Uzaqmənzilli yeni raketlər köhnələri dəyişmək qabiliyyətindədir. Pentaqon rəhbərliyi raket barədə detallı açıqlama verməyərək sadəcə texniki üstünlükləri barədə qısa açıqlama yayıb.

Mütəxəssilərin sözlərinə görə, yeni raketlər radarlar, hətta süni peyklər tərəfindən idarə oluna bilər. Bu tip köhnə raketlərin uçuş məsafəsi 190 kilometrdir. Yeni raketlər modern mühərrikləri hesabına bu məsafəni xeyli aşır. Yeni raketləri qırıcı təyyarələrlə yanaşı, radarlara düşməyən pilotsuz uçuş aparatlarında da yerləşdirmək mümkündür.

Buna baxmayaraq, yeni raketlərin sınaqlarının nə zaman keçiriləcəyi barədə məlumat yoxdur. Çin də eyni tipli raketlərin sınaqlarına hazırlaşır. Çinin J-16 qırıcı təyyarələrində PL-17 tipli raketlər mövcuddur. Bu uzaq məsafədə yerləşə düşmən hədəfləri vurmaq üçün yeni nəsil raketlərdir.

Rusiya dördüncü ildir ki, Ukrayna müharibəsində hərbi texnikasını itirir, raketlərinin sayı da azalıb. Bu baxımdan Rusiya ABŞ üçün böyük təhlükə kəsb etmir. Vaşinqton Çinin hərbi gücünü artırmasının fərqindədir. Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər onun arsenalı min ədədi keçəcək. Çin yeni qitələrarası ballistik raketlər hazırlayır. Bu səbəbdən ABŞ Çindən geri qalmamağa çalışmalıdır. Ona görə də Donald Tramp Pentaqonun xərclərini çox azalda bilməyəcək”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR