Onlayn ictimai-siyasi qəzet
Ankara şəhərində yerləşən Gənclik Parkının Mədəniyyət Mərkəzində “Ankarada Azərbaycan Gecəsi” adlı konsert proqramı keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə çoxsaylı qonaqlar, diplomatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə təşkil edilib.
“Azərbaycan gecəsi” tədbirini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb, Türkiyə və Azərbaycan xalqlarının bütün sahələrdə, o cümlədən mədəniyyətdə özünü göstərən tarixi yaxınlığına diqqət çəkib.
“Qardaşlığımızın ən gözəl təzahürü Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır”, - deyən S.Abbasov Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın bütün dünya üçün örnək olduğunu vurğulayıb.
O, Prezident İlham Əliyevin qərarı ilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını iki ölkə arasında mədəni əlaqələrin daha da yaxınlaşması və Türkiyə ictimaiyyətində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mühüm zəmin yaratdığını vurğulayıb.
Çıxış edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Serkan Erkmen iki qardaş ölkə arasında, o cümlədən YUNESKO çərçivəsində sıx əməkdaşlıqdan danışıb, son illərdə Türkiyə və Azərbaycanın 13 ortaq mədəni irs obyekti YUNESKO-nun qeyri maddi-mədəni irs siyahısına təqdim edildiyini bildirib.
O, Türkiyədə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin qısa müddətdə ölkənin mədəni həyatına daxil olduğunu və mühüm layihələr həyata keçirdiyini bildirib.
Daha sonra tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblının yeni adı açıqlanıb. Ansambla Azərbaycan xalqının min illər boyu böyük mədəniyyət yaratdığı və milli mədəniyyətimizə mühüm töhfələr verən “Zəngəzur” tarixi yurd yerimizin adının verildiyi elan olunub.
Proqram Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblının ifası ilə milli rəqslərimiz və xalq artistləri - xanəndə Gülyanaq Məmmədova və balaban ifaçısı Əlixan Səmədovun Azərbaycan musiqilərindən möhtəşəm ifaları ilə davam edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olumuş hissə təqdim edilib, dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasından qısaldılmış musiqi, rəqs və səhnələr nümayiş olunub.
Konsert proqramı tamaşaçıların böyük marağı və alqışlarla qarşılanıb.
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ