Onlayn ictimai-siyasi qəzet
Prezidentliyə namizədlərin təşviqat kampaniyasına hazırlıq gedir
Yanvarın 15-dən 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisi kampaniyasının aktiv və gərgin fazası başlayır. Artıq yanvarın 8-də namizədlərin qeydə alınması mərhələsi bitib və təbliğat-təşviqat yanvarın 15-dən start götürəcək, fevralın 6-dək davam edəcək. MSK yanvarın 9-da Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
Bundan əvvəl - MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, bu il yanvarın 8-də isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi irəli sürülmüş və təsdiqlənmişdi. 10 nəfər lazım olan 40 min seçici imzasını vaxtında təqdim etmədiyi üçün MSK-nın həmin şəxslərin qeydiyyatı məsələsinə baxmasına ehtiyac qalmayıb və onlar seçkidə namizəd kimi iştirak edə bilməyəcəklər.
Beləliklə, 7 fevral növbədənkənar prezident seçkisində 7 namizəd mübarizə aparacaq.
Seçki Məcəlləsinə görə, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini alan namizəd prezident seçilmiş sayılır. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. Prezident seçilmiş şəxs seçkinin yekunları haqqında məlumatın rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
YAP-ın namizədi İlham Əliyev 6 rəqibi ilə müqayisəolunmaz dərəcədə güclü namizəddir və o, şübhəsiz, yüksək faizlə qalib gələcək.
Buna görə digər 6 namizəddən hansının seçkidə 2-ci yeri tuta biləcəyi maraqlıdır. Müstəqil təhlilçilər necə düşünür, hansı namizədin ikinci yeri tutmaq şansları böyükdür?
Abutalıb Səmədov
Siyasi ekspert Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, seçkidə kimin ikinci olacağı, şübhəsiz, seçkiqabağı kampaniyanın səviyyəsindən asılı olacaq. Namizədlərin hansı xalqı daha çox cəlb edə biləcək fikirlər, ideyalar irəli sürə bilsə, ikinci yeri tutma şansı da təbii ki, daha artıq olacaq: “Bir də nəzərə almaq lazımdır ki, Zahid Oruc bundan öncəki prezident seçkisində ikinci olub və bu sahədə təcrübəsi var. Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Razi Nurullayev partiyalarını reyestrdən keçirmək üçün tələb olunan beş min imzanı verə bildilər. Bu amil onların yerlərdə müəyyən dayaqlarının olduğunu göstərir. Ona görə hesab edirəm ki, onların da bu amildən istifadə eləyib partiya strukturlarının hesabına yerlərdə daha çox iş aparmaq və səs almaq imkanları var. Bu cəhətdən Fuad Əliyevin bir az imkanları məhdud olacaq. Çünki artıq o, partiya sədri deyil və yerlərdə strukturları da yoxdur. Ancaq təbiidir ki, o da bizim savadlı insanlardan, ziyalılardandır. O, elə fikirlər söyləyə bilər ki, xalqın içində rəğbətlə qarşılansın. Yenə də təkrar etmək istəyirəm ki, ikinci yeri kimin qazanacağını seçkiqabağı kampaniya müəyyən edəcək. Güman edirəm ki, ikinci yer uğrunda əsas mübarizə də Zahid Orucla Qüdrət Həsənquliyev, Fazil Mustafa və Elşad Musayev arasında gedəcək. Ancaq Razi Nurullayev də kifayət qədər populyar ideyalarla çıxış eləmək qabiliyyəti olan adamdır. Onun da müəyyən qədər yəqin ki, şansı var. Fuad Əliyevin imkanlarını isə dediyim səbəbdən yüksək qiymətləndirə bilmirəm”.
Namizədlərin bəziləri isə qeydə alınmalarını ciddi uğur kimi qiymələndiriblər.
Fazil Mustafa
Fazil Mustafa namizədliyinin qeydə alınmasını vacib mərhələnin uğurla başa çatması kimi qiymətləndirib: “Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyim barədə qərar qəbul olundu. Beləliklə, seçki prosesinin üçüncü mühüm mərhələsini də tamamladıq. Birinci mərhələ rəhbəri olduğum Böyük Quruluş Partiyası (BQP) tərəfindən partiyanın Ali Məclisində prezidentliyə namizədliyimin irəli sürülməsi idi. İkinci mərhələ imza vərəqələrinin alınması və 40 min seçicinin imzasının toplanması oldu. 43 mindən artıq imza toplayaraq qanunvericilikdə nəzərdə tutulan müddətdə MSK-ya təqdim etdik. Üçüncü mərhələ isə imzaların və digər məlumatların yoxlanması və müvafiq qərarın qəbul olunması idi və yekunda namizədliyimiz təsdiq olundu. Millətimizə, dövlətimizə xeyirli olacağına əminliklə növbəti mərhələyə, yəni komandamızla birlikdə təşviqat prosesinə hazırlaşırıq. Seçki platformam üzərində iş tamamlanmaq üzrədir və təşviqat mərhələsi başlayanda hər bir seçicinin bu sənədlə tanışlıq imkanı olacaq. Ödənişsiz efir vaxtından istifadə edəcəyəm, sosial şəbəkədəki hesablarımdan fikirlərimi paylaşacağam və seçicilərdən gələn aktual təklifləri dəyərləndirəcəyəm. Qaldırmağı zəruri hesab etdiyiniz problemləri, ayrıca təklifləri bizə güvənən insanlar mesencerə göndərə bilərlər, imkan daxilində dəyərləndirəcəyəm. Burada şəxsi məsələləri deyil, ictimai xarakterli məsələlərə diqqət yönəltmək hamımızın faydasına olardı.
Bu seçkilərin ölkəmiz üçün əmin-amanlıq içində keçməsini arzulayıram".
Elşad Musayev isə namizədliyinin qeydə alınmasını rəhbərlik etdiyi partiyanın böyük uğuru adlandırıb: “MSK tərəfindən namizədliyimiz qeydə alındı.
İmzatoplama kampaniyasında əziyyəti, zəhməti olan, bu mərhələdə bizə dəstək verən hər kəsə təşəkkür edirəm.
Bunu Böyük Azərbaycan Partiyasının böyük uğuru hesab edirəm və bu münasibətlə həm partiya üzvlərimizi, həm də sevinən dostlarımızı, tərəfdaşlarımızı təbrik edirəm.
Biz dövlətçilik və milli mənafedən bir addım belə geri çəkilmədən uzun, məşəqqətli, ardıcıl və qətiyyətli mübarizə nəticəsində bu günlərə gəldik.
Xalqımızın rifahı və xoşbəxtliyi üçün hər kəsi dinləməyə və əməkdaşlıq etməyə hazırıq. Hər şey qalib xalqımız üçün! Böyük Azərbaycana doğru!"
Tahirə Allahyarova
Zahid Orucun isə dünən seçki qərargahının sədri və ictimai vəkilləri təyin edilib. Seçki Qərargahına professor Tahirə Allahyarova rəhbərlik edəcək. İctimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyas Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadə təyin edilib. Seçki qərargahından verilən xəbərə görə, seçki prosesi ilə əlaqədar sözügedən şəxslər müvafiq qaydada iş yerlərindən xidməti vəzifələrinin icrasını ödənişsiz məzuniyyət götürməklə müvəqqəti dayandırıblar.
Seçki Məcəlləsinin 72.3-cü maddəsinə görə, vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə və ya referendumla bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.
Xəzər Teyyublu
Fuad Əliyevin seçki qərargahına isə tanınmış siyasətçi Xəzər Teyyublu rəhbərlik edəcək. Fuad Əliyev namizədliyi qeydə alındığı üçün Müstəqil Həmkarlar Birliyinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb: “10 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınan Fuad Ağasi oğlu Əliyev Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrasını ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb. Fuad Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb”.
Seçkinin müşahidəçiliyini həyata keçirəcək yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatı isə davam etdirilir.
Yanvarın 10-dək növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Yerli müşahidəçilərə gəlincə, MSK-da 242, dairə seçki komissiyalarında 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.
Etibar SEYİDAĞA
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ