İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Anarın “Adamın adamı”nda anşlaq: tanınmış isimlər - FOTO, VİDEO

İyunun 6-sında saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi və bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası oldu.

Anşlaq keçən tamaşada əsərin müəllifi, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artisti Ramiz Həsənoğlu, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, professor Kamal Avdulla, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçılar Elçin Hüseynbəyli, İlqar Fəhmi və digər çoxsaylı tanınmış simalar iştirak edirdi.

Qeyd edək ki, bu əsər Musiqili Teatrda 2005-2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda “Aldın payını, çağır dayını” adı altında oynanılıb, bu dəfə isə Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun yeni quruluşunda “Adamın adamı” kimi təqdim edilib.

Səhnə əsərinin süjet xəttində cərəyan edən hadisələrdə cəmiyyətin bır sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin əslində sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırılır.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Hüseyn Əlili, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak edirdi.
Yüksək səviyyədə təqdim olunan tamaşanın sonunda əsərin müəllifi və rejissor alqış sədaları altında səhnəyə dəvət edildilər. Yazıçı Anar Musavat.com-a açıqlamasında aktyor oyunundan, rejissor işindən və ümumiyyətlə, əsərin yeatr səhnəsində ərsəyə gətirilməsindən razılığını ifadə edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR