Onlayn ictimai-siyasi qəzet
“Şuşada Türkiyənin baş konsulluğunun açılması prosesinin ləngiməsini əsaslandıran məsələlərlə bağlı, yalnız ehtimallarla çıxış etmək olar. Ola bilsin ki, bu tamamilə texniki məsələdir”.
Siyasi şərhçi Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında bildirib. Ekspert qardaş ölkənin lideri səviyyəsində baş konsulluğun anonsunun verilməsi, amma indiyədək məsələnin həllini tapmaması barədə bunları bildirib: “Bəlli olduğu kimi, Şuşada və ətraf rayonlarda bərpa-quruculuq işləri aparılır, yaşayış binaları inşa edilir. Konsulluğun, həm də faktiki fəaliyyəti üçün Şuşada, ətraf ərazilərdə insanların yaşaması lazımdır. Əks təqdirdə, konsulluğun fəaliyyəti rəmzi xarakter daşıyacaq. Şuşada və ətraf ərazilərdə hələ ki, komendant saatı hökm sürür, müvafiq dövlət strukturlarının ərazi nümayəndəliklərinin yaradılması prosesi tam başa çatmayıb. Ola bilsin ki, məhz bu amillər konsulluğunun açılışına və fəaliyyətə başlamasına mane olur”.
Amma E. Mirzəbəyli bu prosesin uzunmüddətli olacağını gözləmir: “Qənaətimə görə, yaxın vaxtlarda biz bu tarixi hadisənin də şahidi ola biləcəyik.
Şübhəsiz ki, Şuşada Türkiyə konsulluğunun yerləşməsi həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyətə malikdir. Amma Azərbaycan-Türkiyə münasibətlərinin indiki səviyyəsi, Şuşada konsulluğunun nə zaman fəaliyyətə başlamasından asılı olmayaraq da, yüksəkdir. Konsulluğun açılması ilə bağlı məsələnin hüquqi, diplomatik tərəfi öz həllini tapıb. Yəni mesaj çoxdan verilib. Sadəcə prosesin icra tərəfi qalıb ki, bunun da tez bir zamanda həyata keçirilməsi üçün hər hansı bir maneənin olduğunu düşünmürəm”.
ELŞAD,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ