İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə dəhşətli müharibə anonsu - İran da hədəfdə

Fələstin-İsrail müharibəsi başlayandan dərhal sonra ekspertlər bildirirdilər ki, bu savaşın coğrafiyası genişlənəcək. Yaxın Şərqdə dəhşətli, böyük bir müharibə olacağı haqda proqnozlar artıq özünü doğrultmaqdadır. Görünən budur ki, qlobal güclər bunun qarşısını almağa yox, körükləməyə həvəslidirlər.

Politoloqlar, hərbi ekspertlər bildirir ki, Livan, Suriya ilə yanaşı bu kontekstdə İran da hədəfdədir və Qərbin dəstəyi ilə İsrail üzərindən bu ölkə ilə də savaş baş verə bilər.

Bunu İsrailin baş naziri Benyamin Netanyahunun “Hizbullah”a xəbərdarlıq etməsindən də sezmək mümkündür.

Bununla bağlı İsrailin baş naziri 24 oktyabrda Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bəhs edib.

““Hizbullah” ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrailin hökumət başçısı deyib.

Netanyahu əlavə edib ki, “Hizbullah” sanki “İkinci Livan müharibəsi”nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.

“Hizbullah” dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.

Bu arada ABŞ-dan məlumat verilib ki, yüz minlərlə Amerika vətəndaşının Yaxın Şərqdən təxliyə edilməsinə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ hökumətinin fövqəladə vəziyyət planları ilə tanış olan rəsmilərə istinadən yazıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri (İDF) oktyabrın 7-də yəhudi dövlətinə hücum edən radikal HƏMAS hərəkatının silahlılarını məhv etmək üçün Qəzza zolağında quru əməliyyatı hazırladığını elan etdikdən sonra təxliyə ehtiyacı kəskin şəkildə artıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, indiki vəziyyətdə təkcə İsraildə deyil, həm də qonşu Livanda yaşayan ABŞ vətəndaşları xüsusi narahatlıq doğurur.

Göründüyü kimi, Yaxın Şərq alovlanır. Nəticələr nə ola bilər? Prosesin qarşısını almaq mümkündürmü, yoxsa öncədən yazılan ssenari elə bu idi?

Talıbovsuz Naxçıvanın 3 ayı...

Rəşad Bayramov: “Bizim üçün ən vacib olan məsələ...”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov İranın bütün mümkün variantlarla müharibədən yayındığını düşünür: “HƏMAS-İsrail qarşıdurması ilə Təl-Əvivin regional siyasətinə ciddi zərər vurmağa nail olan İran baş verənlərdən nə qədər qazanclı görünsə də, rəsmi Tehranın daha da irəli gedərək İsraillə birbaşa müharibəyə qoşulacağını düşünmürəm. Çünki bu halda müharibənin İran ərazilərinə keçəcəyi şübhə doğurmur. Belə olan halda isə İran tək İsrailə qarşı deyil, onları dəstəkləyən böyük güclərə qarşı da vuruşmalı olacaq və eyni zamanda İslam ölkələrinin bir çoxu ilə problemləri səbəbindən onların da dəstəyini ala bilməyəcək. Bu mənada, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın "İsrailin Qəzzada fələstinlilərə qarşı hərbi cinayətləri dayanmasa, İran hərəkətə keçəcək" bəyanatına, sadəcə, HƏMAS-ın geri çəkilməməsinə hesablanmış bəyanat kimi baxmaq lazımdır. Başqa sözlə desək, İran müharibənin uzanmasında hər nə qədər maraqlı olsa da onun öz sərhədlərinə keçməsini istəmir.

Deyilənlər təkcə İrana aid deyil. Ümumiyyətlə, qlobal güclərin təhriki ilə başlayan bütün savaşlarda onların əsas məqsədlərindən biri hərbi əməliyyatların öz sərhədlərindən maksimal dərəcədə uzaq saxlanılmasından ibarət olur. Bu, həmin güclərə daha az itkilərlə öz rolunu və təsir gücünü təsdiq etməyə imkan verir.

İndiki mərhələdə müharibənin arealının genişlənməsi bir çox faktorlardan, müharibənin hansı ssenaridə davam edəcəyindən, quru əməliyyatının olub-olmayacağından, müharibənin müddətindən və hansı ölkələrin müharibədə iştirak edəcəyindən asılıdır. Rəsmi Tel-Əviv HƏMAS tam məğlub olmayana və ya təslim olmayana qədər dayanmaq niyyətində olmadığını bildirib. Bu isə təkcə HƏMAS-la yox, ona dəstək verən digər qüvvələr - Livanda "Hizbullah", Suriyada İrana bağlı qruplaşmalarla da qarşıdurma deməkdir. Buraya İsrailin Qəzzadakı fələstinliləri Sina yarımadasına köçürmək cəhdinə qarşı çıxan Misir, İordaniya kimi dövlətləri də əlavə etsək, o zaman vəziyyətin daha kəskin xarakter alacağını deyə bilərik. Çünki belə olacağı halda İsrail də öz ətrafında beynəlxalq koalisiyanın yaranmasına nail ola bilər.

Bu isə indiki halda Qərbin maraqlarına cavab vermir. Çünki belə ssenaridə Qərb intensiv şəkildə İsrailə silah ehtiyatlarını göndərmək məcburiyyətində qalacaq. Bu isə Ukraynaya dəstəyin kəskin şəkildə azalması və ya tamamilə kəsilməsi ilə mümkündür. Qərbdən böyük maliyyə axınını və silah dəstəyini itirəcəyi halda Ukraynanın Moskvaya müqavimət göstərməsi isə mümkünsüz görünür. Rusiya bundan istifadə edə və Ukraynada artıq neçə ildir ki, əldə edə bilmədiklərini təmin etmiş olar. Rusiyanın Ukrayna ilə müharibədə üstünlük əldə etməsi isə onun digər regionlarda da, o cümlədən Cənubi Qafqazda təsir imkanlarını artıra bilər. Üstəgəl, dünyada hasil edilən neftin təxminən 30 faizə qədərinin Yaxın Şərq ölkələri tərəfindən hasil edildiyini nəzərə alsaq, böyük miqyaslı müharibə qlobal iqtisadi fəsadlara səbəb ola bilər ki, bu da eyni şəkildə Avropa ölkələri üçün də ağır nəticələrə gətirib çıxara bilər.

Bunları nəzərə alaraq demək olar ki, ABŞ və Avropa da müharibənin miqyasının böyüməsində maraqlı deyillər. Onlar yaxşı başa düşürlər ki, müharibəyə qoşulmaları ərəb ölkələrinin onlardan uzaqlaşmasına, Tehran və Ankara ilə yaxınlaşmasına səbəb ola bilər. Eyni şəkildə Qərbdən gələn təhlükə fonunda Yaxın Şərqdə Rusiya və Çinin də mövqeləri möhkəmlənə bilər. Bu baxımdan, kollektiv Qərb, xüsusilə də ABŞ HƏMAS-İsrail qarşıdurmasının kənara çıxmasında maraqlı deyil.

İsrailin quru əməliyyatlarına başlamamasının da əsas səbəbi məhz elə budur. İsrail yaxşı başa düşür ki, təkbaşına quru əməliyyatlarına başlamaq çoxlu sayda İsrail əsgərinin ölümünə səbəb ola bilər. ABŞ isə anlayır ki, quru əməliyyatlarında İsrailə dəstək vermək, İran başda olmaqla, digər oyunçuların prosesə açıq müdaxiləsinə səbəb olar.

Amma problem ondadır ki, nə qlobal güclər, nə də HƏMAS-ı və İsraili dəstəkləyən dövlətlər münaqişənin dayandırılması üçün real addımlar atmırlar. Nəticədə isə hər gün hər iki tərəfdən dinc insanlar, mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar öldürülür.

Sözsüz ki, Yaxın Şərqdə baş verənlər Azərbaycan dövləti və xalqı tərəfindən də yaxından izlənilir. İsrail bizim strateji tərəfdaşımız, Fələstin isə Azərbaycanın da təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bu təşkilatda Fələstin məsələsi ən prioritet məsələlərdən hesab olunur. Biz təbii olaraq öz siyasətimizdə həm İsraillə, həm də Fələstinlə münasibətlərdə balansı qorumaq məcburiyyətindəyik. İndi bizim üçün ən vacib məsələ Yaxın Şərqdə baş verənlərin regionumuza sıçramamasından ibarət olmalıdır".

Araikin bic davranışı - özünü həbsdən sığortalamaq üçün yeni cildə girir

Şəhla Cəlilzadə: “Türkiyə heç zaman İran və Fələstinə görə Qərblə müharibəyə girməz”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə də İranın birbaşa müharibəyə girəcəyini düşünmür: “İranın HƏMAS, Hizbullah kimi təşkilatları silahlandırıb, təlimləndirib, onların vasitəsilə İsrailə, o cümlədən Yaxın Şərqdəki digər rəqib güclərə zərbə vurmağa çalışdığı danılmazdır. Məhz buna görə də bu proksi qüvvələrin yerləşdirildiyi ölkələr, o cümlədən Livan, Suriya hazırda İsrail silahlı qüvvələrinin hədəfinə tuş gəlməkdədir. Lakin İranın birbaşa olaraq müharibədə iştirakı yaxın gələcəkdə real görünmür. Çünki bu, İranda hazırda mövcud rejimin sonu, hətta gələcəkdə ölkənin parçalanması demək ola bilər. "The Endowment for Middle East Truth" beyin mərkəzi deyib ki, İranın daxili parçalanmasında etniklərdən, xüsusilə güney azərbaycanlılardan istifadə etmək olar. İranda başa düşürlər ki, əgər İsrailə qarşı açıq müharibəyə başlasalar, bütün Qərb dünyası ilə üz-üzə qalacaqlar. ABŞ artıq bunun anonsunu verib, öz "F-16"larını, hava hücumundan müdafiə sistemlərini bütün Yaxın Şərq regionu boyu yerləşdirib, əsgərlərini göndərib və bəyan edib ki, əgər İran ABŞ əsgərlərinə hər hansı hücum edərsə, ABŞ buna dərhal cavab verəcək. Bu isə artıq İranın birbaşa olaraq NATO ilə üz-üzə qalacağı, başqa sözlə, lokal müharibənin regional, hətta dünya müharibəsinə çevriləcəyi anlamına gəlir. Belə bir ssenaridə İranın müttəfiqləri kimlər ola bilər? Rusiya? Çin? İslam ölkələri? İranda yaxşı bilirlər ki, bunların heç biri İranın vahid komandanlığı altında, yaxud onun yanında müharibəyə qatılmayacaq. Türkiyə heç zaman İran və Fələstinə görə Qərblə müharibəyə girməz. Nə intifadalar dönəmində, nə də İsrail fələstinlilərin torpaqlarını, o cümlədən Ramallahı işğal edərkən Türkiyə müdaxilə etməmişdi, indi də etməyəcəkdir. Səudiyyə Ərəbistanı Yəməndə şiə Husiləri (İran proksilərini) məhv etmək üçün silah göndərdiyi halda, Fələstin məsələsində yalnız siyasi dəstəklə kifayətlənməkdədir. Hətta bu yaşananlar ”İbrahimi Sazişləri"ni də məhv etmədi. 2020-ci ildə müvafiq sazişlərlə İsraillə münasibətləri normallaşdıran Körfəz ölkələri, Bəhreyn, BƏƏ HƏMAS-ın 7 oktyabr hücumunu qınayan mövqe sərgilədilər. Bununla yanaşı, 7 ay öncə Pekində İranla normallaşma sazişi imzalayan və 2030 vizyonunu açıqlayan səudiyyəlilər məsələyə həssas yanaşsalar da, İranla da konfrontasiya etmək niyyətində deyillər. Yəni Ərəb dünyası olası İran-Qərb savaşında ən yaxşı halda neytral qalacaq. Hətta Qəzzaya coğrafi olaraq ən yaxın, vaxtilə İsraillə müharibə aparan ölkə Misirdir ki, onlar belə hazırda sərhədlərini fələstinlilərin keçidi üçün açmırlar, yeni müharibə yeni qaçqın axını demək olduğu üçün onlar müharibənin eskalasiyasını deyil, tezliklə həllini istəyirlər.

İranın hazırda etdiyi və edə biləcəyi - yuxarıda adıçəkilən təşkilatları daha da çox dəstəkləmək, İsrailin mövqelərini zəiflətmək, Qərbə enerji-iqtisadi təzyiqi artırmaq üçün Hörmüz boğazını bağlamaq (İran deputatlarının səsləndirdiyi kimi) və s. bu kimi addımlardır. Maraqlıdır ki, müharibənin genişlənməsində maraqlı olan tərəf məhz bir sıra Qərb ölkələridir. Məhz Fransa prezidenti Makron vaxtilə İŞİD terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya tipli mübarizəni HƏMAS-a qarşı təşkil etməyi təklif edib. Bu, bölgədə sülhyaradıcı missiyadan çox uzaq olub, münaqişə-müharibə ocağının genişləndirilməsinə xidmət edən çağırışdır. İranın bu çağırışlarda öz milli maraqlarını qurban etməyəcəyini düşünürəm. Nəticə etibarilə müxtəlif dövlətlərin siyasi elitaları öz milli maraqlarından irəli gələrək sadə fələstinliləri böyük siyasətlərə qurban edirlər".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR