İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Braziliyanı "casus fabriki" kimi istifadə edib - SENSASİYA

“The New York Times” qəzetinin jurnalistlərinin apardığı genişmiqyaslı araşdırmaya görə, Rusiya xüsusi xidmət orqanları uzun illərdir Braziliyanı öz elit casusları üçün “montaj xətti” və “başlanğıc meydançası” kimi istifadə edib.

Musavat.com xəbər verir ki, qəzetin yazdığına görə, yüzlərlə sənədin təhlili və onlarla müsahibənin nəticəsində bəlli olub ki, Rusiyanın dərin agentləri ABŞ, Avropa və Yaxın Şərqdəki əməliyyatlara hazırlaşdıqları dövrdə illərlə Braziliyada yaşayıblar. Onlar burada sənədlər alıb, saxta bioqrafiyalar qurub, sosial çevrələr yaradaraq yerli cəmiyyətə inteqrasiya ediblər.

“Bir nəfər zinət əşyaları biznesi açıb, digəri model işləyib, üçüncüsü ABŞ universitetinə qəbul olunub. Bir “braziliyalı tədqiqatçı” Norveçdə iş tapıb, bir casus cütlük isə sonda Portuqaliyaya yollanıb”, – deyə NYT yazır.

Araşdırma ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) braziliyalı həmkarlarına Rusiya hərbi kəşfiyyatının əməkdaşı barədə ötürdüyü məlumatdan sonra başlayıb. Həmin şəxs BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində (MUS) təcrübə keçmək üçün müraciət etmişdi. O, Niderlanda Viktor Müller Fereyra adına olan braziliya pasportu ilə daxil olmağa çalışarkən Amsterdam hava limanında saxlanılıb və geri – San-Pauloya göndərilib.

CİA-nın məlumatına əsasən, həmin şəxsin əsl adı Sergey Çerkasovdur.

Braziliya polisi onu sənəd saxtakarlığında ittiham edərək həbs edib. Lakin araşdırma nəticəsində məlum olub ki, istifadə etdiyi sənədlər rəsmi şəkildə qanunauyğundur.

Məlum olub ki, Braziliyada, xüsusilə kənd ərazilərində doğum haqqında şəhadətnamə əldə etmək üçün doğum evindən arayış tələb olunmur, sadəcə iki şahidin təsdiqi kifayət edir. Bu sənədlə isə ölkə vətəndaşlığı, pasport və digər rəsmi sənədləri almaq mümkündür.

2022-ci ilin aprelindən etibarən Braziliya əks-kəşfiyyatı araşdırmalara başlayaraq, yetkin yaşda “heç yerdən peyda olan” şəxsləri izləməyə başlayıb. Nəticədə azı doqquz Rusiya casusu ifşa olunub.

Onlardan ən azı ikisi həbs edilib, digərləri isə təcili şəkildə Rusiyaya qayıdıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

22 May 2025

BÜTÜN XƏBƏRLƏR