İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın günlərdə seçki ELAN edilə bilər 

Məzahir Pənahovun dediyi vaxt gəlib çatdı; referendum haqda da danışılır

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən başlayaraq, hər 5 ildən bir dekabr ayında keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub.  Təqvimə görə, bu il dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilməli idi. Ancaq artıq seçkinin bu il keçirilməyəcəyi bəllidir, ilin başa çatmasına 1 ay vaxt qalıb. Bu müddət isə seçki keçirmək yetərli deyil. Dekabr ayında seçki keçirilsəydi, noyabr ayında seçki kampaniyası olmalıydı. COP29 tədbirinin keçirildiyi vaxtda seçki kampaniyasının da keçirilməsi düzgün olmazdı.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov noyabrın 6-da  bələdiyyə seçkilərinin gələn il yanvarın sonlarında keçirilə biləcəyini bildirib və qeyd edib ki, noyabrın ayının sonunda biz artıq bələdiyyə seçkilərini elan etməliyik. Məzahir Pənahov hətta seçkinin keçirilə biləcəyi günü də açıqlamışdı: “Biz düşünürük ki, bu tarix yanvar ayının 25-dən sonra olacaq”

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 128 müşahidəçi qeydə alınıb

COP29 tədbiri başlamazdan öncə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov da MSK-nın bələdiyyə seçkilərinin tarixini noyabrın sonunadək elan edəcəyini açıqlamışdı. MSK rəsmisi seçkinin ertələnməsinin səbəbini izah etməmişdi.  Əsas ehtimallardan biri təbii ki, bələdiyyə seçkilərinin gecikməsinə səbəb kimi Bakıda COP29 kimi beynəlxalq səviyyəli tədbirin keçirilməsi idi. Eyni zamanda bələdiyyələrdə birləşmə prosesi də bu səbəblər sırasındadır. Yada salaq ki, yerli əhalinin rəyini nəzərə almaqla 2 dəfə bələdiyyələrin birləşmə prosesi həyata keçirilib. 2009 və 2014-cü illərdə  bəzi bələdiyyələr birləşdirildi. Nəticədə ölkə üzrə hazırda 1606 bələdiyyə fəaliyyət göstərir. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayı 685-ə enəcək. Bu isə o deməkdir ki, qarşıdakı seçkilər 1606 deyil, 685 bələdiyyəyə seçkilər olacaq.

Bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərcləri azaldacaq və bu qurumların maliyyə-iqtisadi potensialını kifayət qədər genişləndirəcək. Bu da bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatlarını yaxşılaşdıra, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağını artıra bilər. Amma bəzi ekspertlərə görə, bu birləşmə prosesinin nə vaxt bitəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. 

Növbədənkənar seçki: partiyalar hərəkətə keçdi - “Siyahını MSK-ya göndərdik”

MSK sədrinin və müavinin dediyi vaxt - noyabrın sonları isə artıq gəlib çatıb. Yanvarın sonlarında bələdiyyə seçkiləri keçiriləcəksə, Seçki Məcəlləsinin tələbinə görə, bugünlərdə seçkilər təyin edilməlidir. Ona görə də bu və ya yaxın bir-iki gün ərzində bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərarın elan olunacağı gözlənilir. Seçkilərin fevralın ilk həftəsində keçirilməsi variantında isə seçki qərarı gələn həftə veriləcək.

Digər bir məsələ çoxdandır ictimaiyyətdə müzakirə olunan referendumdur. Müxtəlif kütləvi informasiya vasitələrində dərc olunan xəbərlərdə iddia edilir ki, tezliklə ölkədə referendum keçiriləcək və bu referendumda bələdiyyələrlə bağlı bir sıra dəyişikliklər ediləcək. Ümumxalq səsverməsində yerli icra hakimiyyətlərinə məxsus bir sıra səlahiyyətlərin bələdiyyələrə verilməsi, yəni yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması məsələsi də müzakirəyə çıxarılacaq. Referendum keçiriləcəyi halda ölkə konstitusiyasına bir sıra mühüm dəyişikliklərin ediləcəyi şübhəsizdir.

Həqiqətən, zaman-zaman Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin azlığı etibarsız institut olması müzakirə olunub. Ekspertlər yerlərdə idarəetmənin daha şəffaf və etibarlı təmin olunmasını təşkil etmək üçün bələdiyyələrin səlahiyyətlərinin artırılmasını zəruri hesab edir. Qeyd edək ki, Azərbaycan Konstitusiyasının IX fəsli bələdiyyələrə həsr olunub. Dəyişiklik olacağı təqdirdə bu fəsildə bir sıra yeniliklər öz əksini tapa bilər.

Bələdiyyələrin birləşdirilməsi və sayının yarıya qədər azaldılması barədə ötən oktyabr ayında qanuna edilən dəyişiliklik bu prosesin start götürməsi deməkdir. Bu proses yekunlaşdıqdan sonra bələdiyyə seçkilərinin vaxtının təyin olunması da istisna deyil.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR