Onlayn ictimai-siyasi qəzet
Rublun məzənnəsinin kəskin ucuzlaşması Rusiyadan miqrantların axınını sürətləndirib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Artyom Kiryanov bildirib.
"Xarici işçilərin Rusiyadan axını həm də rublun zəifləməsi ilə bağlıdır, çünki bu, onlar üçün maaşların cəlbediciliyini azaldır", - deputat izah edib.
Son üç ayda milli valyuta demək olar ki, 20% dəyər itirib. Ötən gün dolların məzənnəsi 104 rublu, avro 109 rublu ötüb.
Miqrant axını səbəbindən ciddi işçi çatışmazlığı ilə üzləşən sahələrdən biri də tikinti sektorudur. Bu gün bu sahədə kadr çatışmazlığı 300 min nəfər olaraq qiymətləndirilir. Mütəxəssislər üçün şiddətli rəqabət şəraitində işəgötürənlər daha əlverişli iş şəraiti təklif etməyə başladılar. Nəticədə inşaatçılar və işçilər əmək haqqının artımı baxımından İT mütəxəssislərini qabaqlayıblar.
Əvvəllər ruslara 2025-ci ildə 100 min rubldan çox maaş vəd edilmişdi.
Bununla belə, əmək miqrantlarının Rusiyanı tərk etməsinin səbəbi heç də Kiryanovun dediyi maaş məsələsi deyil. Qastarbayterləri öz ölkələrində işsiz oturmaqdansa, Rusiyada ortabab maaşla işləməyə hazırdırlar. Məsələ ondadır ki, son bir ildə Rusiyada işləyən miqrantlarının hüquqları kobud şəkildə pozulur, onları zorla hərbi xidmətə, daha dəqiqi, müharibəyə aparır, əsassız cinayət işlərinə cəlb edir, məktəblərdə övladlarını bullinqə məruz qoyur, özlərini müxtəlif sahələrdə işləmək hüququndan məhrum edirlər.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ