İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı milyona banan

Deputatlardan Siyavuş müəllim parlamentdə büdcə müzakirəsi zamanı ölkəmizin böyük inkişaf yolu keçdiyini söylədi (artıq “yol” deyəndə adamın ağlına ilkin olaraq Santuş müəllimin hər uduzmadan sonra “biz düz yoldayıq” açıqlamaları gəlir; bu da belə bir aforizm yaratdı). Sitat: “Azərbaycan indi elə inkişaf səviyyəsindədir ki, Cənubi Qafqazın hansısa ölkəsi ilə müqayisə edilməməlidir. Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər”.

Açığı, mən analoqu olmayan inkişafı hansısa Şərqi Avropa ilə müqayisə etməyin də əleyhinəyəm və Siyavuş müəllimin müəyyən dərəcədə siyasi səhvə yol (yenə yol) verməsi qənaətindəyəm. Lakin deputatda səhv tutmaq bizə yaraşmaz. O qədər seçiciləri var... Gəlib bizi döyərlər. Aptekdə işçisini döyən müdir kimi.

Sözgəlişi, həmin videoya təəssüflə baxdım. İşçi müdiri özünün kök pişiyinə bənzədibmiş və müdir bundan qəzəblənibdir. Gedib qıza hücum edib, pişik yox, aslan olmasını isbat üçün. Biabırçılıqdır. Lakin ən biabırçısı belə qanunsuz, vəhşi hərəkətə susan orqanlardır. Mən bu cızmaqaranı edən müddətdə hələ də “pişik-aslanı” tutub içəri basmamışdılar. Allah bilir daha kimləri cırmaqlayırdı.

Qayıdaq inkişaf temasına və hesab edək Siyavuş müəllim haqlıdır. Ancaq eyni gündə iqtisadiyyat naziri Mikayıl müəllimin də açıqlaması vardı. Deyir adambaşına ÜDM (Ümumi Daxili Məhsul) 2019-cu ildə 4850 ABŞ dolları olub, 2024-ün axırına isə 7200 dollar gözlənilir.

Adambaşına ÜDM istehsalı məhz inkişaf göstəricilərindən, markerlərindən biridir. Şərqi Avropada bu göstərici necədir? Beynəlxalq təsnifatda Şərqi Avropa ölkələrini və hər birinin həmin ÜDM göstəricisini dollarla, qarşısında, mötərizədə yazıram: Belarus (7.888), Bolqarıstan (11.311), Macarıstan (18.527), Moldova (6.340), Polşa (22.000), Rusiya (13.650), Rumıniya (16.293), Slovakiya (19.344), Ukrayna (5.340), Çexiya (18.895).

Gördüyümüz kimi, bu dövlətlərdən yalnız Moldovadan və müharibənin dağıtdığı Ukraynadan yaxşı vəziyyətdəyik. Amma gopun şiddəti təkcə burada deyil ki?

Bu dəqiqə adambaşına ÜDM istehsalı Ermənistanda 8.168, Gürcüstanda isə 8.165 dollardır. Yuxarıda iqtisadiyyat nazirindən verdiyim sitatı xatırladıram: biz hələ bu ilin axırında 7.200 rəqəminə çatmağa cəhd edirik.

Yəni Siyavuş müəllim “Cənubi Qafqazla yox, Şərqi Avropa ilə müqayisə olunmalıyıq” derkən barıtı həddindən artıq etmişdir. Biz nə ora, nə bura ilə müqayisəyə yarayırıq.

Heç mən bu 7200-lük ÜDM-in də əsasən neft-qaz hesabına yarandığını burda yazmaq istəmirəm. Nəyimiz var, ona min şükür. Sadəcə, xalqı aldatmaq lazım deyil. Xüsusilə seçiciləri. Birdən onlar gələn dəfə Siyavuş müəllimə səs verməzlər, qanqaraçılıq olar. 

Ancaq sayın deputat “Göstərici təkcə ÜDM deyil” söyləsə razılaşaram. Doğrudan da bəzən biz inkişafımızı görmək istəmirik. Misal çəkəcəyəm, boş danışmaqdan xoşum gəlmir.

Azərbaycanda banan yetişmir, hamısını xaricdən alırıq. Dəfələrlə bu ayparaya oxşayan müqəddəs meyvənin daxili bazar qiyməti mediamızın gündəminə gəlmişdir. “Niyə banan bizdə hər yerdən bahadır” sualı az qala “Olum ya ölüm? Budur əsas məsələ” teması kimi əbədi aktualdır. Hətta bir ara kartofla yanaşı bananı da sayın şeyximizin monopoliyasına aid etmişdilər, o isə hirslənmişdi, demişdi kartof mənlik ola bilər, lakin bananın yiyəsi ayrı kişidir.

Uzun sözün qısası, biz bananı baha aldığımızı hesab edirik. Lakin İtaliyada Maurisio Katellan adlı adam var, divara skotçla bərkitdiyi 1 ədəd bananı 2019-cu ildə 150 min dollara satmışdı. Guya rəsm əsəridir. Sonra daha iki bananı hərəsi 150 mindən satdı.

Nəhayət, bugünlərdə, noyabr ayında Sotbi hərracında Katellanın növbəti bananı 6 milyon 200 min dollara satıldı. Bananı alan Çindən bir biznesmen idi, deyir bunu yemək fikrindəyəm.

Buyur. Biz də bananın 3-5 manata olmağına mırıldanırıq. Kilosunun!

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR