Onlayn ictimai-siyasi qəzet
Azərbaycan COP29-a ən layiqli şəkildə ev sahibliyi etdi. Noyabrın 11-dən etibarən dünyanın dörd bir yanından 80 dövlət və hökumət başçısı, 76 mindən çox iştirakçı COP29-da bir araya toplaşdı. Bakı Olimpiya Stadionuna daxil olarkən görülən işlərin miqyasının nə qədər nəhəng olduğu anlaşılırdı.
Hədəflər bəlli idi və bu hədəflərə çatmaq üçün məqsədyönlü fəaliyyət uğurla yekunlaşmalı idi. Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev COP29 ərəfəsində ölkəmizə qarşı qərəzli fikirlər səsləndirənlərə yüksək kürsüdən lazımi mesajları vermişdi...
13 gün ərzində (yekun plenar iclas noyabrın 24-ü səhər saatlarına qədər davam etdi) uzun dəhlizlər boyu, sayı-hesabı bilinməyən bağlı qapılar arxasında diplomatlar iqlim dəyişikliyinin təsirlərini növbəti illərdə az da olsa, azaltmaq üçün müzakirələr apardılar. Mətbuat üçün açıq olan plenar iclaslarda müzakirələr davam edir, qəbul edilən qərarlar açıqlanırdı...
COP29 sədrliyi başda olmaqla, dövlət qurumları, özəl təşkilatlar 1 il ərzində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün gərgin əmək sərf etmişdi. Bakı COP-undan gözləntilər həddən artıq çox idi. İllərlə açıq qalan məsələlərin 29-cu sessiyada həllini tapması, öncədən də məlum olduğu kimi, asan məsələ deyildi.
Demək olar ki, ən kritik gün son gün, noyabrın 23-ü oldu. Ayın 22-si səhər saatlarından başlanan son danışıqlarda qəbul olunan yekun qərarlar gecəyarısı elan olundu. Son plenar iclas demək olar ki, 1 sutka davam etdi. İclas başlamadan öncə COP sədrliyinin, BMT rəsmilərinin, nümayəndəliklərin gərgin olduğu aydın sezilirdi. Prezident Muxtar Babayev yekun qərarları açıqladıqca zalda gərginlik artırdı. COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin zalda bir neçə ölkənin nümayəndəsi ilə bəzi dəqiqləşdirmələr aparması da diqqətimizdən yayınmadı. Nəhayət, yekun qərarlar açıqlanmağa başladı. 10 ildir ki, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı danışıqlar davam edir. COP29 sədrliyi danışıqların Bakıda yekunlaşmasına nail oldu. 6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. Bu sayədə milli iqlim planlarının (NDC) icra məsrəflərinin illik 250 milyard ABŞ dolları həcmində azalacağı gözlənilir. Yekun plenar iclasda bu qərar açıqlandıqdan sonra iclas zalındakı alqış sədaları əldə olunan nailiyyətlərin ilk sədaları idi. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu nailiyyəti iqlim diplomatiyasının ən mürəkkəb və texniki məsələlərindən biri kimi dəyərləndirib.
COP29-da ikinci ən mühüm nailiyyət İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbul olunmasıdır. Bu da açıq qalan məsələlərdən biri idi. Bakıda İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu. Hazırda fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 731,15 milyon ABŞ dollarından artıqdır.
Və nəhayət, ən mühüm məsələ, COP29-dan əsas gözləntilərdən biri iqlim maliyyəsi ilə bağlı qərarın qəbul edilməsi idi. COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi. Bu, həm də ona görə əhəmiyyətli idi ki, əvvəlki rəqəm 100 milyard ABŞ dolları idi.
Bununla da bitmir. Bakıda keçirilən COP29 zamanı milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı (Aİ) və 25-ə yaxın ölkə kömürlə işləyən istilik elektrik stansiyaları (İES) tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb. COP29 çərçivəsində müvafiq sazişin bağlandığı barədə bəyanat təqdim olunub. Sazişi Kanada, Böyük Britaniya və Almaniya imzalayıb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan, eləcə də ABŞ isə indiyədək bu sənədə etinasız yanaşırlar.
Xatırladaq ki, mədən yanacaqlarının istehlakının və istehsalının azaldılmasını nəzərdə tutan saziş layihəsi COP28-də hazırlanıb. Məqsəd 2050-ci ilə qədər karbon neytrallığına nail olmaqdır.
Bütün bu qərarlar saatlarla, günlərlə davam edən diplomatik danışıqların nəticəsidir. Prosesin ən gərgin mərhələsində iştirak edərkən COP-ların ən diqqətçəkən məqamını öz gözlərimizlə gördük. İqlim dəyişikliklərinə görə ən çox məsuliyyət daşıyan ölkələr maliyyə öhdəliyi götürmək istəmirlər. Bu isə inkişaf etməkdə olan, ən az inkişaf etmiş, həssas ölkələri çox narahat edir və onlar haqlı etiraz bildirirdilər. Avropa İttifaqı və ABŞ isə COP29-dan öncə də, COP29 müddətində də qərəzli kampaniya apardı. Gündəm iqlimlə bağlı mövzular olmalı ikən, insan hüquqları və s. mövzulara diqqət çəkməyə cəhd edənlər oldu. COP29-un qlobal qarşıdurmalar və geosiyasi gərginliklər fonunda keçirildiyini nəzərə alsaq, nailiyyətlərin asan əldə edilmədiyi aydın olur. COP Sədrliyi isə əsassız ittihamlara tutarlı cavab verməyi bacardı. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra Azərbaycanın xarici siyasətinin ən böyük uğurudur. Eyni zamanda Azərbaycana qarşı qərəzli kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Prezident İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi səciyyələndirib: “Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.
Prezident əlavə edib: “Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.
COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un yekun plenar sessiyasında bildirib ki, COP29 sədrlik fəaliyyəti il ərzində davam edəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcək.
“Biz hamıya yeni milli səviyyədə müəyyən edilmiş töhfələrini fevrala qədər təqdim etməyi tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik. Gəlin, birlikdə irəliləyək və yaşıl dünya naminə həmrəyliyimizi nümayiş etdirək”...
Beləliklə, Azərbaycan növbəti dəfə dünyaya gücünü göstərdi, təşkilatçılığa görə müsbət rəylər almağın qürurunu yaşadı.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ