Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov parlamentdəki büdcə müzakirələrində çıxış edib.
Musavat.com-un məlumatına görə, komitə sədri qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi tarixi günlərə təsadüf edir.
“Bu günlərdə Azərbaycana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP 29) ev sahibliyi ermək şərəfi nəsib oldu. Hamımız bu tədbirin iştirakçısı olduq. Dünyanın ayrı-ayrı ölkələrindən 80 minə qədər insan, o cümlədən 80 ölkənin dövlət və hökumət başçıları Bakını ziyarət etdi, Azərbaycanın uğurlarının şahidi oldu. Bəlkə də Bakıya gələnə qədər qonaqlarımız aşağıdakı suallara cavab tapmaqda çətinlik çəkirdilər: Azərbaycan 44 günlük Vətən müharibəsinin qalibi necə oldu? Düşmən nə üçün danışıqsız təslim oldu? Ermənistana havadarlıq edən dövlətlər nə üçün məyus oldular? Bu uğurların sirri xalq və iqtidarın dəmir yumruğ kimi birləşməsində, güclü iqtisadiyyatın yaradılmasında, problemin tarixiliyinin dünyaya çatdırılmasında, ən müasir silahlara malik ordunun təşkilindədir. Bütün bu uğurların başında Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları durur”, - deputat bildirib.
Anar İsgəndərov qeyd edib ki, Azərbaycanın uğurlarını həzm edə bilməyənlər növbəti dəfə qarayaxma və böhtan kampaniyasına başladılar, amma heç bir nəticəsi olmadı:
“Çünki Azərbaycan haqq yolundadır, onu bu yoldan heç bir qüvvə döndərə bilməz. 2024-cü il həm də prezident və parlament seçkiləri ili oldu. Müstəqil Azərbaycan öz tarixində ilk dəfə suveren ərazisində hər iki seçkini uğurla keçirdi. 2025-ci ilin dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının andiçmə mərasimində irəli sürdüyü müddəalar öz əksini tapıb. Bu ilin büdcəsində insanların rifahının daha da yaxşılaşdırılması öz əksini tapıb. İdeal büdcə olmur, amma dövlətin və xalqın maraqlarını özündə ehtiva edən, gələcəyə ümidləri artıran büdcələr təqdirolunandır”.
Komitə sədri bildirib ki, 2025-ci il üzrə təhsil xərclərinə 4946,1 milyon manat vəsait proqnozlaşdırılır:
“Bu rəqəm 2024-cü illə müqayisədə 395,7 milyon manat, 2023-cü ilin icrası ilə müqayisədə isə 821,2 milyon manat çoxdur. Bu məbləğin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12 faizdir. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2347,6 milyon manatı ümumi təhsil xərclərinə, 750,7 milyon manatı ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 467,5 milyon manatı məktəbəqədər təhsil xərclərinə, 104,9 milyon manatı və orta ixtisas təhsili xərclərinə, 82,2 milyon manatı peşə təhsili xərclərinə, 85,7 milyon manatı məktəbdənkənar təhsil müəssisələrinin ( idman məktəbləri və s.) xərclərinə, 28,3 milyon manatı əlavə təhsil və tətbiqi tədqiqatlara, 1079,3 milyon manatı təhsil sahəsində diğər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldilməsi üçün nəzərdə tutulub.
2022-2026-cı illər ərzində 137 min nəfər müəllimin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması təmin olunacaq. Bu məqsəd üçün 2025-ci ilin dövlət büdcəsi layihəsində 154,4 milyon manat vəsait nəzərdə tutulub. Sertifikasiya imtahanlarında əsas məqsəd müəllim nüfuzunu qaldırmağa və savad baxımından tələbləri ödəyə bilməyənlərin məktəbdən uzaqlaşdırılmasına xidmət edir.
2025-ci ildə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kteditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsində 8,0 milyon manat nəzərdə tutulub. Bu barədə bir neçə cümlə demək istəyirəm. Sadə düstur bundan ibarətdir: ödənişi ödəyə bilməyən tələbəyə kredit verilməlidir. Çünki müraciət edənlərin əksəriyyəti ehtiyacı olanlardır”.
Anar İsgəndərov qeyd edib ki, 2025-ci tədris ilində 5 yaşlı 88,0 min nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümümtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərə 37,7 milyon manat ayrılıb:
“Ümümtəhsil məktəblərində oxuyan şagirdlərin 2025/2026-cı tədris ilində 300-dən çox adda təqribən 7,7 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 21,5 milyon manat ayrılıb. Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəsssisin kənd, rayonlarda işə cəlb olunması üçün yol xərci,əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik ödənilmək üçün 12,6 milyon manat nəzərdə tutulub. Pedaqoji təhsilli gənclərin kəndlərə getməsi üçün təkcə təbliğat kifayət etmir, diqqəti cəlb edən güzəştlərə ehtiyac var. 2024/2025-ci tədris ilindən fəaliyyətə başlayan və mühəndislik, tibb ixtisasları olmaqla, 440 nəfər (tibb üzrə 160 nəfər, mühəndislik üzrə 280 nəfər) tələbənin təhsil alacağı Azərbaycan-Türkiyə birgə universitetinin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 10,0 milyon manat nəzərdə tutulub. Qarabağ Universitetində 6 istiqamət və 27 ixtisas üzrə 1300-dək tələbənin, növbəti 2025-2026-cı tədris ilindən etibarən isə 2500-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır. Qarabağ Universitetinin fəaliyyətinin 2025-ci ildə təmin edilməsi məqsədilə 17,0 milyon manat nəzərdə tutulub”.
Komitə sədri əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 244,4 milyon manat nəzərdə tutulur:
“Cari ildə Azərbaycan Milli Ensiklopediyası üçün 3,0 milyon manat, Azərbaycan Elm Fondu üçün 4,1 milyon nəzərdə tutulub. Əldə olunan uğurlarla yanaşı, bir neçə tövsiyəni hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm. Təhsil insan həyatında yeganə sahədir ki, bütün cəmiyyəti əhatə edir, təhsil hər evdə var və hər bir ailə təhsillə bağlı baş verənlərin şahidi olur.
1. Hər il dağlıq rayonlarda şagirdlərin sayı azalır. Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir. Bununla bağlı köklü qərarlar qəbul etməyə ehtiyac var.
2. Təhsil Tələbə Krediti Fondu ehtiyacı olan hər bir tələbəyə kredit vermək üçün müəyyən dəyişikliklər etməlidir.
3. Pedaqoji təhsilli gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblər aradan qaldırılmalıdır.
4. Müəllimlərin sertifikasiyası müəllim nüfuzunu qaldırmağa, savadlı müəllim problemini həyata keçirməyə xidmət edir. Bu istiqamətdə şəffaflığın daha da artırılmasına diqqət yetirmək lazımdır.
5. Hər il kifayət qədər məktəb və bağça tikilir və təmir olunur. Bu istiqamətdə büdcənin artırılmasına ehtiyac var”.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ