Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Buxarestdə Xəzər dənizi-Qara dəniz-Avropa İttifaqı “Yaşıl Enerji Dəhlizi”nin yaradılmasına dair memorandum imzaladıqdan sonra Mərkəzi Asiya respublikalarının da qoşulacağını bildirmişdim. Çox keçmədən bu fikirlər təsdiqini tapdı. Bu ona görə gözlənilən idi ki, Mərkəzi Asiya respublikaları kifayət qədər alternativ enerji mənbələrinə sahibdirlər. Qazaxıstan və Özbəkistanın ərazisi Azərbaycan ərazisindən nə az, nə çox 34-35 dəfə böyükdür. Günəşli günlərin sayına görə də heç də Azərbaycandan geri qalmır”.
Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.
Sazişin qeyri-müəyyən müddətə imzalanma səbəbini isə E.Əmirov belə izah edib:
“Digər enerji növlərindən fərqli olaraq, adından da göründüyü kimi, bərpaolunan enerji bərpa edilir. Onun bərpa edilmə müddəti günəşin ömrü qədərdir. Bu, istər külək, istər günəş, istərsə də digərlərinə aiddir. Bu baxımdan müqavilənin müddətsiz olması başadüşüləndir. Digər səbəb isə ölkələrin bir-birinə olan etimadıdır. Bu, “Türk Dövlətləri Birliyi” konseptinin prosesə təzahür etməsidir. Qara dənizin dibi ilə 1195 kilometr uzunluğunda kabel xətti çəkilirsə, dərinliyinə və məsafəsinə görə Xəzərdən kifayət qədər böyükdür. Xəzərin dibi ilə də belə kabelin çəkilməsi mümkündür. Bununla Orta Asiya resursları, yəni elektrik enerjisi Azərbaycana gələ biləcək. Hesab edirəm ki, bu sazişə qoşulan tərəfdaşların sayı artacaq və bu, davamlı olacaq. Bu, Azərbaycana təkcə valyuta gəlirləri formasında geridönüş etməyəcək, eyni zamanda ölkəmizin Avropa və Asiya arasında körpü, strateji tərədaş rolunu daha da gücləndirəcək”.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş” imzalanacaq.
Nazir qeyd edib ki, Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir:
“Qərargahı Bakıda olmaqla, layihə üzrə Birgə Müəssisənin yaradılması qarşıda duran vəzifələrdəndir. Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması COP-a olan planlarımız sırasındadır”.
Pərviz Şahbazov vurğulayıb ki, praktiki cəhətdən “Xəzər-Qara dəniz-Avropa “Yaşıl Enerji Dəhlizi”nin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur. Saziş layihəsində tərəflərin Avropaya və digər regionlara “təmiz enerji” tədarükünün təşkili, yeni texnologiyaların tətbiqi və enerji səmərəliliyi, eləcə də enerji qənaəti xidmətlərinin inkişafı sahəsində əməkdaşlıq niyyətləri öz əksini tapıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ