Onlayn ictimai-siyasi qəzet
Bakı Məhkəmə Kompleksində Ermənistan vətəndaşı Ruben Vardanyannın məhkəməsi davam edir. O, Qarabağda törədilən qanlı müharibə cinayətlərində ittiham olunur.
Musavat.com xəbər verir ki, 9 aya yaxındır davam edən məhkəmə prosesində müttəhim Vardanyan susmaq hüququndan istifadə edir. Ötən gün, sentyabrın 16-da keçirilən prosesdə isə Ruben Vardanyan sükutu pozub. Milyarder iş adamı sensasiya kateqoriyasına aid vəsatət qaldırıb, Ermənistanın baş naziri Nikol Paşinyanın şahid qismində dindirilməsini tələb edib. Bu iddia ictimaiyyət üçün sensasiya təsiri bağışlasa da, hüquqi və siyasi aspektdən bir sıra məqamların izahına ehtiyac var.
Onun bu istəyini gerçəkləşdirmək mümkün olacaqmı? Nikol Paşinyan Bakıya gəlib şahid qismində olsa belə, ifadə verə bilərmi?
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Ruben Vardanyanın məhkəmə zalında qaldırdığı məsələ, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanda şahid qismində ifadə verməsi tələbi ilk baxışdan sensasiyalı səslənsə də, əslində hüquqi yox, siyasi xarakter daşıyır: “Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin indiki durumunda Paşinyanın Bakıya gələrək Azərbaycan məhkəməsi qarşısında ifadə verməsi reallıqda mümkünsüzdür. Çünki bu, nə siyasi mühitə, nə diplomatik normalara, nə də iki ölkə arasında mövcud olan münasibətlərə sığır. İkincisi, Vardanyanın bu tələbi məhkəmə prosesinin hüquqi mahiyyətindən daha çox, informasiya savaşının tərkib hissəsidir. O, Paşinyanı prosesə cəlb etməklə Ermənistan cəmiyyətinə və beynəlxalq auditoriyaya mesaj vermək istəyir ki, onu bu vəziyyətə salan Paşinyandır, onun günahı yoxdur. Yəni ittiham kürsüsündə oturan milyarder iş adamı özünü qurban, Paşinyanı isə siyasi sifarişçi kimi göstərmək niyyətindədir. Üçüncüsü, bu cür vəsatətlər hüquqi prosedurlar baxımından da real icra imkanı daşımır. Azərbaycanın məhkəmə orqanlarının Ermənistanın baş nazirinə çağırış göndərməsi, bunun qəbul edilməsi və icra olunması yalnız formal addım ola bilər. Praktik nəticəsi olmayacaq”.
Siyasi şərhçi deyib ki, Ruben Vardanyanın tələbi həm də Ermənistanda gedən daxili siyasi savaşların davamı kimi qiymətləndirilməlidir:
“Nikol Paşinyan cəmiyyətin bir hissəsi tərəfindən Qarabağdakı ermənilərin taleyində əsas günahkar kimi təqdim olunur. Ruben Vardanyan isə məhkəmə zalından istifadə edərək bu iddianı bir daha gücləndirməyə çalışır. Vardanyanın vəsatəti siyasi manipulyasiya və informasiya hücumunu ehtiva edən gedişdir. Onun icrası Ermənistan-Azərbaycan münasibətlərinin indiki mərhələsində nə diplomatik, nə hüquqi, nə də praktiki olaraq mümkün deyil. Ruben Vardanyan da bunu bilir və və qeyd olunan məqsədlərə çatmaq üçün belə bir tələblə çıxış edir. Əslində isə Ruben Vardanyanı məhkəmə kürsüsünə gətirən elə onun özüdür. Rusiyada iş-gücünü qoyub o zaman işğal altında olan əzəli Azərbaycan torpaqlarına gəlməsi, oradakı separatçı qüvvələrin başına keçməsi ilə bu günki statusunu seçib. Ruben Vardanyan özünün siyasi avantürasının qurbanıdır”.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov məsələni şərh edərkən bildirir ki, dövlət başçıları və hökumət rəhbərlərinin xüsusi toxunulmazlıq statusu mövcuddur: “Paşinyanın Azərbaycana gələrək məhkəmə zalında ifadə verməsi praktiki olaraq mümkünsüzdür. Çünki bu, iki ölkə arasında diplomatik münasibətlərin olmadığı, dərin etimadsızlığın hökm sürdüyü şəraitdə yeni siyasi böhran doğurar. Hətta beynəlxalq hüququn müəyyən normaları belə, dövlət başçılarını və hökumət rəhbərlərini bu cür məcburi çağırışlardan qoruyur”.
Natiq Ələsgərov bildirir ki, müasir texnologiyalar məhkəmə prosesində yeni imkanlar yaradıb. Dünyada çoxsaylı presedentlər mövcuddur ki, şahidlər, hətta bəzi yüksək vəzifəli şəxslər videokonfrans vasitəsilə ifadə veriblər:
“Bu metod həm BMT tribunalarında, həm də müxtəlif beynəlxalq cinayət məhkəmələrində tətbiq edilib. Texniki baxımdan Paşinyanın İrəvandan onlayn rejimdə məhkəməyə qoşulması mümkündür. Amma bunun üçün Ermənistan tərəfinin rəsmi razılığı olmalıdır. Azərbaycanla Ermənistan arasında hüquqi əməkdaşlıq sazişləri yoxdur. Deməli, belə bir prosesin reallaşması yalnız nəzəri müstəvidə mümkündür, praktik reallıqda isə qeyri-icra olunandır”.
Natiq Ələsgərov deyib ki, qaldırılan vəsatətin arxasında Ruben Vardanyanın müdafiə strategiyası dayanır: “O, Nikol Paşinyanı prosesə cəlb etməklə onu günahkar kimi tanıtmaq istəyir. Yəni ittiham kürsüsündə oturan sabiq “dövlət naziri” özünü qurban, Paşinyanı isə müttəhim kimi təqdim etməyə çalışır. Azərbaycan məhkəməsi formal olaraq bu vəsatəti araşdıra bilər, amma icra imkanları yoxdur. Ermənistanın hazırkı baş nazirinin, istər fiziki, istərsə də onlayn şəkildə Bakının məhkəməsinə qatılması reallıqda gözlənilmir. Ruben Vardanyanın vəsatəti hüquqi baxımdan mübahisəli, siyasi baxımdan isə qeyri-mümkün gedişdir. Texnologiyalar buna imkan versə də, Ermənistan-Azərbaycan münasibətlərinin indiki mərhələsi və Paşinyanın siyasi mövqeyi bu prosesi sıfır ehtimallı edir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ