İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaşıl dünya naminə həmrəylik ili”-Prezident sərəncamının hədəfləri

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin Administrasiyası 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb  Prezidentə təqdim etməlidir.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Vüqar Kərimov: Kürboyu ərazilərdə seyrəlmiş və məhv olmuş meşələr mərhələli  şəkildə bərpa olunur - AZƏRTAC

Vüqar Kərimov

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mətbuata açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-la bağlı təkliflər hazırlayır. Onun sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük məsuliyyətdir: "Prezident İlham Əliyevin yanında bununla bağlı ilk təşkilati iclas oldu, müvafiq tapşırıqlar verildi. Bununla bağlı növbəti dövrdə təşkilat komitəsi də yaranacaq. Bildiyiniz kimi, COP28-də 112 min adam qeydiyyatdan keçib, 85 min adamın iştirakı təsdiqlənib. Bakıda da ən azından 25-30 min adamın eyni gündə iştirakı gözlənilir. Həmin adamların qonaqlanması, onların daşınması, tədbir proqramının hazırlanması, ümumiyyətlə, Bakının bu tədbirə hazırlanması ilə bağlı böyük işlər görülür. Əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən təşkilat komitəsi təsdiq edildikdən sonra tədbirlər və tapşırıqlar daha aydın olacaq. Hazırda isə hər bir dövlət qurumuna öz üzərlərinə düşəcək öhdəlikləri yerinə yetirmələri üçün öz təkliflərini hazırlamaq tapşırılıb. Biz də Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq təkliflərimizi hazırlayırıq”.

Millət vəkili - Azər Badamov

Azər Badamov

Millət vəkili Azər Badamov mövzunu Musavat.com-a belə şərh etdi: “Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələrin sırasındadır. İki il əvvəl qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə ölkəmiz 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 30%-ni bərpa olunan enerji ilə əvəz olunması ilə bağlı könüllü öhdəlik götürüb. Üç il əvvəl ölkə başçımız işğaldan azad olunmuş əraziləri yaşıl zona adlandırılmış, bu ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. O cümlədən bərpaolunan enerji sahəsində təcrübəli, dünyanın aparıcı şirkətləri olan Aqvapower və Masdarla sazişlər imzalanmış, günəş və külək enerjisi stansiyalarının tikilməsi ilə bağlı sənədlər təsdiq olunub.  Bu il Masdar şirkətinin investisiyası ilə   230 meqavat gücündə  Qaradağ günəş enerjisi stansiyası tikilərək istifadəyə verilib. Ümumiyyətlə ölkəmizin bərpaolunan enerji potensialı 200 Qiqavat olduğunu dəyərləndilib. Azərbaycan dövləti bu potensialın realizə olunması istiqamətində ciddi addımlar atır və yaxın gələcəkdə bərpa olunan enerjisini  və yaşıl hidrogeni Qara dənizin dibi vasitəsilə Avropaya ixrac olunmasını həyata keçirəcəkdir. Bu, həm də enerji istehsalında istifadə olunan qaza qənaet olunmasına yol açacaq  və Avropaya ixrac imkanlarımızı genişləndirəcəkdir. Avropa Azərbaycandan daha çox təbii qaz aldıqca elektrik enerjisinin  istehsalı üçün istifadə olunan kömürün yandırılmasını azaldacaq və atmosferə atlılan istilik effektli qazların azalmasına töhfə verəcəkdir. Beləliklə Azərbaycan iqlim dəyişikliklərə qarşı mübarizəyə öz töhfələrini verməkdə davam edir. Dubayda keçirilən COP28 beynəlxalq konfransında 2024-cü ildə COP 29 tədbirinə Azərbaycanaınev sahibliyi təsdiq edilib. Dünya birliyinin  bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında  ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır.O cümlədən dövlət başçımız 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il  ərzində bu sahədə fəaliyyətimizin genişləndirəcəyimizdən xəbər verir. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərinə davam etdirir.Gələn ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə  çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Azərbaycan ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə keçirərək  yeniliklər gətirib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir”.

Deputat Əli Məsimli Prezidentə məktub yazdı

Əli Məsimli

Millət Məclisin deputatı Əli Məsimli quraqlığın təbii fəlakət hadisələri sırasına daxil edilməsini təklif edib. Deputat bu barədə parlamentin plenar iclası zamanı bildirib. Onun sözlərinə görə, Azərbayanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə ətraf mühitin qorunması istiqamətində görüləcək işlər xeyli dərəcədə  intensivləşəcək. Ə.Məsimli bildirib ki, bu, yeni qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımların atılmasını şərtləndirəcək: “Azərbaycan üçün aktual məsələlər içərisində su ehtiyatlarından səmərəli etmək, eləcə də ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması üçün suvarma sisteminin yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir”.

Deputat vurğulayıb ki, quraqlıq məsələsi də əsas problemlərdəndir: “Quraqlıq başqa təbii fəlakətlərlə müqayisədə daha böyük ziyan vurur. Nəticədə elə hallar olur ki, sahibkarlar nəinki təsərrüfatdan gəlir götürmür, hətta investisiyalrını belə itirirlər. Hətta müflis olmaq təhlükəsi qarşısında qalırlar. Təklif edirik ki, sel və digər təbii fəlakət hadisələri kimi quraqlıq da bu siyahıya daxil edilsin. Bu səbəbdən qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliyin edilməsinə ehtiyac var”. 

Qorxmaz İbrahimli: "Azərbaycan COP28-də qurulmuş pavilyonu vasitəsilə  lazımi hədəflərə nail olacaq"

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Musavat.com-a şərhində bildirdi ki, Azərbaycanda 2024- cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi örnək addımdır. Q. İbrahimli hesab edir ki, iqlim dəyişikliklərinin sürətləndiyi bir zamanda, karbohidrogen enerjilərinə malik dövlət olmasına baxmayaraq, Azərbaycan yaşıl enerjiyə üstünlük verirsə, bu ölkəmiz üçün təqdirolunandır: “Hesab edirəm ki, 2024-cü ildə Azərbaycan hökuməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə önəmli addımlar atacağına inanıram. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi dərsliklərdə yaşıl enerjiyə dair mövzular keçici olaraq deyil, qalıcı olaraq əks olunsun çünki yaşıl dünyaya əsas töhvə verəcək insanlar məktəblərdə yetişirlər. Onlar gələcəkdə dövlət üçün böyük dəstək göstərəcək və mənfəət gətirəcəklər”.

Q.İbrahimli COP 29-un Azərbaycanda keçirilməsinin önəmli hadisə olduğunu, ölkəmizin ciddi hazırlaşdığını vurğuladı: “İstər maddi-texniki imkanlarımız, istərsə də digər resurslarımız Azərbaycanın bu tədbirin öhdəsindən layiqincə gəlməsinə imkan verir.  O ki qaldı Azərbaycanın enerji resurslarına, Azərbaycanda daha çox günəş və külək enerjisi var. Dağ çaylarımız da güclüdür. Azərbaycan bu enerji növlərindən faydalanacaqsa, ixrac edəcəksə, bəlkə də nüvə enerjisinə ehtiyacımız qalmayacaq. Bundan başqa enerji yaradan növlər var. Lakin bəziləri karbon dioksidin artmasına səbəb olur. Azərbaycan sırf ətraf mühitə zərər vurmamaq üçün bunlardan istifadə etmir”.

İqtisadçı-ekspert: Litva Prezidenti Azərbaycanı getdikcə böyüyən iqtisadi  güc kimi dəyərləndirir - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini çox yüksək dəyərləndirir. O, vurğulayıb ki, “yaşıl” ifadəsinin geniş anlamda açıqlaması “Ekologiyaya zərər vurmayan” mənasını daşıyır: “Bu konteksdə yaşıl iqtisadiyyat, yaşıl enerji, alternativ enerji anlayışları günümüzün trendinə çevrilib. Böyük ehtimal ki, qarşıdakı ildə ekologiyaya və alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılmasına cavabdeh qurumlar üçün ciddi əmək tutumlu il olacaqdır. Mətbuatda isə daha çox “yaşıl enerji” və “alternativ enerji” başlıqlı yazılar və xəbərlər üstünlük təşkil edəcəkdir. Buna görə də burada iki məqama diqqət çəkmək istərdim. Bunlardan biri yaşıl enerjinin növləri, ikincisi potensialın qiymətləndirilməsilə bağlıdır. Belə ki, yaşıl enerji əsasən Günəş, Külək, Hidroenerji, Geotermal, Bioenerji, Dalğa və Hidrogen enerjisi olmaqla əsasən 7 kateqoriyaya bölünür. Onların potensialı isə 4 kateqoriya üzrə qiymətləndirilir. Resurs potensialı, Texniki potensial, İqtisadi potensial, Bazar potensialı. Bu 4 potensialın hər biri özündən əvvəlki ilə müqayisədə daha aşağıdır. Buna görə də bu potensiallar haqqında danışanda onları qarışdırmaq olmaz. Yaxşı olardı ki, potensial dedikdə hansı potensialdan bəhs olunduğu vurğulansın”.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR