Onlayn ictimai-siyasi qəzet
Cəmi bir neçə gün əvvəl Dmitri Kozakın rəhbərlik etdiyi departamentin keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycandakı siyasətinin iflası haqda yazı dərc edilmişdi
Rusiya Prezident Administrasiyası rəhbərinin postsovet məkanı üzrə kuratoru kimi tanınan Dmitri Kozakın gözlənilməz istefası ətrafında müzakirələr davam edir. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kozak könüllü olaraq istefa verib. Amma prezidentin müvafiq fərman hələ dərc edilməyib.
Dmitri Kozak 2022-ci ilin fevralında keçirilən Rusiya Təhlükəsizlik Şurasının iclasında Ukraynaya müdaxiləyə qarşı çıxan məmur kimi də tanınır. "The New York Times"ın mənbələrinə görə, o, hazırda da hərbi əməliyyatların davam etməsinə qarşı mövqeyini qoruyur və 2023-cü ildə sülh danışıqlarına başlamağı təklif edib.
1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində anadan olan Kozak Putinin də təhsil aldığı Leninqrad Dövlət Universitetində oxuyub. 1980-ci illərin sonunda Leninqrad prokurorluğunda işləyib, 1990-cı illərin əvvəllərində isə mer Anatoli Sobçakın dəvəti ilə Sankt-Peterburq administrasiyasına keçib. 1998-ci ildə Sankt-Peterburqun vitse-qubernatoru vəzifəsində çalışıb.
1999-cu ildə Putin Rusiyanın baş naziri təyin olunanda Kozak hökumət aparatı rəhbərinin birinci müavini, sonra isə aparat rəhbəri olub. Putinin prezident seçilməsindən sonra Kozak Prezident Administrasiyası rəhbərinin müavini, daha sonra Prezident Aparatı rəhbərinin birinci müavini olub. 2000 və 2004-cü illərdə hökumət aparatının rəhbəri vəzifəsində çalışıb.
2004-cü ildə Kozak Cənub Federal Dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi, 2007-2008-ci illərdə regional inkişaf naziri, 2008-ci ildə baş nazirin müavini olub, daha sonra Prezident Administrasiyasına qayıdıb. Kozak iki departamentin işinə nəzarət edirdi. Onun vəzifələrinə Ukrayna da daxil olmaqla, postsovet ölkələri ilə bağlı siyasət daxil idi.
Avqustun sonunda Kozakın rəhbərlik etdiyi şöbələrinin ləğv edildiyi, PA-nın digər müavini Sergey Kiriyenkonun rəhbərliyi ilə yeni strateji tərəfdaşlıq və əməkdaşlıq şöbəsi yaradıldığı bildirilib.
Maraqlıdır ki, Kozakın istefasından bir neçə gün əvvəl “The Insider” nəşrində (Rusiya Ədliyyə Nazirliyi “The Insider”i 2021-ci ildən xarici agent kimi tanıyıb) keçmiş SSRİ ölkələrində, o cümlədən Azərbaycanda Kremlin “yumşaq güc” siyasətinin iflasa uğradığı, ayrılan pulların havaya sovrulduğu və ya mənimsənildiyi haqda geniş yazı dərc edilib.
Yazıda qeyd olunur ki, Ukraynada “narıncı inqilab”ın qələbəsindən bir il sonra Kreml keçmiş sovet respublikalarında Rusiyaya sadiq siyasətçilərin və siyasi partiyalarla əlaqələr quracaq şöbənin(departamentin) yaradılması barədə göstəriş verilib. Departament Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr, o cümlədən qondarma Abxaziya və Cənubi Osetiyada təbliğat işi aparmaq tapşırılıb.
Yazıda bildirilir ki, Dmitri Kozak qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi.
“The Insider” departamentin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edib: “Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün “yumşaq güc” alətinin yaradılmasına kömək edərdi. QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, Kütləvi İnformasiya Vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır”.
Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The Insider”ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: “Azərbaycanla “dostluğa” yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi”.
“The Insider”in araşdırmasında Kozakın rəhbərlik etdiyi departamentin adının mənimsəmələrdə hallanmasının bu istefa ilə əlaqəsi olub-olmaması bəlli deyil.
Kremlə yaxın mediada Kozakın son vaxtlar fəaliyyətinin formal xarakter daşıdığı haqda yazılar dərc edilib. Kozakın Kremlin ona tapşırdığı bir çox mühüm vəzifələri icra edə bilməyib.
Yeri gəlmişkən, Kozak 2017-ci ilin iyununda “Formula 1” üzrə Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gəlmişdi. Prezident İlham Əliyevin 60 illik yubileyində təbrik məktubu göndərınlər sırasında Kozak da vardı.
Rusiya mediası yazır ki, Kozaka bu dəfə də Şimal-Qərb Federal Dairəsində prezidentin tam səlahiyyətli nümayəndəsi postu təklif oluna bilər.
Musavat.com
19 Sentyabr 2025
18 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ