Onlayn ictimai-siyasi qəzet
Yaponiya Ordunun Təchizat və Maddi-Texniki Təminat Agentliyi (ATLA) tərəfindən hipersəs raketlərinə qarşı hazırlanmış ən son rels topunun prototipinə dair fotoşəkil yayımlayıb.
Musavat.com “Techcult”a istinadən xəbər verir ki, Yaponiyada rels topunun hazırlanması işlərinə 2016-cı ildən başlanılıb və bu layihə hipersəs raketlərinə və digər yüksək sürətli zərbə vasitələrinə qarşı mübarizə strategiyasının bir hissəsidir.
Layihənin detalları ciddi şəkildə gizli saxlanılır. Bununla belə, məlumdur ki, rels topunun sonuncu prototipi Yaponiya Özünümüdafiə Donanmasının “JS Asuka” gəmisində sınaqdan keçirilib.
Rels topu 40 mm-lik, çəkisi 320 qram olan mərmi ilə atəş açıb. Uçuş sürəti — 6,5 Maxa çatıb. Hər atəş üçün təxminən 5 meqacoul enerji sərf olunub və bu göstəricinin gələcəkdə 20 meqacoula çatdırılması planlaşdırılır.
Qeyd edək ki, ABŞ da daxil olmaqla bir sıra ölkələrdə fəaliyyət göstərən rels topu hazırlama cəhdləri uğursuzluqla nəticələnib. Bu uğursuzluqların əsas səbəblərindən biri — atəş zamanı yaranan istiliyin sovrulması və sistemin kiçildilərək gəmilər və digər kompakt döyüş platformalarında yerləşdirilməsini mümkün edən enerji təchizatı sisteminin yaradılmasındakı çatışmazlıqlardır.
Hipersəs raketlərinə qarşı effektiv mübarizə aparmaq üçün yapon mühəndislər sıfırdan “ağıllı” mərmilər yaratmalıdırlar. Bu mərmilər real vaxt rejimində hədəfi izləyərək ona istiqamətlənməli və manevr etməlidir. Bu isə yeni nəsil idarəetmə sisteminin hazırlanmasını tələb edir. Belə mərmilərin bort elektronikası isə 30 000 g-ə qədər olan çox böyük yüklənmələrə davam gətirəcək səviyyədə olmalıdır.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ