İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanmış tut ağacı

 

“Bir zaman o, bir alov görmüş və ailəsinə belə demişdi: ”Siz (burada) qalın! Mən bir alov gördüm. Bəlkə mən ondan sizə bir məşəl gətirər, yaxud alovun yanında bir bələdçi taparam".

(“Quran”, “Taha” surəsi)

Dünən günorta radələrində mobil telefonuma aşağıdakı (bəzən biz belə yazırıq, söhbət gedir yuxarı çıxır, oxucular çaşır) mesaj gəlmişdir: “7 fevral 2024-cü il Prezident seçkiləri günüdür! Səsvermə hüququmuzdan istifadə edək! AR MSK”. Doğrudur, cümlədə milli əlifbamızın ə hərfi e ilə, ü hərfi u ilə əvəz edilmişdi, ancaq bunlar texniki məsələdir, hadisənin əhəmiyyətini azaltmır. Şəxsən mən burada Məzahir müəllimin idarəsinin (güman edirəm AR MSK qısaltması altında başqa mesaj yatmır) hər hansı günahını görmürəm. 

Sevindirici haldır. Dövlət qurumları zəhmətkeşlərə bütün üsullarla seçkilərin vaxtını xatırladır, bizi aktiv olmağa, hakimiyyətin formalaşmasında iştirak etməyə çağırır. Əski zamanlarda JEK-dən yaşlı qadınlar gələrdilər, qapı-bacalara bildiriş atıb gedərdilər. Müəllimlər məktəbdə şəxsiyyət vəsiqələrini yığardı. Nişanlı qızlar bəy corabın toxurdu. İndi bütün proseslər müasirləşmiş, çağdaşlaşmışdır. Ola bilsin gələn seçki qabağı bizə çip taxsınlar, elektron səs verək. Hamısı xalq üçün, millətin gələcəyi, rifah halı üçündür. Niyə əziyyət verəsən? 

Uzun sözün qısası, MSK-dan aldığım mesaj məni çox kövrəldib, mütəəssir edibdir. Dünən ümumiyyətlə kədərli idim, bu da bir yandan üst-üstə gəldi. Məzahir müəllimin mesajını almamışdan təxminən 1 saat 17 dəqiqə (hər şey dəqiq olmalıdır) qabaq küçəmizi qulaqbatırıcı - ah, necə gözəl ifadədir, axır mənə qismət oldu bunu yazdım - səs bürüdü. İki böyük, qırmızı yanğınsöndürən avtomobil haray içərisində varid oldu. Hamımız hadisə yerinə qaçdıq. Çünki milli mentalitetimizə görə yanğınsöndürən maşının dalıyca qaçmaqdan gözəl iş yoxdur. İşin möcüzəvi, qəribə cəhəti həm də o idi ki, maşınlar küçəyə girsələr də heç yandan tüstü burumları səmaya bülənd olmurdu. Adda-budda, quşdimdiyi, siçanquyruğu qar yağırdı, ona görə öncə güman etdik ki, qar alovu, tüstünü örtür. Lakin hadisənin episentrinə yaxınlaşarkən mənzərə bizi heyrətləndirdi: bir qocaman tut ağacının koğuşu yanırdı. Yanğın işçiləri məhz bunu söndürmək üçün çağırılmışdı. 

Müşahidəçilərdən biri - yəqin cəbhəçi olubdur - dərhal mız qoydu, söylədi ki, bu yanğını bir-iki vedrə su ilə də söndürmək olardı, dəm-dəsgah nə üçündür. Ancaq şlanq və nərdivanla tutun zirvəsinə qalxan əməkdaşın səyləri bizə bir daha nümayiş etdirdi: yanğın daha dərinlərdədir! Bəlkə bir hovuz suyu koğuşa axıtdılar, tüstü isə hələ də gəlirdi. Tut ağacı niyə belə dərindən yanırdı? 

Mən bu barədə xeyli düşündüm və qəfil barmağımı dişlədim. Axı “Tut ağacı” mahnısı ilə xalqımızın qəlbini fəth edən müğənni təzəcə rəhmətə getmişdir! Və ağac bu səbəbdən yanır. 

Bütün hallarda yanğınsöndürənlər öz işlərini yüksək məsuliyyətlə həyata keçirdilər, buna görə bütün küçəmizin sakinləri adından Kəmaləddin müəllimə dərin minnətdarlıq edirik. Şəxsən mən nazir olsam hər yeri söndürmərəm, elə zəhləm gedən adamlar var, deyərəm cəhənnəmə yanın, gora yanın. Ancaq nazirimiz bütün yanğınlara eyni, bir gözlə baxır. 

Hərçənd hadisəni telefonla çəkmək istəyən bir gəncə mane oldular, bu da balaca qara ləkə, hətta deyərdim qara nöqtə kimi işin üzərinə düşdü. Əməkdaş qətiyyətlə dedi ki, bizim yanğını söndürməyimizi çəkməyin, çünki sonra rəhbərlik bizə töhmət verir. Məncə, burada nəsə anlaşılmazlıq vardır. Yaxşı işləri, gözəl əməlləri, mərd oğulları niyə çəkməsinlər, xalqa göstərməsinlər? Daha çox çəkmək lazımdır. 

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz də mesaj alırsınızmı? 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR