İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yanğın” və “daşqın” arasında qalan Türkiyə - "Əjdahalar" vuruşur, ziyan ətrafa dəyir

Ötən həftənin sonunda Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya və Çinin dominantlığı ilə qurulmuş BRİCS adlanan təşkilata qoşulmaq niyyətində olduğunu bəyan etməsi Rusiyada da, ABŞ və Avopada da sürpriz kimi qarşılanmış, mediada önəmli xəbərlərdən biri olmuşdu.

Bu, ona görə beləydi ki, BRİCS ABŞ-nin rəhbərliyi ilə yaradılmış iqtisadi təşkilatlara alternativ təşkilatdır, bir növ ona sinə gərmək, onun iradəsinin altına girməmək, ona qarşı balans yaratmaq səciyyəsi daşıyır. NATO-da ABŞ-nin müttəfiqi olan Türkiyənin ABŞ ilə ya açıq düşmənçilik aparan, ya da onun əlaltısı olmaq istəməyən dövlətlərə qoşulmaq istəməsi, təbii ki, sıradan bir istək deyil.

BRİCS abbreviaturadır, bu dövlətlətin ingiliscədəki adlarının baş hərflərindən düzəlib: B - Braziliya Federativ Respublikası, R - Rusiya Federasiyası, İ - Hindistan Respublikası, C - Çin Xalq Respublikası və S - Cənubi Afrika Respublikası.

Son 6 ayda BRİCS-ə qoşulmaq istəyən ölkələrin sayı artır. Bu, təbiidir. Ona görə ki, bu təşkilatda böyük insan və təbii resursları olan, sözün əsl mənasında nəhəng dövlətlər birləşib. Kiçik ölkələr onların böyrünə qısılaraq inkişaf etməkdə maraqlıdırlar. Təkcə iqtisadi möcüzəsi ilə dünyanın 1 nömrəli dövlətinə çevrilməkdə olan Çinin edə biləcəyi güzəştlərdən, yardımlardan faydalanmaq imkanı 3-cü dünya ölkələrinin gözünü qamaşdırmağa qadirdir.

Son xəbərə görə, Türkiyənin xarici siyasət idarəsinin başçısı artıq BRİCS+ nazirlərinin toplantısında iştirak etmək üçün Rusiyaya səfər edib. Güman olunur ki, onun səfəri üçün mühüm kontekst Moskva ilə Ankara arasında münasibətlərdə yaranan növbəti gərginlikdir. Bu yaxınlarda prezident Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iqtisadi komandasının Qərb maliyyə institutlarından resurslar cəlb etməsinə diqqət yetirməsi və narazılıq ifadə etməsi Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən xəbər verir. Moskva Türkiyənin bank sektorunda Rusiyaya qarşı məhdudiyyətlərə hazır olmasından əndişəlidir.

Məsələnin mahiyyəti budur ki, Türkiyə obrazlı desək, odla (Rusiya) su (ABŞ) arasında qalıb. Həm də bu od adi od deyil, dəhşətli meşə yanğını kimidir, su isə Amazon daşqınının bənzəridir, ikisi də məhvedici biçimdədir. Türkiyə nə odda yanmaq, nə də suda batmaq istəmir. Ona görə də Ankara həm ABŞ ilə münasibətlərini taraz saxlamaq fikrindədir, həm də Rusiya ilə.

Tərs kimi, çəkişən tərəflərin ikisi də Türkiyədən müəyyənlik tələb edir, Ankaranın seçim etməsini istəyir. Bu durum heç vəchlə Türkiyəyə sərf etmir, ölkənin istiqbalı, rifahı, gələcək inkişafı region ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrdən və ABŞ kimi qüdrətli tərəfdaşlarla yaxşı münasibətlərdən çox asılıdır.

Putin ayrıca Ankaranın bəzi sahələrdə Kiyevlə əməkdaşlığından da narazıdır. Putin bu xüsusda etdiyi çıxışında qeyd edib ki, Ukrayna Türkiyəyə qaz nəql edən qaz kəmərlərinə hücum etməyə çalışır və bu, zarafat, şişirtmə deyil.

Hələ mart ayında “Hürriyet” qəzeti yazmışdı ki, Ankara Vaşinqtonla birlikdə Moskvaya qarşı “sanksiyalara riayət etmək sxemi” həyata keçirmək üçün razılaşıb. Xüsusilə, plana görə, ABŞ Rusiya ilə kommersiya fəaliyyəti təşkil etməkdə şübhəli bilinən türk şirkətləri barədə Ankaraya məlumat verməli, Türkiyə bu cür firmaların fəaliyyətini müstəqil şəkildə araşdırmalı və əldə etdiyi məlumatları ABŞ-a bildirməlidir. Bundan sonra ABŞ özü tədbir görəcək.

Bu durum istər-istəməz Türkiyə ilə Rusiya arasında münasibətlərdə müəyyən soyuqlaşma yaradıb. Xarici ekspertlər indiyə qədər müntəzəm şəkildə bir-birinin ölkəsinə səfərlər edən Ərdoğan və Putinin keçən il və bu il hər iki ölkədə keçirilən seçkilərdən əvvəl və sonra bir-birini ziyarət etməməsinə diqqət yetirir, bunu aradakı soyuqlaşma ilə əlaqələndirirlər. Qeyd olunur ki, bu, prezidentlərin iş qrafikində problemlərin olduğuna görə deyil, sırf Kremlin Ankaranın Qərb dövlətləri ilə fəal əməkdaşlıq etməsinə təpkisi üzündəndir.

ABŞ prezidenti Cozef Baydenin ötən ilin dekabrında Rusiya ilə əməkdaşlıq edən banklara qarşı sanksiyalar tətbiq etmək qərarından sonra bu il yanvarın 1-dən Rusiyadan Türkiyəyə və geriyə pul köçürmələri ilə bağlı problemlər yaranıb və bu da Rusiyanı narazı salıb. Türkiyə banklarının isə seçim variantı yoxdur, onlar ABŞ-nin sanksiyalarına məruz qalsalar, daha böyük zərərə düşəcəklər. Bundan çox narahat olan Moskva RF prezidentinın köməkçisi Dmitri Peskovun ağzı ilə bu məsələnin həll ediləcəyinə ümidvar olduğunu bildirib, Türkiyə rəsmiləri də məsələnin həllinə dair vəd verib, amma bu istiqamətdə dəyişiklik olmayıb.

Nəticədə Rusiya və Türkiyə biznesləri əziyyət çəkir, ticarət dövriyyəsi azalır və bu, hər iki ölkənin rəhbərliyini narahat edir.

Bu baxımdan hesab olunur ki, Hakan Fidanın BRİCS təşkilatının sammitində iştirakı Rusiya rəsmiləri ilə görüşüb ortamı yumşaltmaq məqsədi daşıyır. Ancaq Moskva ilə necəsə razılaşıb münasibətləri normallaşdıran kimi Ankara ilə Vaşinqtonun münasibətləri gərginləşəcək.

Beləcə, Türkiyə və onun durumunda olan xeyli ölkə iki “əjdaha”nın süpürləşməsi üzündən ziyan çəkməkdədir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR