İnsanlara hürriyət, millətlərə istiqlal!

Yalçın Hacızadə: Azərbaycan qitələri birləşdirən ən əlverişli körpü rolunu oynayır

Azərbaycan coğrafi mövqeyinə görə Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan beynəlxalq nəqliyyat–kommunikasiya dəhlizi üzərində yerləşir. Tarixi əhəmiyyəti və böyük ötürücülük qabiliyyətinə malik İpək yolu ölkəmizdən keçir. Bütün bunlar da Azərbaycana nəqliyyat-kommunikasiya və enerji sahələrində böyük imkanlar və fürsətlər yaradır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu enerji və nəqliyyat şəbəkələrinin şaxələndirmə siyasəti Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək Azərbaycanı yaxın və uzaq ölkələr üçün strateji ölkəyə çevirib.

Azərbaycan okeanlara çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmirlər. Amma dövlət tərəfindən həyata keçirilən davamlı və uzunmüddətli planlı siyasət ölkəmizi Avrasiyanın nəqliyyat mərkəzinə çevirib. Azərbaycan “Şimal–Cənub”, “Şərq–Qərb” dəhlizləri vasitəsilə onlarla ölkəni birləşdirən mühüm mövqeyə malikdir.

Ölkəmizin enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da indiki zamanda böyük önəm daşıyır. “Əsrin müqaviləsi” çərçivəsində Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi Azərbaycanın enerji siyasətində etibarlı tərəfdaş və təhlükəsiz tranzit ölkə kimi nüfuzunu möhkəmləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

“Yeni dünya düzəninin formalaşdırılması üçün səylərin göstərildiyi indiki dövrdə ən çox müzakirə olunan məsələlərdən biri enerji təhlükəsizliyidir ki, bir neçə onillik əvvəl kimsə bu məsələyə fikir vermirdi. Amma o zamanlar Azərbaycan dövləti bir çox əngəllərə baxmayaraq, bu layihələrin perspektivini, əhəmiyyətini dünyaya çatdıra bildi və nəticədə bu işlər həyata keçirildi. Bəzi ermənipərəst qüvvələrin təsiri altına düşərək layihələrin icrasına mane olmağa çalışan və ya ona dəstək vermək istəməyən qüvvələr və dövlətlər indi düşdükləri böhrandan çıxmaq üçün həmin kəmərlərdən pay almaq məqsədilə əməkdaşlığın yollarını axtarırlar. Azərbaycanın enerji siyasəti iqtisadi əməkdaşlıq, münasibətlərin möhkəmləndirilməsi prizmasından həyata keçirilir. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan bu resurslardan və imkanlardan siyasi təzyiq vasitəsi kimi istifadə etmir. Bütün bunlar ölkəmizin təkcə enerji, nəqliyyat-kommunikasiya sahələrində deyil, siyasi dialoq, beynəlxalq sülhün təmin olunması, dünyanın resurslarının və ehtiyatlarının bərabər, ədalətli şəkildə bölünməsi istiqamətlərində də oynadığı rolda ifadə olunur. Qlobal pandemiyanın qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bir çox ölkələrə yardımların göstərilməsi, bu istiqamətdə rəhbərlik etdiyi Qoşulmama Hərəkatı və BMT çərçivəsində aparılan bir çox müzakirələrin müəllifi olması ölkəmizin beynəlxalq miqyasda oynadığı rolun göstəricisidir”, - deyə Y.Hacızadə söyləyib.

O bildirib ki, Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi, bölgənin nəqliyyat-kommunikasiya və iqtisadi imkanlarından region və maraqlı ölkələrin iştirakı ilə istifadə edilməsi sahəsində Azərbaycanın siyasəti bir çox dövlətlər və təşkilatlar tərəfindən böyük dəstək görür.

Ermənistanla sülh müqaviləsinin bağlanması, Zəngəzur dəhlizin açılması ilə bağlı müzakirələrin birbaşa Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə davam etdirilməsi, Aİ-nin Azərbaycanın təqdim etdiyi prinsipləri dəstəkləməsi və müzakirələrdən müsbət nəticənin əldə olunmasına çalışması ölkəmizin bu istiqamətdə apardığı siyasətin perspektivlərindən xəbər verir. Həmçinin bir çox ölkələrlə Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələrin aparılması, bu məsələnin hər dəfə Avropa İttifaqı tərəfindən də qabardılması Şərqi və Qərbi birləşdirəcək yolun Ermənistanın məsuliyyətsizliyi üzündən açılmamasının qəbul edilməyəcəyi deməkdir.

Politoloq, eyni zamanda, deyib: “Bu gün Ukrayna böhranı səbəbindən Şərqi Avropa ölkələri üçün böyük təhlükə yaranıb. Bu ölkələrin soyuq qışı qazsız keçirəcəyi ilə bağlı hədələr Avropa ölkələrinin alternativ enerji yolları axtarışını gücləndirib. Bununla da Avropa ölkələrinin diqqəti daha cəlbedici və hazır layihə olan TAP və TANAP layihələrinə istiqamətlənib. Sabit və balanslaşdırılmış siyasət Azərbaycanı Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevirib ki, bu da ölkəmizin beynəlxalq siyasətinin daha bir uğuru hesab olunur. Bu uğurun memarı isə Prezident İlham Əliyevdir. Onun Avropada iqtisadi sabitliyin, enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir. Ona görə dövlətimizin başçısının necə vacib Lider olduğunu tədbir iştirakçılarının çıxışlarında da gördük - Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen: “Birinci addım Rusiya qazına alternativ mənbələrin axtarılması oldu. Prezident İlham Əliyevi bu il iyulda ziyarət etdim. Çətin anlarda ABŞ-dan, Norveçdən olan dostlarımızla yanaşı, Azərbaycan da bizə kömək etdi”. Serbiya Prezidenti Aleksandr Vuçiç: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısınız. Mən onunla dəfələrlə danışmışam. Burada bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”. Bolqarıstan Prezidenti Rumen Radev: “Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Mən çox mühüm təklif almışam. Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”. Şimali Makedoniya Prezidenti Stevo Pendarovski: “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki o, telefon nömrəsini dəyişib”.

Azərbaycanın da qurulmasında iştirak etdiyi İpək yolu layihəsinin əsas iştirakçıları, həmçinin Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdir. Bu təşkilatın inkişafında da Azərbaycanın müstəsna rolu var. Müstəqillikdən sonra qardaş Türkiyə Respublikası ilə münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu “İki dövlət, bir millət” konsepsiyası iki ölkə arasında əlaqələrin başlıca siyasi-ideoloji xəttidir. İkinci Qarabağ müharibəsində Türkiyənin oynadığı rol və tərəflər arasında təhlükəsizlik sahəsi də daxil bir çox sahələrdə birgə əməkdaşlığı nəzərdə tutan Şuşa Bəyannaməsinin imzalanması digər türkdilli ölkələrin Türk Dövlətlər Təşkilatının gələcəyinə, inkişafına olan marağı daha da artırdı.

Y.Hacızadə əlavə edib ki, Azərbaycan xarici siyasəti geniş şəkildə şaxələndirildiyi üçün Avropa qitəsi ilə yanaşı, Asiya ölkələri ilə də əlaqələrin inkişafında maraqlıdır. Coğrafi mövqeyinin verdiyi üstünlüklərdən, qurduğu nəqliyyat–kommunikasiya xətlərindən yüksək səviyyədə istifadə etmək dövlətin başlıca hədəfidir.

Əsas qayəsi regionda və dünyada iqtisadi əlaqələrə, rifaha, sülhə, sabitlik və təhlükəsizliyə xidmət etməkdən ibarət olan Azərbaycan qitələri birləşdirən ən əlverişli körpü rolunu oynayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR