Onlayn ictimai-siyasi qəzet
Bu ilin əvvəlindən Rusiyada miqrantlara qarşı başlanmış kampaniya davam edir və bunun sürəkli olacağı gözlənilir.
Hüquq-mühafizə orqanları tərəfindən açıqlanan statistika, eləcə də, onlara qarşı təşəbbüsləri açıq-aşkar miqrantların xeyrinə deyil.
“Lenta.ru” saytının hazırladığı materialda bildirilir ki, 2024-cü ilin birinci yarısında Rusiyada miqrantlar tərəfindən törədilən ekstremist cinayətlərin sayı 55 faiz artıb.
Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin isə federasiyaya əcnəbi işçilərin kütləvi və qanunsuz gətirilməsinin qarşısının daha sərt şəkildə alınmasını tələb edib. İstintaq Komitəsində keçirilən iclasda miqrantlarla bağlı müzakirə olunan yeganə problem ekstremist cinayətlərin artması olmayıb. 2024-cü ilin ilk altı ayında Rusiyada əcnəbilər tərəfindən uşaqlara qarşı cinsi zorakılıqların sayının 25 faiz, zorlamaların isə 5 faiz artdığı bildirilib.
RF-dəki krimogen durumun gərginləşməsində miqrantların “zəhmət”inin artmasına görədir ki, 2023-cü ilin payızından bəri Rusiyanın miqrantlara iş verən özəl şirkətlərində polis reydləri mütəmadi keçirilir. Bir səbəb isə müharibəyə cəlb etmək üçün qeyri-rus döyüçü toplamaqdır.
Tez-tez uyğun xəbərlərə mövzu olan məkan “Wildberries” (ingiliscədən ruscaya tərcüməsi: dikie yaqodı, ana dilimzdə - yabanı giləmeyvə) bazarıdır.
Bu bazarın anbarları və çeşidləmə mərkəzləri miqrantlar üçün əsl cazibə mərkəzinə çevrilib. Rusiyaya gələn miqrantların yeganə işi pul qazanmaq olduğu, eyni zamanda pulun necə qazanılmasının heç bir əhəmiyyəti olmadığı üçün onlar hər yola baş vururlar və bu, Rusiyanın cinayət qanunvericiliyinin müddəaları ilə düz gəlmir.
Rusiya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Mərkəzi İdarəsinin keçmiş əməliyyatçısı Mixail İqnatovun sözlərinə görə, Rusiyada miqrantları yaşlı həmyerliləri işə götürürlər - həm də onlara iş yerində nəzarət edirlər: “Nəticədə anbarlarda və çeşidləmə mərkəzlərində xarici işçilər öz qeyri-rəsmi iyerarxiyalarını və öz pul qazanma zəncirlərini inkişaf etdirirlər”.
“Wildberries” anbarlarından birinin əməkdaşı Viktoriya jurnalistlər söhbətində deyib ki, bu gün anbar işçilərinin böyük əksəriyyətini miqrantlar təşkil edir. Onun sözlərinə görə, miqrantlar işə yeni götürüldükləri zaman əvvəlcə sakit olurlar, lakin bir neçə aydan sonra xaos başlayır.
“Taciklər çox təkəbbürlüdürlər, onlara kömək etməsəniz, inciyir və hədələyirlər. Bir qırğız var idi, zəifləri seçir, təhdid edir, özünə işləməyə məcbur edirdi. Miqrantlar nəzarətçiləri də hədələyir, onlara rüşvət verməyə çalışırlar. Yalnız mart ayında “Krokus”da törədilən terror aktından sonra onlar bir ay sakitləşdilər, lakin tezliklə hər şey öz köhnə axarına düşdü”, - Viktoriya jurnalistə deyib.
2023-cü ilin noyabr ayında polislər milli qvardiyanın dəstəyi ilə Elektrostal şəhərindəki “Wildberries” anbarına reydə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları səkkiz min işçi arasında qeyri-qanuni mühacirləri, habelə Rusiya vətəndaşlığı alan, lakin hərbi qeydiyyata düşməyənləri (müharibəyə aparmaq üçün) axtarıblar. Yoxlamalar zamanı miqrantlar qadın tualetlərində, qutularda, büzməli kağızlarda, hətta anbar rəflərində gizləniblər. Bəziləri isə yük qapısından qaçmağa çalışıblar. Bu reyd bazarın işini bir neçə saat iflic edib və müəssisəni böyük zərərə uğradıb.
Hüquq-mühafizə orqanları reydlər zamanı təkcə əcnəbi işçiləri deyil, ümumilikdə bütün işçiləri yoxlayıblar. Onlar bütün giriş-çıxış və keçid məntəqələrində mövqe tutub, sənədlərə baxıblar. Yanlarında sənədləri olmayanlar isə vəziyyət aydınlaşana kimi şöbəyə aparılıb. 115 işçiyə hərbi komissarlığa çağırış vərəqələri verilib. Müəyyən edilmiş qanun pozucularını polis şöbələrinə çatdırmaq üçün iki avtobus çağırılıb.
DİN-in Moskva vilayəti üzrə baş idarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Petrovanın verdiyi məlumata görə, 16 anbar işçisinə qarşı protokollar tərtib edilib, qanunu pozanlar 2 min rubldan 5 min rubla qədər cərimələnib, üç qeyri-qanuni mühacir Rusiyadan çıxarılıb.
6 ay ərzində adı çəkilən bazara yeddi basqın olub. 2024-cü ilin əvvəlində miqrantlar yeddinci və səkkizinci məhəllələrdə öz aralarında kütləvi davaya başlayanda mühafizəçilər çevik polisi köməyə çağırıblar. Hadisə yerinə gələn polis onlarla münaqişə iştirakçısını saxlayıb, onlardan 30-u şübhəli şəxs statusu alıb və hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. Saxlanılan daha 20 nəfər isə durum aydınlaşdırılana kimi polis şöbəsinə göndərilib, 10 nəfər hərbi xidmətdən yayınma faktı üzrə yoxlanılmaq üçün hərbi komissarlığa aparılıb. Öz növbəsində “Wildberries” rəhbərliyi daxili araşdırma aparacağına söz verib, davada iştirak edən hər kəsi işdən çıxarmaqla hədələyib.
Bir ay sonra hərbi müstəntiqlər Yekaterinburqdakı Koltsovo mikrorayonunda yerləşən bazar anbarını yoxlamağa gəliblər və reyd nəticəsində Rusiya vətəndaşı olan 30 əmək miqrantını hərbi qeydiyyata alaraq müharibəyə göndəriblər.
2023-cü ilin noyabr ayının sonundan 2024-cü ilin martına qədər təkcə Sverdlovsk vilayətində təxminən 600 keçmiş əcnəbiyə hərbi bilet verilib və onlardan 180-i Rusiya ordusu ilə müqavilə bağlamağa vadar edilib.
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında tacik miqrantlar tərəfindən törədilən terror aktından (hücumda 145 nəfər həlak olub, 551 nəfər yaralanıb) sonra polis və milli qvardiyanın “Wildberries”in anbarlarında yoxlamalar aparması daha müntəzəm xarakter alıb. Terror aktından bir neçə gün sonra bazar anbarına geniş miqyaslı basqın edilib, nəticədə 40-a qədər işçi saxlanılıb. Anbar işçilərinin pasportları, miqrasiya kartları, yaşayış icazələri, müvəqqəti yaşamaq üçün icazələri və hərbi biletləri yoxlanılıb.
Mixail İqnatovun sözlərinə görə, miqrantlar öz iş yerlərində qapalı klanlar, “dövlət daxilində dövlətlər” yaradırlar, burada bir-biri ilə milli dillərdə ünsiyyət qurur və öz əqidədaşları ilə ibadət evləri yaradırlar.
Bu cür təbliğatçılar miqrantları inandırırlar ki, onlar həqiqi mömindirlər, qalanları isə elə deyil. Belə yerlər vəhhabilər üçün əsl şitillikdir. Bundan əlavə, bəzi diaspor təşkilatları miqrantlara diktə edir ki, onlar silahlı olmalıdırlar. Ona görə də Rusiya vətəndaşlığı aldıqdan sonra onların hamısı silah gəzdirmək üçün icazə alır.
Ancaq belə bir versiya da səsləndirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Wildberries” və digər şirkətlərin anbarlarında keçirdiyi reydlər formallıqdan başqa bir şey deyil, çünki məhkəmələr bütün qanun pozucularını Rusiyadan qovmur. Bundan əlavə, miqrantlar şəxsi əlaqələri sayəsində xərac hesabına vəziyyətdən çıxa bilirlər. Diaspor təşkilatları bu işdə onlara kömək edir və çox vaxt korrupsiyanın köməyi ilə belə məsələləri həll edirlər. İqnatov təsdiq edir ki, təhlükəsizlik qüvvələri bəzən diasporlarla razılaşaraq yoxlama işləri aparırlar. Belə əməkdaşlıq hər iki tərəf üçün faydalıdır: diasporlar arzuolunmaz insanlardan xilas olur, hüquq-mühafizə orqanları isə nəticə əldə edir.
“Rostov Wildberries” anbarlarından birinin keçmiş işçisi Andrey bildirib ki, miqrantlar ümumiyyətlə narahat insanlardır: qrup halında toplaşırlar, dava salırlar, külli miqdarda cərimə olunmalarına baxmayaraq, narkotik maddələrdən istifadə edirlər.
Hüquqşünas Ruslan Nağıyevin sözlərinə görə, radikal cərəyanlardan uzaq olan sadə zəhmətkeşlər daha çox “Wildberries” anbarlarında işə düzəlir. Buna baxmayaraq, o, hüquq-mühafizə orqanlarının reydlərini, Rusiya və Mərkəzi Asiya ölkələrinin kəşfiyyat xidmətlərinin əməkdaşlığı ilə olarsa, daha faydalı sayır.
Əsl radikallar - ekstremistlər və terrorçular rus din xadimlərinin legitimliyini tanımır, həmçinin hüquq-mühafizə orqanlarında və dövlət qurumlarında çalışan müsəlmanları kafir hesab edirlər.
Müdafiəçinin sözlərinə görə, təkfirçilik tərəfdarlarının - Rusiyada qadağan edilmiş "Ət-Təkfir vəl-Hicrə" ekstremist birliyinin məqsədi kafir müsəlmanları müəyyən etmək və onlarla məşğul olmaqdır. Ona görə də imamlar və müftiliklər ilk növbədə radikallarla mübarizə aparır.
Məscidlərdə onlar ənənəvi İslamı təbliğ edir və dini icmalara radikalların yanlış təsəvvürləri haqqında danışırlar.
“Wildberries”in sahibi, Rusiyanın ən varlı iş qadını Tatyana Bakalçuk hüquq-mühafizə orqanlarının əməkdaşlarının şirkətinin anbarlarına vaxtaşırı baş çəkməsinə münasibət bildiriərək, reydlərin adi yoxlamaların bir hissəsi olduğunu, lakin son vaxtlar onların daha da artdığını və işə maneçilik törətdiyini deyib.
Sahibkarın sözlərinə görə, bu vəziyyətdən yeganə çıxış yolu hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdır. Bakalçuk əmin edir ki, anbarlarda heç bir qanun pozuntusu yoxdur.
Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20 maddəsinə əsasən, qanun pozucularının ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Qanun layihəsi ictimai asayiş, ictimai təhlükəsizlik və ekstremist təzahürlərə qarşı mübarizə sahəsində hüquq münasibətlərinin qorunmasına yönəlib.
Araz Altaylı, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ