İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaba ilə dovğa -  Zamin Hacının hadisə kimi yazısı!

Ötən yazılarımdan birində külək enerjisi qurğularımızın pərlərinin fırlanmadığını tənqid etmişdim, sektorda çalışan hörmətli yoldaşlardan biri mənə cavab verdi: “Əslində o qurğuların pəri yellənməli deyil. Biz dünyada ilk dəfə elmi ixtiraya, kəşfə imza atmışıq, küləkdə fırlanmayan pərdən enerji alırıq. Hazırda alimlərimizlə birgə daha bir yenilik üzərində gərgin iş gedir. Bu dəfə vakuum, havasızlıq şəraitində dayanmış külək qurğusundan enerji alınacaqdır. Ancaq bunlar hamısı dövlət sirridir, yaxşı olar belə şeyləri qəzetdə yazmayasınız. Yazanda da ehtiyatla yazın, düşmənlər oxuyub başa düşməsin”. Sitatın sonu. 

Vallah, nə deyim, matım-qutum qurudu. Halal olsun. Belə alimlərimizlə fəxr edirik. Əziz yoldaş başqa detalları da açıqlamışdı, lakin söhbət konfidensial - gizli olduğu üçün hamısını yazmıram. Onsuz xarici düşmənlərimiz çoxdur. 

Xarici demişkən, bugünlərdə bir maraqlı tuthatutun da anonsu verildi, lakin nədənsə xəbərin dalı gəlmədi (ya da gəlib, mən görməmişəm). Söhbət respublika Sanitariya-Karantin Mərkəzinin rəhbərliyinin həbsindən gedir. 

İlk növbədə burada bir dəqiqləşdirməyə də ehtiyac vardır: bu hansı qurumdur? El arasında siçan-pişik idarəsi adlanan idarədən söhbət gedir, yoxsa siçan-pişik ayrıdır? Hər halda, mənim yadıma gəlir ki, siçan-pişiyin rəsmi adı Sanepidemstansiya olmalıydı. 

Bunlar hamısı dövlətçilik üçün vacib faktorlardır. Ola bilər ikisi də sanitariya ilə məşğul olsun, lakin biri siçan-pişiyə, o biri canavar və çaqqallara xidmət göstərsin. 

Son anda tuthatut xəbəri dəqiqləşdi, baş prokurorluğun açıqlamasını əldə etdim. Deyir, həqiqətən “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar”. Sitatın sonu. 

Qısa yazsaq, saxta sənədlər verir, rüşvət alır, başqa qanunsuz hərəkətlərə yol vermişlər. 

Eyni zamanda yenə bir dəqiqləşdirmə lazımdır: bunların ölkəmizdəki karantin rejiminə dəxli vardırmı? Axı bütün dünyada koronavirus qurtarsa da dəfələrlə baş qərargah, ya da operativ qərargah - bunların fərqi yoxdur - tərəfindən xalqa açıqlama verilir ki, növbəti 3 ayda sərhəd bağlı qalacaqdır, çünki koronaya görə karantin rejimidir. Nəticədə əhali çaş-baş qalırdı. Xalqın hökumətə etimadı azalır, kiçilir, virus boyda olurdu. Bəzən etimadı görmək üçün mikroskopa ehtiyac yaranırdı. Nə yaxşı ki, son günlərdə dövlət rəhbərliyi xalqa izahat verdi, sərhədlərin təhlükəsizliyə görə bağlı saxlandığını açıqladı. Deməli, neçə aydır karantin idarəsi xalqı aldadırmış! 

Güman edirəm onları bu səbəbdən tutublar. Biz hər şeyi bağışlayarıq, yalnız xalqa yalan danışmağı heç zaman! İstəyirsən rüşvət al. İstəmirsən oğurluq elə. Lap gecə get, Hökumət Evinin bulvardakı binasını sök, apar, Novxanıda özünə villa düzəlt. Bunların hamısını bağışlamaq mümkündür. Hər şeyin zamana ehtiyacı var. Maşallah, neft gəlirlərimiz çoxdur, bugünlərdə “Tesla”nın səhmlərini də Neft Fondumuz aldı, ondan sonra İlon Maskın vəziyyəti yaxşılaşdı. Dərhal. Biz səhmi alana qədər “Tesla” düşə-düşə gedirdi. Uzun sözün qısası, yalnız yalanı əfv etməyimiz mümkün deyildir. 

Hələlik bu qədər. Siz yazını təzədən oxuyun, mən də gedim təzə aldığım yaba ilə dovğa içim.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR