Onlayn ictimai-siyasi qəzet
II Dünya müharibəsi başladıqdan sonra SSRİ-də müdafiə sənayesinin gücləndirilməsi ön plana keçəndə İosif Stalin bu sahə ilə bağlı ciddi islahatlar həyata keçirib. O cümlədən müdafiə sənayesi üzrə kadrların seçilməsinə də xüsusi diqqət yetirilib. Mərkəzi Komitədə mütəxəssislərin siyahısı hazırlanıb, onlar Kremlə dəvət olunublar. Dəvət alanlardan biri də Pavel Voronin olub ki, onu şəxsən Stalin özü qəbul edib. Həmin vaxt Voronin 1 nömrəli Aviasiya Sənayesi Zavodunun sınaq-təcrübə laboratoriyasına rəhbərlik edib. Görüş çox da uzun sürməyib. Stalin kiçik girişdən sonra birbaşa mətləbə keçib:
Biz qərara gəlmişik ki, sizi aviasiya sənayesi komissarının (nazirinin) müavini təyin edək.
Təklif 36 yaşlı Voronin üçün gözlənilməz olub və o çalışıb ki, bu vəzifədən imtina etsin:
Yoldaş Stalin, bu mənim üçün böyük etimaddır. Amma mən bu yüksək vəzifəyə özümü hazır görmürəm. Mən sadə bir ailədə böyümüşəm, atam dəmiryolu stansiyasında fəhlə işləyib, Kaluqaya köçdükdən sonra isə ailəni ayaqqabı təmir etməklə dolandırıb. Elə bir mühitdə böyüyən adam...
Stalin onun sözünü yarımçıq kəsib:
Deməli, sən çəkməçi oğlusan. Elə mənim də atam çəkməçi olub. Sənin işlərin haqqında mənə ətraflı məlumat verilib. Sən bu işin öhdəsindən gələcəksən, mən sənə güvənirəm. O ki qaldı çəkməçi oğlu olmağına, özün də görürsən ki, çəkməçi oğlu böyük bir ölkənin rəhbəri də ola bilər.
Beləliklə, Pavel Voronin 1940-cı ildə SSRİ aviasiya sənayesi komissarının müavini vəzifəsinə təyin edilib...
Pavel Voronin 1903-cü ildə Kaluqada anadan olub. Ailə əvvəlcə şəhərin bir neçə kilometrliyində yerləşən dəmiryolu stansiyasında kiçik bir daxmada yaşayıb. Onu hər iki valideyni həmin stansiyada fəhlə işləyib. Maddi durumun çətin olması ucbatından Voronin 1920-ci ildə Moskvaya gedib və aviasiya zavodunda çilingər köməkçisi kimi işə düzəlib. Qısa bir zamanda o, zavodun ən nümunəvi işçilərindən biri kimi tanınıb. Zavod rəhbərliyinin təşəbbüsü ilə Voronin əvvəlcə Moskva Maşınqayırma Texnikumunda, sonra isə Lepse adına Moskva Maşınqayırma İnstitutunda qiyabi təhsil alıb. 1936-cı ildə Voronin perespektivli mütəxəssis kimi ABŞ-a səkkiz aylıq təcrübə kurslarına göndərilib.
Amerikadan qayıtdıqdan sonra 1 nömrəli Aviasiya Sənayesi Zavodunda sınaq-təcrübə laboratoriyası yaradılanda həmin laboratoriyaya rəhbərlik Voroninə həvalə edilib.
Voroninin konstruktorluq fəaliyyəti, əldə etdiyi müsbət göstəriciləri ilə bir neçə il ərzində ölkənin müdafiə sənayesi sahəsinə böyük uğurlar gətirib və sözsüz ki, bu da Kremlin diqqətindən yayınmayıb.
Sovet-alman müharibəsi illərində Voroninin üzərinə bir neçə ağır vəzifə düşüb. Müharibə gedə-gedə həm hərbi təyinatlı təyyarələrin istehsalı, həm də zavodların təxliyə edilməsi kifayət qədər böyük çətinlik və problemlər yaradıb. Amma Voronin bu işlərin öhdəsindən ən yüksək səviyyədə gəlib. 1942-ci ildə isə o, daha çətin bir vəziyyətlə üzləşib. Müharibənin ilk illərində Vermaxt qoşunlarının SSRİ ərazilərindəki cəbhələrdə üstünlüyü Kremldə ciddi gərginlik yaradıb. Almanların üstünlüyünün əsas səbəblərindən biri də sovet ordusunda silah-sursatın, hərbi texnikanın yetəricə olmaması olub. Elə Voronin də növbəti dəfə Stalinin qəbuluna bu məsələ ilə bağlı çağrılıb.
Voronin sonralar yazdığı memuarlarında həmin görüşü aşağıdakı kimi xatırlayıb:
“Cəbhələrdə vəziyyət gərgin idi. Mən bunu çox yaxşı anlayırdım. Stalinin qəbulunda olarkən onun gərgin olmasını da anlamaq çətin deyildi. Mərkəzi Komitəyə gələndə qəbul otağında xeyli adam var idi. Mən içəri keçəndə Poskrebışev (Stalinin köməkçisi) məni növbəsiz və Stalinə məruzə etmədən onun kabinetinə apardı. Başa düşdüm ki, Stalin məni gözləyir və məsələ olduqca ciddidir. İçəri keçdim hərbi qaydada salamlaşdım. O mənə əyləşmək üçün stul göstərdi. Özü isə kabinetdə gəzişirdi. Stalin əvvəlcə aviasiya zavodlarındakı vəziyyətlə maraqlandı, təxliyə edilmiş zavodların istehsal gücünü soruşdu. Həmin vaxt qırıcı təyyarələri, əsasən, Kuybışevə təxliyə edilən 1 nömrəli Aviasiya Zavodu istehsal edirdi. Təxminən bir saatdan artıq bu mövzuda fikir mübadiləsi apardıq. Sonra Stalin mənə yaxınlaşdı, əlini çiynimə qoydu:
Pavel Andeyeviç, indi məsələ belədir. Ya sən sutka ərzində 20 qırıcı istehsal etməlisən, ya da bu çiyinlərin üstündəki baş olmayacaq.
Bu, çox ağır bir şərt idi. Belə ki, Kuybışevdəki zavod ən yaxşı halda gün ərzində 2-3 təyyarə təhvil verə bilirdi. Mən fikir bildirmək istəyəndə Stalin sözünə davam etdi:
Mən başa düşürəm, indiki vəziyyətdə bu mümkün deyil. Sizə dörd ay vaxt verirəm. Dörd aydan sonra Kuybışevdən hər gün 20 qırıcı Müdafiə Komissarlığının arsenalına təhvil verilməlidir.
Mən ayağa qalxdım, farağat komandasını alaraq üzümü Stalinə tutdum: İosif Vissarionoviç, nəyin bahasına olursa-olsun, biz sizin tapşırığınızı yerinə yetirəcəyik. Biz öz səmalarımızı alman qırıcılarının ixtiyarına verə bilmərik. Yoldaş Stalin, həm də bu tapşırıqda baş məsələsi də var axı...”
Artıq üç aydan sonra Voronin Kuybışevdən Stalinə zəng vuraraq sutka ərzində 20 təyyarənin istehsalı ilə bağlı məruzə edib.
Voroninin bu və digər xidmətləri Kreml tərəfindən həmişə yüksək qiymətləndirilib. O, iki dəfə Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb, 7 dəfə “Lenin” ordeni və çoxsaylı medallarla təltif olunub.
Müharibədən sonra Stalinin təşəbbüsü ilə Voronin yeni yaradılmış “Əmək Bayrağı” Aviasiya Sənayesi İstehsalat Birliyinin baş direktor təyin edilib. Bu birlik SSRİ-nin müdafiə sənayesi sahəsində ən nəhəng qurumlardan biri sayılıb.
Pavel Voronin ömrünün sonun qədər həm siyasi elitada, həm də sıravi vətəndaşlar arasında böyük nüfuza sahib olub. Rəsmi tədbirlərdə ona fəxri kürsülərdə yer göstərilib, ölkənin birinciləri ona böyük hörmət və ehtiram bəsləyiblər.
Aviasiya-mühəndis xidməti general-mayoru Pavel Voronin 1984-cü ildə, 81 yaşında vəfat edib. O, hərbi şərəflə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ