Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəhbərliyinin Azərbaycanla sülh sənədi imzalamaq istəyində nə dərəcədə səmimi olduğunu Qarabağdakı oyuncaq rejimin tutuqlanan rəhbərlərinin, digər separatçı-cinayətkarların həbsinə münasibətindən aydınca görmək olar. Bəllidir ki, baş nazir Nikol Paşinyan daxil, İrəvan rəsmiləri həbsləri “qanunsuz” adlandırıb, hətta utanmazcasına beynəlxalq hüquq instansiyalarına şikayət də göndəriblər.
“Ermənistanın təhlükəsizlik idarələrinin başçıları Azərbaycan tərəfindən Artsaxın hərbi-siyasi rəhbərliyinin həbsini qızğın müzakirə edir”.
Bunu “Joxovurd” erməni nəşri yazıb.
Qəzet bildirir ki, təhlükəsizlik qüvvələri “saxlanılanların geri qaytarılmasının yalnız müvafiq siyasi qərarla mümkün olması” qənaətinə gəlib. “Digər vasitələr və beynəlxalq mexanizmlər kömək etməyəcək”, - deyə nəşr qeyd edib.
Beləcə, Paşinyan hökuməti Azərbaycan dövlətinin erməni bandit dəstələri rəhbərlərini ələ keçirməsini heç cür “həzm edə bilmir. Absurdun ən yekəsi də budur: əgər Ermənistan 86.6 min kv km-lik ərazi bütövlüyümüzü tanıyırsa və son olaraq, Paşinyan bunu oktyabrın 5-də Qranadada öz imzası ilə təsdiqləyibsə, onda həmin ərazilərimiz daxilində konstitusiyamızı on illərlə heçə sayanların, xunta rejimi yaradıb dövlətimizə və xalqımıza meydan oxuyanların, torpaqlarımızda etnik təmizləmələr, soyqırımlar törədib sərvətlərimizi çapıb-talayanların həbsini hansı üzlə “qanunsuz” sayır?
Doğru, tutulanlar Ermənistan vətəndaşlarıdır. Ancaq bu, daha betər və əlavə daha bir CM maddəsi. Ermənistan pasportu gəzdirən yaramazların Azərbaycan ərazisində nə iti azmışdı?..
Əcəb işdir. Məntiqlə sülh arzulayan erməni tərəfi iki xalq arasında illərlə düşmənçilik yaradanların, bu düşmənçiliyi və nifrəti körükləyənlərin həbsinə və layiqli cəzalara çatdırılmasına sevinməlidir ki, gələcəkdə heç kim onların yolunu təkrarlamasın, bundan qabaq iki dəfə düşünsün. Axı söhbət həm də qonşu xalqlar arasında etimad mühiti yaratmaqdan, qarşılıqlı kin-küdurətə son verməkdən gedir.
“Qanunsuz həbs” nə demək? Azərbaycan insanlıqdan çıxmış bu şərəfsiz-alçaqları, vəhşiləri buraxmalıdır ki, bir az da şirniklənsinlər və təzədən toparlanaraq üstümüzə gəlsinlər? Azərbaycan əleyhinə yenə köhnə əməllərinə qayıtsınlar, separatizmlə, terrorçuluqla məşğul olsunlar, ağır cinayətlər törətsinlər?
İrəvan və onun Avropadakı əsas havadarı – iki gün öncə erməni canilərini həyasızcasına “erməni siyasi xadimlər” adlandırıb Bakıdan onların buraxılmasını tələb edən fitnə-fəsad yuvası Avropa Parlamenti məgər bunumu istəyir? Konfliktin təzədən alovlanmasınımı arzu edirlər? Bunca qanlar gözlərini tutmadımı, doymadılarmı?
Məntiqlə belədir ki, var. Xuntaçı-quldurlara bəraət verənlər elə onların bir tayıdır. Başqa nə ad ola bilər ki? O halda Nikol Paşinyan və komandası, eləcə də erməni lobbisinin qəpik-quruşuna satılmış avropalı düdüklər, deputat-siyasətçilər hansı haqla əyinlərinə hələ bir sülh çuxası geyib, bizə sülh nəğmələri oxuyurlar? Kimə gəlirlər?..
Deməli, nə qədər ki, İrəvan Bakının 5 məlum baza prinsipi əsasında sülh müqaviləsi imzalamayıb, Ermənistan rəhbərliyinin sülh, barışıq bəyanatlarına, Nikolun imza atdığı Qranada bəyannaməsinə çürük qoz da düşməyəcək. Arxayınçılığın yeri yox.
Əgər İrəvanda, Brüsseldə kimlərsə zənn edirsə ki, Azərbaycanda çörəyi ağıza yox, qulağa yeyirlər, qələt edir, başlarını da divara vururlar. Sadəlövhləri və avamları qoy başqa məkanlarda axtarsınlar.
Bunlar əbəs cəhdlərdir. Biz öz işimizi yaxşı bilirik. “İt hürər, karvan keçər...”
Siyasət şöbəsi,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ