Onlayn ictimai-siyasi qəzet
Sovet dövründə Siyasi Büro üzvlərinin şəkilləri əks olunan plakatlara ölkənin ən ucqar yerlərində belə rast gəlinib. Kolxoz binalarında, zavod və fabriklərdə, təhsil ocaqlarında, rayon və şəhər partiya komitələrində, küçə və prospektlərdə bu plakatlar gözə görünən yerlərdən asılıb. Büro üzvləri dəyişdikcə bu plakatlar da yenilənib. Mərkəzi Komitənin İşlər İdarəsi bunun üçün xüsusi göstəriş gözləməyib. Yalnız 1973-cü ildə Leonid Brejnev plakatlarla bağlı xüsusi göstəriş verib. Baş katib Mərkəzi Komitənin ideologiya üzrə katibi Suslovu yanına dəvət edib:
-Plakatları təcili yeniləyin, mən onu yanımda görmək istəmirəm.
Söhbət kimdən gedib? Brejnev “o” deyərkən kimi nəzərdə tutub?
1973-cü ildə SSRİ Xalq Nəzarəti Komitəsinin sədri, Siyasi Büronun üzvü Gennadi Voronov həm vəzifəsindən, həm də büro üzvlüyündən çıxarılıb. Soyadına görə bütün plakatlarda Voronovun şəkli Brejnevdən sonra qoyulub ki, bu da baş katibi hədsiz qıcıqlandırıb. Sözsüz ki, bu qıcıq da səbəbsiz yaranmayıb.
Voronov SSRİ-nin siyasi elitasında bəlkə də ən kobud, ən sərt, düşündüklərini özlüyündə təhlil etmədən dilə gətirən simalardan biri olub. O, qarşısındakının kim olmasından asılı olmayaraq fikirlərini istədiyi kimi açıqlamaqdan heç vaxt çəkinməyib. Onun siyasi fəaliyyətinə nəzərə salarkən bir daha bunun şahidi olmaq olar. Məsələn, Mərkəzi Komitənin plenumlarından birində Xruşşov tribunaya qalxaraq məruzəsinə başlayanda, plenum üzvlərinə “əziz dostlar” deyə müraciət edib. Voronov dərhal onun sözünü yarımçıq kəsib:
-Yoldaş Xruşşov, plenum Kommunist Partiyasının ən mötəbər siyasi tədbiri sayılır. Bu tədbirə sizin dostlarınız yox, plenum üzvləri toplaşıblar. Xahiş edirəm müraciətinizə düzəliş edəsiniz.
Yaxud Brejnevin hakimiyyəti dövründə Siyasi Büronun iclasında Voronov baş katibin üstünə qışqırıb. İclasda yeni avtomobil zavodunun inşası müzakirə edilib. Voronov təklif edib ki, zavod Krasnoyarskda tikilsin. Brejnev bildirib ki, zavodun tikintisi Naberejnıe Çelnı şəhərində nəzərdə tutulub. Bunu eşidən Voronov yerindən qalxaraq əlini stola çırpıb:
-Deməli, siz hər məsələyə təkbaşına qərar verirsiniz. Yaxud da bir neçə nəfər yığışıb qərar qəbul edirsiniz. Belədirsə, onda Siyasi Büro nəyə və kimə lazımdır. Mən bunu sizin özbaşınalığınız kimi qəbul edirəm.
Brejnev bu cür reaksiyadan az qala şok vəziyyətinə düşüb:
-Siz niyə mənim üstümə qışqırırsınız? Bu cür mədəniyyətsizliyə sizi nə vadar edir?
-Mən qışqırmıram, fikrimi bildirirəm, Siyasi Büro üzvü kimi öz vəzifə borcumu yerinə yetirirəm.
Bu cür reaksiyalara Voronovun siyasi fəaliyyətində çox rast gəlmək olar. Hətta o, 1964-cü ildə Xruşşovun üzünə yaramaz deməkdən də çəkinməyib.
Qeyd edək ki, 1910-cu ildə Tverdə anadan olan Gennadi Voronov orta məktəbi bitirdikdən sonra Tomsk Sənaye İnstitutunda təhsil alıb. Sonralar təhsilini Novosibirsk Marksizm-Leninizm Akademiyasında davam etdirib. O, ilk əmək fəaliyyətinə elektrik kimi başlasa da, bir neçə ildən sonra partiya orqanlarında işləməyə başlayıb. 1939-1955-ci illərdə Çita vilayət Partiya Komitəsinin katibi, ikinci katibi, birinci katibi vəzifələrində işlədikdən sonra Voronov Moskvaya dəvət alıb və SSRİ kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. Voronovun kobud xarakteri, sərt açıqlamaları ona bu vəzifədə çox işləməyə imkan verməyib. Xruşşovun kənd təsərrüfatı sahəsində apardığı islahatları sərt tənqid edən nazir müavini iclasların birində özü Xruşşovun tənqidinə məruz qalıb:
-Mən etiraf edirəm, sizi nazir müavini təyin etməkdə böyük səhvə yol vermişəm. Siz bu gündən vəzifənizdən azad olunursunuz. Zalı tərk edə bilərsiniz.
Bu iclasdan sonra Xruşşov Voronovu nazir müavini vəzifəsindən uzaqlaşdıraraq Orenburq vilayətinə birinci katib göndərib. Uzun-uzadı yazışmalardan, Brejnevin Xruşşovdan bir neçə dəfə xahişindən sonra Voronov 1962-ci ildə Moskvaya qayıdıb. Siyasi Büroda onun Rusiya Nazirlər Sovetinə sədr təyinatı bir neçə saat müzakirə edilib. Səs çoxluğunu nəzərə alan Xruşşov bu təyinata razılıq vermək məcburiyyətində qalıb. Əslində Voronov Brejnevin gələcək planları üçün lazım olub. Belə ki, Brejnev Xruşşovun devrilməsində “cəsarətli” Voronovdan istifadə etməyi planlaşdırıb. Voronov 1964-cü ildə saray çevrilişi zamanı Brejnevin ən fəal tərəfdarlarından biri olub.
Hakimiyyətə gələn Brejnev Voronovun xidmətlərini cavabsız qoymayıb, onu SSRİ Xalq Nəzarəti Komitəsinə sədr təyin edib. Əslində, Voronov Brejnev üçün çox da arzuolunan şəxs sayılmayıb. Baş katib yaxşı anlayıb ki, Voronov nə vaxtsa öz kobudluğunu ona da nümayiş etdirəcək. Ancaq Brejnev tələskənliyə yol verməyib, münasibətləri gərginləşdirməyib. Voronovdan qurtulmaq üçün məqam gözləyib.
Brejnev zaman-zaman Xalq Nəzarəti Komitəsinin səlahiyyətlərini məhdudlaşdırıb. Voronov bununla bağlı ona dəfələrlə müraciət etsə də, Brejnev bu müraciətlərə reaksiya verməyib. Nəhayət, 1973-cü ildə Brejnev Voronovla bağlı məsələyə Siyasi Büronun iclasında son qoyub:
“Mən belə düşünürəm ki, Xalq Nəzarəti Komitəsinin funksiyalarını eyni zamanda bir neçə qurum da həyata keçirdiyindən bu komitənin dövlət strukturunda rolu heç də böyük deyil. Bütün bunları nəzərə alaraq büro üzvlərindən komitənin sədrinin, Voronovun Siyasi Büro üzvlüyündə qalıb-qalmamasına səs verməyi xahiş edirəm...”
Əvvəlcədən razılaşdırılmaya görə büro üzvləri Voronovun Siyasi Büro üzvü qalmasını məqbul saymayıb.
Voronov siyasi karyerasının sona çatdığını yaxşı anlayıb və Brejnevin qəbuluna gedərək vəzifədə qalması üçün sonuncu cəhdini edib.
Brejnev onu dinlədikdən sonra məsələyə münasibət bildirib:
-Gennadi, yəqin ki, sən məni Xruşov kimi yaramaz adlandırmayacaqsan. Mənim sənə məsləhətim oldur ki, istirahətə gedəsən.
Bu sözlərdən sonra Voronov baş katibdən kağız və qələm xahiş edib:
-Leonid İliç, sən yaramaz deyilsən, amma nə sənin komitən, nə Siyasi Büron mənə lazım deyil. İstefamı qəbul edin.
Bununla da dili başına bəla olan Voronovun siyasi karyerasına birdəfəlik son qoyulub. Bir daha siyasi səhnəyə qayıtmağa cəhd göstərməyən Gennadi Voronov 1994-cü ildə, 83 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ