Onlayn ictimai-siyasi qəzet
Keçmiş məcburi köçkün: “Doğma yurdumdan didərgin düşəndə 35 yaşım var idi”
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə fləşmoblar keçirilir. Onlar görülən işlərə, Böyük Qayıdışa münasibət bildirir, geri qayıdan əhaliyə mənəvi dəstək ifadə edirlər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndidə 30 minə yaxın insan yaşayır.
Dövlət Komitəsi tərəfindən hazırlanmış video-fləşmob qurumun rəsmi saytına yerləşdirilib.
2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.
“APA-Economics” xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9581,6 m 447 körpü və ümumi uzunluğu 3871 m olan 16 viaduk inşa edilir.
Məlumata görə, indiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.
Bir məsələni də unutmayaq ki, nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. “Dünya tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb” söyləyən Prezident İlham Əliyevin fikirlərinə söykənərək qeyd edək ki, Böyük qayıdışla bağlı görülən nəhəng işlər qətiyyətli siyasi iradənin və Azərbaycanın artan iqtisadi gücünün göstəricisidir.
“Böyük Qayıdış planı” çərçivəsində son olaraq, yenidən qurulan Xocalı rayonunun Ballıca kəndinə respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 94 nəfər köçürülüb. Kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Xatırladaq ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə dörd köç karvanı olub. Kənddə 90 ailə ( 467 nəfər) məskunlaşıb.
“Doğma yurdumdan didərgin düşəndə 35 yaşım var idi. İndi 68 yaşımdayam. Ömrümün otuz ildən çoxu köçkünlükdə Vətən həsrəti ilə keçdi. Çox sevinirəm ki, uzun illərdən sonra olsa da, bu gün öz torpağıma qayıdıram”.
Bu sözləri Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Südabə Cavadova deyib.
“Atalarımız "Yaman günün ömrü az olar", demişlər. Şükürlər olsun ki, Qarabağımız azad edildi, pis günlərimiz arxada qaldı. Artıq Qarabağın şad günləri başlayıb. Bundan sonra ailəmlə, övladlarımla öz yurdumuzda yaşayacağıq", - deyə Xocalı sakini bildirib.
Onu da qeyd edək ki, “Böyük Qayıdış planı” çərçivəsində artıq azad edilmiş Qarabağımızda körpələr dünyaya göz açır. Belə ki, işğaldan azad edilən Xocalıda ilk körpə səsi eşidilib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, əməkdar jurnalist Afət Telmanqızı məlumat verib: “Xocalının ilk körpəsi dünyaya gəldi. İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Xocalı sakini, 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA-da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballıca kəndinə köçüblər".
Yazını hazırladı: Cavanşir ABBASLI
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ