Onlayn ictimai-siyasi qəzet
Xocalı hərbi canisi Robert Köçəryanın qulağına “səs”, burnuna isə deyəsən “iy” dəyib. Dünən onun böyük fasilədən sonra İrəvanda geniş mətbuat konfransı keçirməsi, Nikol Paşinyanı və Qərbi asıb-kəsməsi, Rusiyanı isə öyməsi Ukrayna böhranının həlli yönündə bəzi müəyyənliklərin ortaya çıxması fonunda diqqət çəkir.
Putinin Ermənistandakı ən sadiq tulası sayılan Köçəryan heç şübhəsiz, Ukraynadan sonra Kremlin Ermənistanla ciddi “məşğul olacağına” ümidlidir. Odur ki, təzədən özünü “satışa” çıxararaq təklif edir – baxmayaraq ki, kapitulyant ölkədə “Qarabağ klanı” daxil, keçmiş xuntaçıların, radikal müxalifətin reytinqi çox aşağıdır.
Amma bu, onları zərrəcə narahat eləmir. Rusiya olan yerdə nə reytinq, nə ictimai rəy? Məgər 1998-ci ildə Moskvanın “dobrosu” və dəstəyi ilə prezident Levon Ter-Petrosyanı devirib yerinə gələn Robikin ictimai nüfuzu fontan vururdu? Xeyr. Ruslarda məsəl var: “Protiv loma net priyoma” (“Loma qarşı fənd yoxdur”)...
Təbii ki, Köçəryan heç vaxt buna açıq şəkildə işarə vurub özünü faş eləməz, iqtidarı duyuq salmaz. Təsadüfi deyil ki, mətbuat konfransında o, üzünə demokrat maskası da taxmışdı. Paşinyana seçki yolu ilə qalib gəlməyin mümkünlüyündən dəm vururdu.
“Əlbəttə ki, qalib gəlmək mümkündür. Hər kəs bu gün bir reytinqə, sabah başqa reytinqə, ertəsi gün üçüncü reytinqə sahib ola bilər. Mən inanıram ki, biz seçkilərdə qalib gələ bilərik”. Bu da ömründə seçki yolu ilə hakimiyyətə gəlməmiş Köçəryanın sözləridir...
Şəksiz, gələn ilki parlament seçkilərində “qələbə” deyərkən o, müstəsna olaraq, Putinin həlledici “səsinə” ümid edir. O Putin ki, seçkilər ərəfəsi yalnızca təbii qazı bahalaşdırmaqla Rusiyaya bağlı müxalifətə babat “kömək əli” uzada, erməni əhalinin güzəranını daha da qəlizləşdirə bilər. Ki, baxın N.Paşinyan və dəstəsi hakimiyyətdə qaldıqca yaşayışınız lap ağır olacaq.
Dünən Köçəryan bu xüsusda öz xalqına “xox” gəlməyə də çalışıb. Nikolu nəzərdə tutaraq, ərz edib ki, Moskva Ermənistanı bağışlamayacaq: “Düşünürəm ki, Rusiya hər şeyi unutmağa hazır deyil. Beynəlxalq münasibətlər belə getmir. Bizim Rusiyadan qopmağımız sonumuzu gətirə bilər. Çətin situasiya ilə üz-üzəyik”...
İndi Paşinynın da ağlı ola, uzaqgörənlik edib parlament seçkilərini bir il qabağa – 2026-dan 2025-ə çəkə, üstəlik, eyni gündə düzəlişlərlə bağlı konstitusiya referendumu keçirib ardınca Azərbaycanla sülh müqaviləsi imzalaya, əlaqələri qaydaya sala, Bakı və Ankara ilə barışa, daha sonra isə qazı və neft məhsullarını optimal qiymətlərlə Azərbaycandan ala. Rusiyanın qazı və hərbi bazaları da o halda gedəcək işinin dalınca, heç birinə ehtiyac qalmayacaq.
Yoxsa ki, Bakı türməsinin çoxdan darıxdığı Xocalı canisinin “süngü” ucunda təzədən hakimiyyətə qayıdışı Azərbaycana müəyyən problemlər yaradacaqsa da, əsl fəlakəti erməni xalqına yaşadacaq...
Söz düşmüşkən, Köçəryan separatçıların məhkəməsi ilə bağlı deyib ki, “Bakıda həm də Ermənistan mühakimə olunur”. Şübhəsiz, bunu o öz aləmində guya erməni tərəfinin günahsız olmasını nəzərdə tutaraq söyləyib. Bakıda isə həqiqətən mühakimə olunan həm də Ermənistandır – işğal dövründə həm separatçı quruma, həm də təcavüzkar ölkəyə (1998-2008) rəhbərlik eləmiş Köçəryanın Ermənistanı.
Yəni müttəhimlər kürsüsündə indi Robik də, Serjik də Araik və Rubenlə yanaşı oturmalı idi. İnanırıq ki, nə vaxtsa haqq öz yerini tutacaq, bütün “daşlar” yerində oturacaq. Allah gec edər, güc edər. Bunu ən yaxşı elə bu şərəfsizlərin özləri bilir. Odur ki, rusun əli ilə hakimiyyətə qayıdıb immunitet qazanmağa çalışırlar.
Hiylə baş tutacaqmı? Nikol vaxtında əks-planları poza biləcəkmi? Nəhayət, Azərbaycanla sülh müqaviləsini tezləşdirib Kremlin və onun Ermənistandakı əlaltılarının əsas “kozır”ını əlindən alacaqmı?
Vaxt gedir. Saat tıqqıldayır...
Z. SƏFƏROĞLU
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ