İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərin taleyi Volqa çayından asılıdır? - ekspertdən ilginc açıqlama

Qorxmaz İbrahimli: “Su daşıyıcıları üzərində suvarma sistemlərinin qurulması dənizin qurumasına gətirib çıxarıb”

Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması region ölkələrini ciddi narahat edir. Bunun səbəblərinin aradan qaldırılması təbii ki, tam mümkün deyil, amma müəyyən önləyici tədbirlər görülməsinin vacibliyi göz önündədir.

İran da məsələ ilə bağlı narahatlığını bildirir. İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının idarə rəisi Ümid Sədiqi İSNA-ya müsahibəsində bildirib ki, Xəzər dənizinin İran sahillərində suyun səviyyəsinin azalması narahatlıq doğurub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Azad İran” Telegram kanalı yayıb.

Ü.Sədiqinin sözlərinə görə, son dövrlərdə Xəzərin sahilləri geri çəkilib və dəniz səviyyəsində 18 metr azalma var.

İdarə rəisi iddia edib ki, yaxın 20 ildə dənizin dörddə biri quruya bilər.

Xəzərin səviyyəsinin dəyişməsini təbii hadisə adlandıran Sədiqi əlavə edib ki, İran çayları Xəzəri yalnız beş faiz su ilə təmin edir: “İran çayları Xəzəri yalnız beş faiz su ilə təmin edir, Volqa çayı isə dənizin 85%-ni təşkil edir. Nəticədə bizim Rusiya ilə daha çox qarşılıqlı fəaliyyətdə olmağımız və bunu koordinasiya etməyimiz lazımdır. Qazaxıstan və Azərbaycanın da Xəzərə tökülən çayları var və biz bu ölkələrlə də işləməliyik. Xəzərin səviyyəsinin enməsi çox vacib və həssas bir məsələdir”.

İran rəsmisinin açıqlamasında bir məqam diqqəti xüsusi cəlb edir və bu, mesaj kimi qiymətləndirilə bilər. Söhbət Volqa çayına işarədən gedir.

Sirr deyil ki, son illərdə Rusiya Xəzəri 85 faiz qidalandıran Volqa çayının təbii axarını müəyyən qədər dəyişib, su ehtiyatı anbarlarına yönəldib, habelə Volqa sahillərində yüz min hektarlarla yeni əkin sahələri salınıb. Bu səbəbdən Volqa çayının Xəzəri qidalandırması məhdudlaşdırılır.

Bu məsələ ilə bağlı Rusiya ilə danışıqlar aparıla bilərmi?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən məsələ ilə bağlı ciddi addımlar atır. O, 10 gün öncə Azərbaycanda səfərdə olan Rusiya prezidenti ilə görüşdən sonra mətbuata açıqlamasında qeyd edib ki, əsas müzakirə mövzularından biri Xəzərin sürətli dayazlaşmasıdır. Ölkə başçısı danışıqlar aparılan otağın pəncərəsindən Vladimir Putinə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərmişdi. Eyni zamanda İlham Əliyev mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəlindiyini açıqlamışdı.

Mövzunun ən ali səviyyədə gündəmə gətirilməsindən sonra Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına dair göstəriş verib. Prezidentin Həştərxan vilayətinin qubernatoru ilə söhbətində əsas diqqət cəlb etdiyi məqamlardan biri məhz Xəzərin dayazlaşması mövzusu olub. Rusiya prezidenti hökumətə məsələnin elmi tərəfdən araşdırılması üçün tapşırıq verəcəyini qeyd edib. Paralel olaraq Həştərxan qubernatoruna Xəzərlə bağlı qısa müddət ərzində hesabat hazırlayıb təqdim etməyi tapşırıb.

Alimlər Xəzər dənizinin dayazlaşmasını siklonların istiqamətinin dəyişməsi ilə əlaqədar Volqa hövzəsində orta illik yağıntının azalması ilə əlaqələndirirlər. Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzinin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Vladimir Uşivtsev mövzu ilə əlaqədar TASS agentliyinə açıqlama verib: “Bu ilk növbədə iqlimin dəyişməsi ilə əlaqədardır. Xəzər dənizinin dayazlaşması bəzi proseslərin nəticəsidir. Təxminən 20 il əvvəl Atlantik okeanından Rusiya ərazisinə siklonlar daxil olurdu, mərkəzi hissədən keçərək Volqa hövzəsinə yığılan su Xəzər dənizinə tökülürdü. Xəzər dənizinin öz buxarlanma balansı var idi. Hazırda bu siklonlar nisbətən şimaldan keçir və yağıntılar Moskva, Sankt-Peterburq ərazisinə düşür və Şimal Buzlu okeanına axır. Hazırda isə Volqada su qıtlığı var, çox dayazlaşıb. Buna görə Xəzər dənizi də dayazlaşıb”, - deyə Uşivtsev bildirib.

Alimin sözlərinə görə, başqa bir siklon dövrü olan Cənub siklonu da hazırkı iqlim reallıqlarında Volqadan yan keçərək yağıntıları Don və Dnepr hövzələrinə axıdır.

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Xəzərin dayazlaşması bir neçə amillə əlaqədardır: “İran dövləti təbiətin mühafizəsinə diqqət yetirsəydi, göllərin, dənizlərin qorunmasının tərəfdarı olsaydı, Urmiyə gölünü düşünərdi. Bununla yanaşı, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının idarə rəisi Ümid Sədiqinin dediklərində həqiqət var. Xəzərin su daşıyıcıları suvarmaya cəlb olunduğu üçün dənizin suyu azalır. Bu, ciddi amildir. Eyni zamanda yay fəslində buxarlanma da suyun səviyyəsinə ciddi təsir edir. Urmiyə gölü hazırda ekoloji fəlakətə məruz qalır. Su daşıyıcıları üzərində suvarma sistemlərinin qurulması gölün qurumasına gətirib çıxarıb. Xəzərin əsas su daşıyıcıları Volqa, Ural, Terek, Kür çayları, o cümlədən cənub zonasından axan çaylardır. Rusiyada Volqaboyuda, çay üzərində suvarma sistemlərinin qurulması, iqlim dəyişikliyi ilə əlaqədar quraqlığın artması ciddi amillərdir. Bütün bunlarla yanaşı, mən çox da ümidsiz deyiləm. Ötən əsrin 80-ci illərində Xəzər dənizinin səviyyəsi yüksəlirdi. Bakı şəhəri ətrafında bulvar demək olar ki, sıradan çıxmışdı. Dənizkənarı Milli Parkın infrastrukturu elə qurulub ki, dəniz yüksəlsə, ərazi su altında qalmasın. İndi isə Xəzərdə çəkilmə müşahidə olunur. Buna görə də park dənizdən çox aralı qalır. Bu da bir problemə çevrilib. Yəni Xəzər dənizində yüksəlmə və dayazlaşma dəfələrlə müşahidə olunub. Xəzər yeni geoloji erada yaranmış göldür. Mülayim subtropik qurşaqda yaşayırıq. Hazırda yay fəslidir. Bu coğrafiyada isə yay quraq keçir. Quraqlıq səbəbindən Xəzərə su daşıyan Volqa, Terek, Kür çayları üzərində suvarmaya daha çox ehtiyac olur. Suvarma mədəniyyəti istər Rusiyada, istərsə də Azərbaycanda düzgün deyil. Nəticə etibarilə Xəzərin suyunun azalmasının şahidi oluruq. Hesab edirəm ki, payız fəslində yağıntılar çox olacaq. Qış fəslində isə Rusiyada bol qar yağışı gözlənilir. Nəticədə Xəzərin səviyyəsində qismən yüksəlmənin şahidi olacağıq”.   

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR