Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Qərarın verilməsinin səbəbi həm logistikanın, həm də turizmin inkişafı ilə bağlı olsa da...”
Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklik edib. Bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur. Bu faktiki Xəzəri Bakıdan ayırmaq qərarı kimi də izah edilə bilər. Bəs hökuməti belə qərara vadar edən nədir? Xarici investorlar bunda maraqlı ola bilərmi?
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, belə bir qərar iki səbəbdən verilə bilər. İlkin səbəb Azərbaycanda Xəzər dənizinin suyunun geri çəkilməsi ilə limanlarda yaranan problemlərdir: “Azərbaycan regional yükdaşıma mərkəzi olmaq istəyir. Ölkəmizdə suyun geri çəkilməsi iritutumlu gəmilərin limanlara yer almasını çətinləşdirir. Dənizdə limanlara yaxın yerlərdə əlavə torpaq sahələri yaradaraq, daha dərin qatlarda gəmiləri qəbul etmək mümkün olacaq. Digər səbəb isə süni adaların yaradılması ilə Xəzərdə yeni turizm mərkəzlərinin yaradılması ilə bağlıdır. Hökumətin buna aid bir proqramı var. Layihənin nə dərəcədə uğurlu olacağını söyləmək çətindir. Çünki Azərbaycanda turizmlə bağlı həddindən çox problemlər var. Elə quru sərhədlərin bağlı olması turizmə ən böyük zərbə vuran amillərdən biridir. Lakin hər halda, hökumətin belə planları var. Xarici investorların cəlb ediləcəyi də ehtimal olunur.
Amma bu günə qədər digər turist obyektlərində xarici investorların o qədər də aktiv olmadığını görürük. Məhz bu sahəyə böyük yatırımların olacağını indidən söyləmək çətindir. Məsələn, Dubayda olduğu kimi Bakıda, Xəzər dənizində adalar kompleksi inşa etmək istəyən xarici şirkət görməmişik. Ən azından mənim belə bir plan haqqında məlumatım yoxdur.
Qərarın verilməsinin səbəbi həm logistikanın, həm də turizmin inkişafı ilə bağlı olsa da, həyata keçirilmə mexanizmləri haqqında ictimaiyyətə və biznes çevrələrinə əlavə informasiya verilməyib. Qanunvericiliklə necə tənzimlənəcəyi açıqlanmır. İstənilən özəl investor bundan istifadə edə biləcəkmi? Yoxsa hansısa formada dövlət lisenziyası ilə olacaq? Bu sualların cavabı hələ ki açıqdır.
Əgər bu layihədə xarici və ya özəl investorlar fəaliyyət göstərəcəklərsə, turizm inkişaf edəcəksə, gəmi limanlarının dəyişdirilməsi Azərbaycanda logistik gəlirlərin artmasına səbəb olacaqsa və normal bir sistem qurulacaqsa, iqtisadi cəhətdən sərfəli olacaq. Amma hələ ki bununla bağlı hansısa əlamət görmürük.
Azərbaycanda turizm neçə ildir prioritet elan olunmasına baxmayaraq, turizmin qəbulunda Gürcüstandan 4 dəfə geridəyik. Deməli, turizmin inkişafı üçün digər istiqamətlərdə də irəliləyə doğru pozitiv addımlara ehtiyac var.
Dünyada əsasən ərəb ölkələrində belə təcrübə var. Orada Böyük Britaniya şirkətləri həmin planı hazırlayıb həyata keçirməsinə kömək etdilər. Dünyada ən məşhur süni adalar Dubaydadır. Orada tikilən villaların qiyməti həddindən artıq bahadır və Devid Bekhem kimi məşhur insanlar oradan evlər alıblar".
Maraqlıdır, Azərbaycanda belə qlobal layihələr olacaqmı? Belə bir investisiya mühiti yaranacaqmı?
Ekspert deyir ki, bu məsələ ciddi sual doğurur. Bundan öncə də belə səs-küylü layihələr olub: “Xatırlayırsınızsa, "Xəzər adaları" adlı layihə də olmuşdu. İş adamlardan biri deyirdi ki, 100 milyardlarla vəsait qoyulacaq, böyük bir şəhərcik salınacaq, amma heç nə olmadı. Beynəlxalq Bankdan götürülən kreditin qaytarılması ilə bağlı böyük bir problem yarandı. Azərbaycanda belə layihələrin elanını çox görmüşük. Lakin realizə olunmasında problemlər var. Problemlər varsa, deməli, yanaşma, vergi siyasəti dəyişməlidir. Xarici investorlar Azərbaycana can atmalıdır. Bütün bunlar təşkil olunmalıdır ki, verilən qərarlar da sonradan effekt versin. İstənilən xarici investor ölkəyə gələrkən bir neçə sualına cavab axtarır. İlk olaraq onu qoyduğu investisiyaların qorunması maraqlandırır. Bunun üçün məhkəmə sistemində yeniliklərə ehtiyac var. Məhkəmə sistemi daha ədalətli və sürətli çalışmalıdır. Daha sonra investorların gedəcəkləri ölkədə beynəlxalq müqavilələrdə iştirakçılıq nə səviyyədədir. Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatına hələ də üzv deyil. İnvestorlar üçün bu çox vacibdir. Bu təşkilat investisiyaların qorunmasında çox ciddi rol oynayır. Xarici şirkətlər həmçinin vergi və gömrük qanunvericiliyinə nəzər salırlar. Azərbaycanda Vergi Məcəlləsinə son 6 ildə 1000-dən çox əlavə və dəyişikliklər edilib. Bunlar bütöv halda deyil, məntiqsizliklərlə doludur. Bütün bunlar düzəlməlidir ki, sonradan investor daha rahat şəkildə Azərbaycana investisiya qoysun. Gürcüstan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan və vergiləri aşağı saldıqdan sonra xarici investorları cəlb edə bildi".
Şahanə RƏHİMLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ