Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Qazaxıstan Transxəzər nəqliyyat dəhlizi layihəsinin ən aktiv iştirakçılarıdır
Fevralın 17-də Tehranda 3-cü Xəzər İqtisadi Forumu işinə başlayıb. 18-də də davam edəcək Forumda Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan hökumət başçılarının iştirakı planlaşdırılırdı. Lakin Rusiya tərəfindən tədbirə baş nazirin müavini Aleksey Overçuk geniş nümayəndə heyəti ilə qatılıb. Azərbaycandan tədbirdə sahə qurumlarının rəhbərləri ilə birlikdə baş nazir Əli Əsədovun iştirak edəcəyi nəzərdə tutulur.
Bundan əlavə, İran mediasının məlumatına görə, Tacikistanın baş naziri Kohir Rəsulzodanın başçılıq etdiyi nümayəndə heyəti İranın birinci vitse-prezidenti Məhəmmədrza Arefin rəsmi dəvəti ilə forumda iştirak edəcək.
Qeyd edək ki, Xəzər İqtisadi Forumunun təşəbbüskarı Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədov olub. İlk dəfə Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 11-12-də Türkmənistanda Türkmənbaşı şəhərində keçirilib. Berdiməhəmmədov Forumun “çoxtərəfli iqtisadi dialoq üçün daimi platforma” kimi yaradılmasını və hər il növbə ilə Xəzəryanı dövlətlərdə görüşlərin keçirilməsini təklif edib, lakin COVİD-19 pandemiyası səbəbindən 2020 və 2021-ci il forumları təxirə salınıb.
İkinci Xəzər İqtisadi Forumu 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib. Forumda həm Xəzər beşliyinə daxil olan dövlətlərdən, həm də bəzi qonşu ölkələrdən (xüsusən Belarus, Qırğızıstan və Özbəkistandan) 1000-dən çox nümayəndə iştirak edib. Forumda birgə nəqliyyat, enerji, ekoloji və digər layihələr müzakirə olunub. Bu tədbir Ukraynada işğalçı müharibə başladan Rusiyanın beynəlxalq təcridi fonununda Moskvanın xüsusi səyi ilə geniş təbliğat fonunda baş tutub. Forumda əsas diqqət Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına yönəldilib. Həştərxan və Mahaçqalada Xəzər dənizi sahilində nəqliyyat infrastrukturunun yaradılması, eləcə də İran-Azərbaycan-Rusiya marşrutu üzrə daşımaların həyata keçirilməsi ilə bağlı dəhlizin inkişafına dair bir sıra layihələr təqdim olunub.
Üçüncü Forum hazırda ABŞ-ın sərt təzyiq siyasətinə məruz qalan İranın paytaxtında keçirilir. Əsas müzakirə mövzuları nəqliyyat əməkdaşlığının inkişafı, ekologiya, səhiyyə, turizm, tranzit daşıma, ticarət əlaqələri və bank sektorunda qarşılıqlı fəaliyyət məsələləri olacaq.
Qazaxıstan hökumətinin məlumatına görə, “Xəzəryanı ölkələrin ətraf mühit, səhiyyə və turizm sahəsində əməkdaşlığı” adlı dördüncü tematik sessiyada ğölkənin ekologiya və təbii sərvətlər nazirinin müavini J.Ş.Əliyev çıxışında Xəzər regionu ölkələri arasında ətraf mühitin mühafizəsi sahəsində güclü və səmərəli əməkdaşlıq qurulduğunu bildirməklə yanaşı, gündəlikdə duran mühüm ekoloji məsələlərdən birinin Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması olduğunu vurğulayıb: “Son illərdə biz iqlim dəyişikliyinin təsirlərinin regionumuzda getdikcə daha aydın göründüyünü, ətraf mühit, iqtisadiyyat və cəmiyyətlərin rifahı üçün ciddi problemlər yaratdığını gördük. Bu problemlərin həlli Xəzər dənizinin sahillərini bölüşən bütün ölkələr arasında sıx əməkdaşlıq tələb edir".
Rusiya tərəfinin forumdan əsas gözləntiləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, ölkələrlə ticarətdə yaranan maliyyələşmə problemləri, həmçinin Rusiya-İran-Azərbaycan elektrik şəbəkələrinin əlaqələndirilməsi istiqamətindədir.
İran tərəfindən verilən açıqlamalara əsasən martın əvvəlində Rusiya, Azərbaycan və İran arasında Rəşt-Astara və Astara-Astara dəmiryol xəttinin tikintisinə dair yeni saziş imzalanacaq. Rusiya 2023-cü ilin mayında Rəş-Astara xətti üçün 1,2 milyard avro dəyərində kredit ayırsa da, indiyədək nəzərdə tutulan işlərin 20 faizi belə icra olunmayıb. Moskvadan verilən məlumata əsasən, buna İran tərəfinin yolun keçəcəyi ərazilərdə torpaq ayrılması işlərinin 30 faizini həyata keçirməsidir. Dekabrda Rusiya nümayəndə heyəti İrana gedərək prezident Məsud Pezeşkianla görüşüb, bu istiqamətdə Tehranın dəqiq öhdəliklər götürməsinə nail olub.
Yanvarda Pezeşkianın Moskvaya səfəri zamanı gözlənilmədən Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkiləcəyinə dair açıqlamalar verilib. Hər iki ölkənin prezidenti illik 55 milyard kubmetr ötürücülük gücündə olacağı gözlənilən kəmərin tikintisinə dair 3 ölkə arasında danışıqlar aparıldığını açıqlasalar da, Azərbaycandan bununla bağlı hər hansı açıqlama verilməyib.
Digər məsələ - bank əməliyyatlarıdır. ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar Rusiyanın və İranın digər ölkələrlə ticarətində böyük problemlərə səbəb olur. Bu baxımdan, hər iki ölkənin digər Xəzəryanı ölkələrdən gözləntiləri böyükdür.
Onu da qeyd edək ki, forum iştirakçısı olan 5 ölkənin hamısı Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin iştirakçısıdır. Lakin onlar həm də müəyyən qruplarla başqa nəqliyyat layihələrində də əməkdaşlıq edirlər. Belə ki, Azərbaycanla Qazaxıstan Asiyadan Avropaya yükdaşımaların həyata keçirildiyi Transxəzər nəqliyyat dəhlizi layihəsinin ən aktiv iştirakçılarıdır. Türkmənistan, İran və Azərbaycan Rumıniya və Gürcüstanla birlikdə başqa bir layihənin icrasında əməkdaşlıq edirlər. Eyni zamanda Azərbaycan Özbəkistan, Qırğızıstan və Türkmənistanla birlikdə fərqli bir ticarət-nəqliyyat layihəsində işləyirlər.
Beləliklə, Xəzəryanı ölkələrin əməkdaşlıq platformaları çoxsaylı və çoxspektrlidir, müxtəlif konfiqurasiyalarda əlaqələr qurulur.
Tehran və Moskvanın marağında olduğu əsas layihə - Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi Donald Trampın rəhbərliyində ABŞ-ın İrana qarşı sərt təzyiq siyasətinə yenidən qayıtması fonunda ciddi çağırışlarla üzləşib. Bunların arasında ən mühüm olanı Hindistanın İranın Çabahar limanında gördüyü işlərin ABŞ sanksiyalarına görə dayandırılması ehtimalıdır. Trampın Hindistanla yalnız İMEC - Hindistan-Səudiyyə Ərəbistanı-İsrail-Avropa nəqliyyat-kommunikasiya layihəsində əməkdaşlıq edəcəyinə dair açıqlaması Xəzəryanı ölkələr üçün ciddi siqnal kimi qiymətləndirilməlidir.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ