İnsanlara hürriyət, millətlərə istiqlal!

Xələl gətirən 304 nəfər

Uşaq vaxtı bizə öyrədirdilər ki, məsəl üçün, sənət aləminin korifeyləri Bethovendir, Qara Qarayevdir, Pikassodur, nə bilim, bəd ayaqda Səyavuş Aslandır. Sonra elə bir dövr gəldi, İlhamə xanım efirdən şəxsən bəyan elədi: “Korifey özüməm”.

O cümlədən, əvvəllər biz elə zənn edirdik fenomen deyiləndə Üzeyir Hacıbəyli nəzərdə tutulur, ancaq Üzeyir Mehdizadə fenomen çıxdı.

Hazırda vəziyyət lap qəlizdir. Görürsən kimsə ekranda bozbaş asır, minlərlə, milyonlarla adam ağzının suyunu axıda-axıda ona baxır və nəticədə fenomen ünvanı qazanır. Qarpız təpikləmək, ən sürətli burun qurdalamaq, dırnağını uzatmaq, öz qulağına tüpürmək, hörümçək yemək və sairə üzrə fenomen olanlar da vardır. (Siyahını təxminən, gümanlarım əsasında yazıram, çünki belə şeyləri izləmirəm).

Əlbəttə, heç kimin işinə, şəxsi dünyagörüşünə, həyatına qarışmaq olmaz, bu yuxarıdakı ağsaqqal nəsihətlərini də niyə yazdım, bilmirəm. Hamısı bekarçılıq əlamətidir.  Laroşfuko demişkən: “Bekarçılıq bütün qəbahətlərin anasıdır”. İndiki fenomenlər nəsli tanımaz, Laroşfuko da bizim yeniyetməlik dövrünün “Cemal Süreyya”sı, “Ceyson Stethem”i, canım sənə desin “Albert Eynşteyni” idi, kim afyorizm uydurmaq istəsə Laroşfukonun adından uydururdu. Doğrudur, rəhmətliyin “Bir axmaq bizi tərifləməyə başlayanda, artıq axmaq kimi görünmür” tipli maraqlı fikirləri var idi, ancaq çox vaxt “Yaz gələndə havalar qızır” tipli müdrik sözləri də Laroşfukonun adından yayırdılar.

Sözü ona gətirirəm ki, işin adını qoymaq o işin özü qədər vacibdir. (İndi sadiq oxucular başını tutacaq: “Vay, dədə, bu indi yenə hansısa yer adlarını araşdıracaq”. Qorxmayın. İçimdəki toponimika qurdunu müvəqqəti əzmişəm). Gələcək necə olacaq, hansı addımı atsaq nə baş verər - bunlar da çox zaman insandan asılı olmur. “Allahı güldürmək istəyirsənsə, gələcək planların haqda danış” - belə də afyorizm var.

Keçən günlərdə Maliyyə Nazirliyinin adından xəbər yayılmışdı, deyir, 2024 və 2025-ci illərdə COVİD-19 pandemiyası aktual olmayacaq, büdcə, pul siyasətimizi planlaşdırarkən bu virusu nəzərə almaq vacib deyil.

Bu arxayınçılığa ehtiyac yoxdur. Axmaq virusdur, bir də gördün təzədən qayıtdı. Elə hörmətli nazirliyimizin sənədi açıqladığı günün axşamı COVİD-ə yoluxma sayımız birdən-birə 140 nəfərə çatmışdı, halbuki, əvvəlki günlər 4-5 ola, olmaya. Damazlıq virus tapılmayan vəziyyətdə az qalırdı yenə xəstəxanalar dolsun. Sən saydığını say, gör virus nə sayır.

Yaxud, bu tarixi günlərdə kim ağlına gətirə bilərdi ki, YAP-ın nüfuzuna ziyan vurmaq olar? Olarmış. Buyurun, 21 sentyabrda hakim partiyada iclas düzəldilib, nə az, nə çox, düz 304 nəfər YAP-ın nüfuzuna xələl gətirdiyi üçün üzvlükdən xaric edilmişdir. Sitat: “Partiya nüfuzuna xələl gətirən 304 nəfər YAP sıralarından xaric olunub”. Sitatın sonu. (Açığı, birdən ağlıma gəldi ki, bu cümləni təkrarlamaq nəsə mənim xoşuma gəlir).

Dəhşətdir. Bir deyil, beş deyil... Bu 304 nəfər YAP-ın nüfuzuna xələl gətirməyə harda, necə, hansı ürəklə, necə bir cəsarətlə imkan, fürsət, vaxt, şərait, alət, vasitələr tapmışdır? Ağlasığmazdır.

Əlbəttə, YAP üzvlərinin sayı yüz minlərlə ölçülür, ona görə 304 nəfərin çürük çıxması nəyisə dəyişdirməz. Ancaq yenə də partiyanın nüfuzuna xələl gətirən 304 nəfər üzvlükdən xaric olunub və bunu yazan mən deyiləm.

Çalışmaq lazımdır partiya üzvləri xələt gətirsin, xələl gətirməsin. Fenomen üzv olmalısan, o cümlədən.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR