İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkovu dağıdan Firov – Hitlerin generalı törətdiyi cinayətlərə görə peşman olmayıb

Onun iş “məhsuldarlığı” Vermaxt rəhbərləri ilə yanaşı, Adolf Hitlerə də yaxşı məlum olub. Təsadüfi deyil ki, hələ 1930-cu illərin ortalarında, II dünya müharibəsi başlanmazdan əvvəl fürer hərbçilərlə keçirdiyi müşavirələrdə Ervin Firovun adını dəfələrlə çəkərək onun peşəkarlığı haqqında çox böyük səxavətlə yüksək fikirlər söyləyib.

Bəli, Firov həqiqətən də hərbçi kimi peşəkar olub, amma onun 3-cü Reyx rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi heç də peşəkarlığı ilə bağlı olmayıb. Firov daha çox qəddarlığı, cəlladlığı, mərhəmət hissindən məhrum olması ilə Almaniya rəhbərliyini qane edib. Hitler başlayacağı dünya müharibəsində Firovun fəaliyyətini və xidmətlərini bir neçə il əvvəldən görüb, ona böyük inamı və etimadı olub.

Bundesarchiv_Bild_146-1987-136-07,_Erwin_Vierow.jpg (66 KB)

Ervin Firov 1890-cı ildə Berlində anadan olub. Həmin şəhərdə ali hərbi təhsil alıb. I dünya müharibəsində gənc zabit kimi fərqlənib. Müharibədən sonrakı fəaliyyətini Almaniya ordusunda davam etdirib, baş qərargahda bir neçə şöbə və idarəyə rəhbərlik edib. 1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Firovun hərbi karyerasında yeni mərhələ başlanıb. Hitlerin ordu quruculuğu sahəsində apardığı islahatlarda Firovun piyada qoşunları ilə bağlı irəli sürdüyü təkliflər fürerdə onun haqqında müsbət təəssüratlar yaradıb və 1935-ci ildə Firova general rütbəsi təqdim edilib.

II dünya müharibəsi başlananda Firov 9-cu motoatıcı diviziyaya komandir təyin edilib. Vermaxt qoşunlarının müharibənin ilk ilində qazandığı uğurlarda onun adı xüsusilə vurğulanıb. 1940-cı ilin sonunda generala 55-ci ordu korpusunun komandanı vəzifəsi həvalə edilib və bu korpus Ukrayna ərazisində hərbi əməliyyatların keçirilməsi üçün hazırlanıb.

Bundesarchiv_Bild_183-B13132,_Charkow,_Sturmgeschütz_und_Schützenpanzer.jpg (116 KB)

Firov hərbi xidmətində ən böyük uğuru 1941-ci ildə qazanıb. Oktybarın 24-də onun komandanı olduğu 55-ci ordu korpusu və Vermaxtın 6-cı ordusu Xarkovu işğal edəndə general Hitlerdən şəxsi təşəkkür məktubu alıb və həmin məktubda Firov işğal olunmuş Xarkovun komendantı təyin edilib.

Bütövlükdə sovet-alman müharibəsi dövründə Xarkovun işğalı SSRİ-də ən uğursuz bir əməliyyat sayılıb. Bu uğursuzluğun əsas müəlliflərindən biri də Baqramyan olub. Qeyd edək ki, SSRİ-nin ən böyük sənaye şəhərlərindən biri sayılan Xarkovda 1941-ci ilə qədər əhalinin sayı 901 min nəfər olub. Müharibənin başlandığı ilk həftələrdə müharibə bölgələrindən təxliyə olunanlarla birlikdə şəhərdə əhalinin sayı 1 milyon 500 min nəfərə çatıb. Xarkov 641 gün almanların işğalı altında qalıb. İşğaldan sonra Xarkovda cəmi 180 min insan qalıb. Ukraynanın Stalinqradı adlandırılan Xarkov almanlar tərəfindən böyük dağıntılara, kütləvi insan qırğınlarına məruz qalıb. Bu işdə şəhərin komendantı general Firovun xüsusi “xidmətləri” olub.

IjGM5NCl8yaWrQU3jJ8OkUQpl7kZitiX.jpg (177 KB)

Təkcə işğalın ilk iki günündə Firovun əmri ilə şəhərin mərkəzi meydanlarında 116 nəfər asılıb. Firov gün ərzində bir neçə dəfə radio ilə çıxışlar edib. Bu çıxışların arasında işğal ərazisində xidmət edən alman hərbçilərinə müraciət daha amansız səslənib: “...Mən qalib alman döyüşçülərinə böyük qürur hissi ilə müraciət edirəm. SSRİ-nin üçüncü ən böyük sənaye şəhəri olan Xarkova sahib çıxmaq sizin qəhrəmanlığınızın nəticəsidir. Düşmənə heç bir güzəşt və mərhəmət olmamalıdır. Onlar ən ağır cəzalara, güllələnməyə, asılmağa məhkumdurlar. Bu şərəfli işdə sizə uğular arzulayıram...”

İşğal dövründə Xarkovda eyvanlardan, işıq dirəklərindən, meydanlarda qurulmuş dar ağaclarından insanların asılmasını müşahidə etmək adi hal sayılıb. Bununla yanaşı, şəhərdə xüsusi maşınlar da peyda olub. Onları “qazovagen” adlandırıblar. Yük maşınına bənzəyən bu avtomobillərin yük yerinə 50-dən artıq adam yerləşdirilib və ora qaz buraxılıb.

Bundesarchiv_Bild_146-1981-084-17,_Erwin_Vierow.jpg (68 KB)

Cəllad generalın qəzəbinin həddi-hüdudu olmayıb. Yaşlı insanlara və uşaqlara işgəncələrin verilməsi, gənc qadınların zorlanması, yerli əhalinin çörək normasınadan məhrum edilməsi kimi dəhşətli əməllər Firovun komendant fəaliyyətinin əsas tərkib hissəsi olub. Bu fəaliyyətinə görə o, dəfələrlə Almaniyanın ali mükafatlarına layiq görülüb.

1943-cü ildə Firov Hitlerin təşəbbüsü ilə Vermaxtın şimal-qərb ordusuna komandan təyin edilib. General 1945-ci ilin aprel ayına qədər bu vəzifədə xidmət edib. Aprelin 30-da Firov Britaniya qoşunları tərəfindən həbs edilib. Britaniya hərbi tribunalının hökmü ilə o, 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

05000000-800x537.jpg (144 KB)

Azadlığa çıxdıqdan sonra Firov bir müddət Avstriyada yaşayıb, daha sonra isə Berlinə köçüb. Ömrünün son illərində müharibə xatirələrini qələmə alan general jurnalistlərlə ünsiyyətdən heç vaxt yayınmayıb. Ona törətdiyi hərbi cinayətlərdən, cəlladlığından sual ünvanlayanda Firov təmkinin pozmadan cavab verib: “Mən hərbçi olmuşam, hərbçinin ilk vəzifəsi də yuxarı komandanlığın əmrlərini müzakirə etmədən icra etməkdir. İkincisi isə bu, müharibədir. Müharibədə heç kim heç kimi restorana dəvət etmir. Mənə ünvanlanan bu cür ikibaşlı suallara bir cümlə ilə cavab verə bilərəm, mən dövlətimin, fürerimin sadiq əsgəri olmuşam, bundan qürur hissi duyuram...”

Ervin Firov 1982-ci ildə 92 yaşında ölüb.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR