Onlayn ictimai-siyasi qəzet
Azərbaycan iqtisadiyyatı çox böyük ölçüdə neft-qazdan asılı olaraq qalır
Bu ilin ilk yarısında Azərbaycanın tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 4 milyard dollar məbləğində profisit yaranıb.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “Pul siyasəti icmalı”nda yer alıb. Sözügedən məlumatda qeyd edilib ki, bu ilin yanvar-iyun ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 21,8 milyard dollar təşkil edib ki, bunun da 12,9 milyard dolları və ya 59,3 faizi ixracın, 8,9 milyard dolları və ya 40,7 faizi isə idxalın payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk yarısında xarici ticarət balansında 7,5 milyard, 2022-ci ilin ilk yarısında isə 13 milyard dollar məbləğində profisit yaranmışdı.
Profisitin azalmasında əsas rol neft-qaz sektoru məhsullarının ixrac həcmi və dəyərinin düşməsinə məxsusdur. Neft ixracı həcminin azalması, dünya bazarında təbii qazın kəskin ucuzlaşması Azərbaycanın ixracının və bütövlükdə xarici ticarət dövriyyəsinin həcminin dəyər baxımından azalmasına gətirib çıxarır. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azdır.
Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Nəticədə son 1 ildə ixrac 22,5 faiz azalıb, idxal isə 12,9 faiz artıb. Yeddi ayın yekununda xarici ticarətdə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, yeddi ayda ixracdakı azalmanın əsasında neft-qaz sektorundan ixracın azalması dayanır. Belə ki, hesabat dövründə ölkədən 14 milyard 224 milyon 266.44 min dollarlıq neft-qaz sektoru məhsulu ixrac olunub. Bu, ötən ilin eyni dövrünə nəzərən 34,2 faiz azalma deməkdir: həmin dövrdə neft-qaz ixracımız 18 milyard 770 milyon 50,1 min dollar olub.
Neft-qaz sektoru üzrə ixracdan əldə olunan gəlirlərdən ən böyük azalma yenə də qaz ixracında qeydə alınıb. Belə ki, cari ilin yeddi ayında Azərbaycan xaricə 13 milyard 845 milyon kubmetr qaz ixrac edilib, bundan ölkəyə 4 milyard 756 milyon dollar daxil olub. Ötən ilin eyni dövründə 13 milyard 414 milyon kubmetr qaz ixracından gəlirimiz 8 milyard 934 milyon dollar olmuşdu. Bu, illik ifadədə təbii qaz ixracının həcm baxımından 3,2 faiz artdığını, əldə olunan gəlirin isə 53,2 faiz azaldığını göstərir.
Bu il neft-qaz ixracı ilə yanaşı, qeyri-neft-qaz məhsullarının ixracında da azalma qeydə alınır. Belə ki, yeddi aylıq ixracın 1 milyard 576 milyon 156.28 min dolları qeyri-neft məhsullarının payına düşür. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz azalma deməkdir. Ötən ilin eyni dövründə qeyri-neft məhsullarının ixracının həcmi 1 milyard 797 milyon 413.62 min dollara bərabər olmuşdu.
Azərbaycan mənşəli qeyri-neft məhsulları arasında ixracı ən çox azalan elektrik enerjisidir. Belə ki, ötən ilin yanvar-iyulunda Azərbaycanın enerji ixracı 314 milyon 455.23 min dollar dəyərlə 2,8 milyard kVt/saat təşkil etmişdi. Bu ilin analoji dövründə ixrac həcmi 941 milyon kVt/saat, dəyəri isə 51 milyon 786.66 min dollara qədər azalıb.
Bu il ixracı azalan qeyri-neft məhsulları arasında meyvə-tərəvəz də var. Belə ki, yanvar-iyul ayları ərzində ölkə 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracının dəyəri 4 faiz və ya 16.3 milyon dollar, həcmi isə 7.2 faiz və ya 28.4 min ton azalıb. Ötən ilin 7 ayında Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396.9 min ton meyvə-tərəvəz ixrac etmişdi.
Hesabat dövründə ən ixrac olunan meyvə-tərəvəz məhsulları 139.5 milyon dollar dəyərində pomidor (116.9 min ton) , 54.5 milyon dollar dəyərində meşə fındığı (8 844 ton), 27.8 milyon dollar dəyərində xurma (35.4 min ton), 23.6 milyon dollar dəyərində alma (35.4 min ton ), 20.4 milyon dollar dəyərində kartof (48.2 min ton), 3.3 milyon dollar dəyərində nar (3651 ton) olub. Bu məhsullardan kartof, xurma, nar, meşə fındığı ixracında azalma, yalnız pomidor ixracında artım qeydə alınıb. Belə ki, bu ilin 7 ayı ərzində 2023-cü ilin 7 ayı ilə müqayisədə Azərbaycandan pomidor ixracı dəyər ifadəsi ilə 15 milyon 357 min dollar və ya 12,4 faiz, miqdar ifadəsi ilə 5 min 65 ton və ya 4,5 faiz artıb. 2023-cü ilin 7 ayında Azərbaycandan 124 milyon 1667 min dollar dəyərində 111 min 871 ton pomidor ixrac edilmişdi.
Qeyri-neft məhsulları arasında ixracında kəskin artım olan məhsullardan biri pambıq lifidir. Ötən ilin yeddi ayında Azərbaycandan xaricə 43,5 min ton həcmində pambıq lifi satılaraq 79,6 milyon dollar gəlir əldə olunmuşdusa, bu il ixrac həcmi 82,5 min tona, əldə olunan gəlir isə 126,4 milyon dollar yüksəlib.
Azərbaycanın artan idxalında Çin birinci yerdə qərarlaşıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycanla HonKonq da daxil olmaqla, Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard 976 milyon 598,42 min dollar təşkil edib. Ötən ilin yeddi ayında bu göstərici 1 milyard 622 milyon 417,18 min dollar olmuşdu. Bu isə ticarət həcmlərinin illik ifadədə 22 faiz artdığını göstərir. Təəssüf ki, bu artım əsasən Çinə ixracın azalması fonunda idxalın çoxalması hesabınadır. Belə ki, ötən ilin 7 ayında Azərbaycandan Çinə 65 milyon 102,90 min dollarlıq mal və məhsul ixrac olunmuşdusa, bu ilin eyni dövründə göstərici 5 dəfəyə yaxın azalmaqla 13 milyon 636,26 min dollara düşüb...
İdxalımızda ikinci böyük paya sahib Rusiya ilə ticarətin həcmində də ixracın azalması hesabına böyümə qeydə alınıb. Gömrük statistikasına əsasən 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2 faiz və ya 127.5 milyon ABŞ dolları artıb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 7.8 faiz azalaraq 656 milyon 46 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 10.6 faiz artaraq 1 milyard 916.7 milyon dollara bərabər olub.
Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu dövrdə Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və başqa məhsullar ixrac edilib. Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin yaydığı (“Rosselxoznadzor”) məlumata görə, 2024-cü ilin əvvəlindən Rusiyaya Azərbaycandan 338,7 min ton meyvə-tərəvəz tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövrü üçün olan göstəricidən (352 min ton) 3,8 faiz aşağıdır. Yeddi ayda Azərbaycandan Rusiyaya xurma tədarükü 71,3 faiz - 18,2 min tondan 31,2 min tona, nektarin 34,2 faiz - 14,1 min tondan 19 min tona, şaftalı 26,6 faiz - 13,7 min tondan 17,4 min tona, çiyələk 10,7 faiz - 17,6 min tondan 19,5 min tona, pomidor 9,7 faiz - 106 min tondan 116,2 min tona qədər artıb.
Statistikaya əsasən, Rusiyadan Azərbaycana ərzaq kartofunun ixracının həcmi xeyli artıb - 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə və 23 min ton təşkil edib. Soğan ixracı da 5,1 dəfə artaraq 7,7 min tona çatıb (Report).
Azərbaycanın idxalında üçüncü yerdə qərarlaşan Türkiyədən bu ilin yanvar-iyulunda 1 milyard 291 milyon 111.87 min dollarlıq mal və məhsul almışıq. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 323 milyon 060.15 min dollar təşkil etmişdi. Bu isə o deməkdir ki, Türkiyədən idxalımızda 2,4 faiz və ya 32 milyon dollar azalıb.
Beləliklə, ixracyönümlü qeyri-neft sektorunun inkişafına dair uzun illərdir aparılan təbliğata rəğmən, xarici ticarət statistikası aydın göstərir ki, Azərbaycan iqtisadiyyatı çox böyük ölçüdə neft-qazdan asılı olaraq qalır...
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ