İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və Ukrayna Rusiyadan gələn hücumlara qarşı “dron divarı” yaradır

Avropa İttifaqı Rusiyanın təkrarlanan pilotsuz uçuş aparatları hücumlarından sonra müdafiə strategiyasını dəyişir və şərq sərhədində “dronlara qarşı divar” qurmaq üçün milyardlarla avro sərmayə yatırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

Layihə Ukraynanın artıq cəbhədə tətbiq etdiyi və effektivliyi sübut olunmuş texnologiyalar əsasında reallaşdırılır.

Ukraynanın təcrübəsi və Baltik ölkələri

Kiyev artıq bu texnologiyanı istifadə edir: akustik sensorlar “Şahed” tipli dronların səsini aşkarlayır və məlumatı pulemyot və zenit topları ilə təchiz edilmiş mobil qruplara ötürür. Bu üsul bahalı raket sistemlərindən qat-qat ucuz başa gəlir. Litva və Latviya oxşar sistemləri tətbiq etməyə başlayıb, Rumıniya isə onun adaptasiyasını öyrənir.

Brüsseldən siqnal və maliyyə dəstəyi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 10-da Polşada rus dronlarının vurulmasından dərhal sonra vahid Avropa “dron divarı” ideyasını irəli sürdü. Onun sözlərinə görə, bu sistem bütün Avropa tərəfindən birgə qurulmalı və dəstəklənməlidir. Brüssel artıq Kiyevlə birlikdə “dron alyansı” yaradır və bu məqsədlə €6 milyard ayırır.

NATO-nun şərq flanqı

Polşa, Baltik ölkələri və Finlandiya sərhədlərin gücləndirilməsi planlarını elan ediblər. NATO isə “Eastern Sentry” missiyası çərçivəsində Finlandiyadan Bolqarıstana qədər qırıcılar, gəmilər və kəşfiyyat sistemlərini dövriyyəyə cəlb edib. Bundan əlavə, şərq cinahının müdafiəsi üçün təqribən €100 milyardlıq kreditlər ayrılıb.

Polşa və Ukraynanın əməkdaşlığı

Ukrayna prezidenti Volodimir Zelenski Polşaya dronlarla mübarizə üzrə birgə təlimlər keçirməyi təklif edib. Polşa Müdafiə Nazirliyi bu istiqamətdə Kiyevlə danışıqların getdiyini təsdiqləyib.

Yeni müharibə reallığı

Tytan startapının rəhbəri Maks Enders Avropanın hələ də qorunmağı öyrənmədiyi yeni təhdidlər qarşısında dayandığını deyib. Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müharibə “iterasiya müharibəsi”nə çevrilib – hər iki tərəf dron texnologiyalarını və onların qarşısını alma vasitələrini daim təkmilləşdirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR