Onlayn ictimai-siyasi qəzet
“Mən ali təhsilliyəm və Xankəndidə yaşayıb, işləmək istəyirəm. Bunun üçün kimə, hara müraciət etməliyəm”.
Bunu Musavat.com-a müraciətində Bakı sakini Babək Cəlilov bildirib.
O, saytımızdan bu məsələnin həll edilməsi üçün kömək istəyib.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə işləmək və yaşamaq istəyənlərin sayı artdığına görə bu qəbildən olan suallar da tez-tez gündəmə gəlir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur:
“Hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə köçürülməsi aparılır. Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur”.
Milli Məclisin Xankəndidən olan VI çağırış deputatı, “Qarabağa Dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev mövzu ilə bağlı Musavat.com-a dedi ki, Xankəndidə yaşamaq üçün ona da çox sayda müraciət edirlər:
“Birinci növbədə Xankəndidən köçkün düşmüş vətəndaşlar orada yaşayacaq. Orada ermənilər yaşayıb, ola bilər sonrakı mərhələlərdə də həmin adamlar köçürülsün. İşlə bağlı isə Qarabağ Regional Dost Mərkəzi var, çalışmaq istəyənlər həmin xidmətə CV-lərini göndərə bilər. Orada uyğun işlə təmin olunarlarsa, həmin vətəndaşlara xidməti ev verilir, aylıq kirayə haqqı ödəyərək yaşaya bilərlər. Amma daimi ev verilmir. Hazırda orada müəssisələrin sayı çox deyil, hələ ki, iş yerlərinin sayı da məhduddur. Bu baxımdan ilk növbədə Xankəndidən məcburi köçkün düşənləri qəbul edirlər ki, onlar orada oturaq həyat keçirə bilsinlər. Hər halda Bakıda işləyib, orada yaşaya bilməzlər. Bunlar nəzərə alınır”.
Agentlikdən qeyd edilir ki, Qarabağda işləmək istəyən şəxslər həm DOST mərkəzləri, həm də regional məşğulluq filiallarına müraciət etməklə vakansiyalarla bağlı niyyətlərini bildirmiş olacaqlar.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib ki, Qarabağda yaşamaq istəyənlər oradan ev ala bilərlər. O, bunun üçün məsələn, Ağdam şəhərində çoxmərtəbəli yaşayış kompleksinin inşa edildiyini bildirib.
2024-2025-ci tədris ilində işə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə təxminən 1000 tələbənin oxuması planlaşdırılır. Qarşıdakı 5 ildə bu rəqəmin 5000-ə çatacağı gözlənilir. İlk təhsil ilində universitetdə yalnız bakalavr, növbəti illərdə isə magistr və aspirantura təhsilinin tədrisi nəzərdə tutulub. Qarabağ Universitetində pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial sahələrdə fakültələrin olacağı nəzərdə tutulur. Universitetdə 70 nəfərlik professor-müəllim heyətinin işləyəcəyi planlaşdırılır. Universitetin professor-müəllim heyətinin dövlət tərəfindən yataqxana və ya mənzillə təmin olunacağı bildirilir.
Afaq MİRAYİQ,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ