İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyidən sonrakı İran - Bolton nəyə işarə edir?

“İranın dini lideri Əli Xamneyinin ölümü bu ölkədə rejim dəyişikliyi ehtimalını hər zamankından daha çox artıracaq”.

Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) səviyyəsində baş verəcək qarşıdurma səbəbindən Xameneyinin ölümündən sonra İranda rejim dəyişikliyi və demokratiyaya keçid ehtimalı həmişəkindən daha çox olacaq. Bolton SEPAH komandirləri və din xadimləri arasında qarşıdurmanı istisna etmir.

Onun fikrincə, İranın dini liderinin ölümü SEPAH-ı həmişəkindən daha həssas nöqtəyə gətirəcək. Bolton Xamneyinin hazırda 84 yaşının olduğunu və xəstəlikdən əziyyət çəkdiyini iddia edib.

ABŞ-ın keçmiş rəsmisi xatırladıb ki, İran liderinin fiziki durumu dəfələrlə pisləşib və Tehran rejimi Xameneyinin ölümündən sonra hakimiyyətin ötürülməsi mərhələsi üçün dəqiq real yol xəritəsinə malik deyil. Boltonun fikrincə, bu o deməkdir ki, SEPAH-a qarşı təzyiqlər həmin andan sonra daha da artacaq və bu onu zəiflədəcək.

Bəs Xameneyidən sonra İranı nə gözləyir? Güneydəki soydaşlarımızın vəziyyətinə hansı təsirlər mümkündür? Ümumiyyətlə, İrandakı rejimin varlığı Xamneyi faktoruna nə dərəcədə bağlıdır?

Fərəc Quliyev: “Ekofəallarımız ermənilərin xülyasını puç etdilər”

Fərəc Quliyev: “Bu cür təxminlərə ciddi yanaşmıram, çünki...”

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev “Yen Müsavat”a açıqlamasında Boltonun təxminlərini bölüşmədiyini bildirdi: “Siyasətdə belə təsadüflərlə proqnozlar bildirmək  və yaxud bir ölkənin taleyini  təsadüfi hadisələrə bağlamaq doğru deyil. Xameneyi dünyasını dəyişəndə başqasını gətirib, onun yerinə qoyacaqlar. Yəni heç nə  dəyişməyəcək. Əslində kollektiv olaraq qərar qəbul edirlər və dini liderlər onların icrasını prezident aparatına tapşırır. Onlar sxemi elə qurublar ki, bir nəfərin dünyasını dəyişməsi ilə hansısa dəyişikliklər olmur.

Artıq indidən Xamneyinin yerinə bir çox namizədlərin adları hallanır. Varislik prinsipi rəsmi elan olunmasa da, hər halda, bir neçə nəfərin onun yerinə olacağı düşüncəsi vardır. Ümumiyyətlə, Amerikanın bu yanaşmasında başqa məqsəd görürəm. Birincisi, fikrimcə, pərdəarxası alver gedir, çünki bir müddət əvvəl İranın Cənubi Koreya banklarında dondurulmuş hesablarının qaytarılmasına icazə veriblər. Həmin hesablara İranın neft satışından əldə olunan pullar toplanırdı. İranın həbs götürülən hesablarında 7 milyard dollar vəsait var idi. Lakin Koreya vonunun məzənnəsi düşdüyünə görə indi vəsaitlər 6 milyard dollara bərabərdir. Yəni bir tərəfdən sanksiyalar tətbiq olunur, digər tərəfdən onun valyutasını qaytarırlar. Qeyd etdiyim kimi, pərdəarxası müəyyən alverlər gedir. Pulu qaytaranda adını qoyurlar ki, "neft sənayesi neftlə bağlı məsələnin səliqəyə salınması üçün"".

Fərəc Quliyevə görə, Amerika İranda daha çox ona uyğun rejimin olmasında maraqlıdır: “İranın formasının dəyişilməsini və onunla hesablaşmasını istəyirlər. Ona görə hər zaman qeyd edirdim ki, Güney Azərbaycanda gedən Milli Azadlıq Hərəkatı heç kimin yadında deyil. Əlbəttə ki, Güney Azərbaycan Milli Hərəkatı bütövlükdə Azərbaycan Milli Azadlıq Hərəkatının bir hissəsidir. Onun Quzeydə nailiyyətləri var, bu  - dövlət quruluşudur. Güneydə isə nailiyyətlər davam edir və bu bizim hamımızın işidir. Bu mənada bizim hərəkatçılar bu cür təxminlərə inanmamalı, onu əsas götürməməli, yeni şəkilləndirmələr etməli, dəyişikliklər etmək üçün işlər görməlidirlər. Yoxsa ki, kimsə öləcək deyə planlar qurmaq doğru deyil. Bəlkə Xamneyi heç ölməyəcək, 100 ildən çox yaşayacaq? Məncə, bu daha çox  kiminsə başının altını yastıqlamaya xidmət edən məsələdir.

İkincisi, Amerika tərəfi onsuz da şahın oğlu üzərində müəyyən gəlişmələr etməyə çalışırdı. Qərbdə də daha çox fransızlar iş görürdü. Yəni hərə öz əlinə oynayır. Beləliklə, bu cür təxminlərə ciddi yanaşmır və hesab edirəm ki, belə məsələlərlə bölgəni və ölkənin taleyini proqnozlaşdırmaq və yaxud  hansısa layihəni hazırlamaq düzgün deyil".

Sədrəddin Soltan: “İrandakı vəziyyətin qənaətbəxş olmayacağı ehtimal  edilir” Pravda.az

Sədrəddin Soltan: “Onun varlığı və ya yoxluğunun Güney Azərbaycana heç bir təsiri yoxdur”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə mövzuya bu cür şərh bildirdi: “ABŞ prezidentinin keçmiş müşavirinin Con Bolton Xameneyidən sonrakı dövrlə bağlı şərhini bir sıra istiqamətə dəyərləndirmək olar. Avtoritar və diktatura rejimlərindən sonra ölkədə vəziyyət necə olur? Xatırladım ki, Xomeyni öləndə onun ölüm xəbərini bir neçə gün gizlətdilər, elan etmədilər, çünki hakimiyyət  bir sıra məsələləri həll etməli idi. Hakimiyyətdaxili problemləri həll etdikdən sonra bu xəbəri elan etdilər. Xamneyi də İranda avtoritet və diktatordur. Bəs Xameneyidən sonra yeni qüvvə kim ola bilər? Burada bir sıra ehtimallar var. Bu ehtimallardan biri oğlu Müctəba Xameneyidir. Bununla bağlı da müəyyən fikirlər səslənir ki, hətta ölkəni Xamneyi deyil, oğlu idarə edir.

İkinci bir məsələ İranda  hakimiyyətdaxili qovğalar məsələsidir. İranda inqilab baş verən gündən bu günə qədər hakimiyyətdaxili ziddiyyətli iki xətt var. Onlardan biri məlum olan liberal-mülayim xətçilərdir, onlara islahatçılar da deyirlər, digəri isə mühafizəkarlar-sərtxətçilərdir. Yəni hazırda hakimiyyətdə dominantlıq, üstünlük təşkil edən qüvvə həmin  bu mühafizəkar sərtxətçilərdir. Bəs sonrakı mərhələdə hakimiyyəti mühafizə, müdafiə edən dəstəkləyən SEPAH-ın vəziyyəti necə  olacaq?

SEPAH daxilində bir neçə dəfə qarşıdurma olub,  hətta SEPAH-çılar Xamneyini devirməyə belə cəhd ediblər, amma bu baş tutmayıb. Həmçinin ayrı-ayrı vaxtlarda SEPAH-ın zabitləri öldürülüb və elan ediblər ki, guya yeməkdən zəhərlənib və yaxud binadan yıxılıb ölüb və sairə. Bu onu göstərir ki, SEPAH daxilində də münasibət birmənalı deyil. Hətta ötən ilin sentyabrında başlayan etirazlar zamanı SEPAH daxilində bəzi qüvvələr xalqın haqlı etiraz səsinə səs vermək istəyib. Sıravi SEPAH-çılar belə xalqı müdafiə etməyə cəhd ediblər və bu tip hadisələr çox olub. Bütün bunlar SEPAH-ın daxilində problemin yarana biləcəyini deməyə əsas verir.

O ki qaldı Xameneyinin varlığının Güney Azərbaycan türklərinə təsiri, bu vaxta qədər Xameneyi soydaşlarımıza qarşı heç bir müsbət təsir göstərməyib. Xamneyi fars şovinizminə xidmət edən türk əsilli biridir. İran-fars rejimi onun savadından, bacarığından istifadə edərək İranın ərazi bütövlüyünü qoruyub. Ona görə də Xamneyinin varlığı və yoxluğu Güney Azərbaycan türkünə heç bir təsiri yoxdur və bu baxımdan post Xamneyi dövrünün Güney Azərbaycan türkünə heç bir təsiri olmayacaq.

Məsələn, Urmiya gölünün quruması məsələsinə Xameneyinin hansı işləri oldu? 44 ildir İran qanunvericiliyində ana dili ilə bağlı 15-ci maddə icra olunmur. Xameneyi nə zaman Azərbaycan türkcəsində məktəb açılmasını bildirdi? Və yaxud 2006-cı il may hadisələrində azərbaycanlılar təhqir olunanda soydaşlarımızı müdafiə etdimi? Yəni onun hakimiyyətdə olub-olmamasının Güney Azərbaycan türkünün milli haqqının təmin olunmasına, həyatına, fəaliyyətinə, gələcəyinə heç bir təsiri yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR