İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistinin qızı haqda sarsıdıcı xəbərlər

Rasim Balayev: “Rusiyada o qədər imkanlı adamlarımız var, onlara desələr ki, bu qıza ev alınsın...”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanı, mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiya paytaxtında küçədə yaşamasının səbəblərini açıqlayıb.  Aktyor “Qaynarinfo”ya açıqlamasında bildirib ki, Ceyhun Mirzəyevin həyat yoldaşı müstəntiq olub və uzun müddət Respublika Prokurorluğunda işləyib: “Onlar gec ailə qurmuşdular. Ceyhun yenidən bərpa olunmuşdu, yaxşı filmlər çəkirdi. Belə bir dönəmdə Ceyhun dünyasını dəyişdi. Rəhmətə gedəndən bir az sonra onun həyat yoldaşı bir gün studiyaya gəldi. Hamımıza dedi ki, daha mən burada qala bilmirəm. Bakı məni Ceyhunsuz sıxır. Burada yaxşı evləri vardı, onu satdı. Nə qədər etdiksə, onu yolundan döndərə bilmədik. Qızını da götürüb getdi Rusiyaya. Qadın dedi ki, mən burada Ceyhunsuz yaşamaq istəmirəm, qohumlarım orada, mən burada. Onlar köçəndə Moskvaya getməyib. Bu qız niyə küçədə qalıb? Çox yaxşı imkanları olub”.

Əbdül Mahmudbəyov uzun müddət Azərbaycanın Rusiyada səfiri olmuş, Milli Məclisin deputatı Polad Bülbüloğluna müraciət edib: “Azərbaycanın Rusiyada səfirliyi var, niyə ora müraciət etməyib? Mədəniyyət Nazirliyinə müraciət edirəm, bu məsələ ilə maraqlanmaq lazımdır. İmkan varsa, Ceyhun Mirzəyevin qızını qaytaraq Azərbaycana. Ya da onu küçələrə salan səbəblər araşdırılmalıdır. Polad Bülbüloğlunun yaxşı əlaqələri var. Ona müraciət edirəm, belə bir aktyorun qızının taleyinə biganə qalmayaq”.

Xatırladaq ki, Ceyhun Mirzəyevlə milliyyətcə tatar olan Lidiya Qriqoryevna 1973-cü ildə ailə qurub. Cütlüyün Cəmalə adlı bir qızı var. Lidiya Mirzəyeva Azərbaycanda prokurorluq və ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub. Lidiya xanım 11 iyun 2015-ci il tarixində dünyasını dəyişib.

Ceyhun Mirzəyevin xalası oğlu ilə yaxın dost olmuş və vaxtilə mərhum sənətkarla şəxsi münasibətlər qurmuş Hollandiyada yaşayan diaspor fəalı, “Xudafərin” jurnalının rəhbəri Elman Mustafazadə hələ bir neçə il öncə sosial şəbəkədə belə bir açıqlama yaymışdı: “Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı ilə birlikdə Rusiyanın Pyatiqorsk şəhərində ev alaraq orada yaşayırdılar.

Bir necə il bundan öncə Azərbaycan diasporunun nümayəndə heyətinin tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı. Ceyhunun həyat yoldaşı rəhmətə gedib, onun gözəl-göyçək nakam qızına isə bir alçaq evlənməyə söz verib və ona öz evini satdırıb. Bir müddət qızla birgə yaşayan oğlan bu zavallını zərərli vərdişlərə  alışdırıb, sonra da atıb gedib. Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan diasporunun rəhbərlərindən olan Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş etdim. Təhmasib bəy dəfələrlə qızla görüsüb, hətta onu müalicə etdirmək istəyib, təəssüf ki, qız hər bir yardımdan imtina edib".

Elman Mustafazadənin sözlərinə görə, Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Şimali Qafqazda - Stavropol vilayətinin Pyatiqorsk şəhərində evsiz-eşiksiz sərgərdan həyatı sürür.

Cəmalə Mirzəyevanın hazırda 48 yaşı olduğu ehtimal olunur. Onun Rusiyanın paytaxtında küçədə yaşamasına dair faktlar yayımlanıb. Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

Rasim Balayev Baş nazirə müraciət etdi

Rasim Balayev 

Xalq artisti Rasim Balayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Mən Ceyhun Mirzəyevlə bir neçə filmdə iştirak etmişəm, üstəlik, yaxın olmuşuq. Onun həyat yoldaşı Lidiya xanım Bakı şəhərində prokuror idi. Ceyhun rəhmətə getdikdən sonra nəsə bir qərar verildi ki, qızını da götürüb Rusiyada qohumlarının yanına köçsün. Evləri də çox gözəl idi, yaxşı qiymətə satıldı. Sonra eşitdim ki, Lidiya xanım təxminən 2016-2017-ci illərdə rəhmətə gedib. Qızı isə bildiyim qədərilə şair idi, şeirlər yazırdı. İndi anasının vəfatından sonra orada nə baş verib, nə olub, mülkü və var-dövləti niyə əlindən alınıb, bu barədə məlumatım yoxdur. Rusiyada o qədər imkanlı adamlarımız var, onlara desələr ki, bu qıza ev alınsın, kömək edilsin, məncə, yardım göstərilər. Bizim Rusiyada nə qədər iş adamlarımız var. Amma çox müəmmalıdır ki, o qız çox istedadlı idi, yadımdadır. Bəs indi niyə bu vəziyyətə düşüb, onu bilmirəm. Hesab edirəm ki, yəqin ki, Mədəniyyət Nazirliyi istəsə, nəsə kömək etmək olar. Məsələn, o qızı Bakıya dəvət edib, ona ev, iş verilə bilər. Amma bir daha deyirəm ki, o qızın bu vəziyyətə düşməsi mənim üçün müəmmalıdır”.

Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a bildirib ki, hələ ki müraciətinə heç bir reaksiya yoxdur: “Etdiyim müraciətlərə heç bir geri dönüş olmayıb, heç bir xəbər yoxdur. Mənə deyilən bir məlumata görə, Bakıdan bir nəfər gedib qızı tapıb, ona köməklik etmək istədiyini deyib, amma qız cavabında "mən heç kəslə danışmaq istəmirəm, heç kəsin də köməyi mənə lazım deyil" deyib. Bu məlumatın nə qədər doğru və ya yalan olduğunu bilmirəm. Heç inanmağım gəlmir. Birdən-birə nə oldu, bu qız havalandı, ya pis adamlara rast gəldimi, ya uğursuz məhəbbətimi oldu, bu vəziyyətə necə düşdü, məlumatım yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR