İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistini kimlər hədəfə alıb?

İLK YAYIM SAATI: 00:57

Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib. Bununla bağlı o, Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və digər dövlət orqanlarına müraciət edib: “Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər”.

Son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvələrində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb.

Həmçinin bir ay öncə Xalq artisti "İnstaqram" hesabında sosial media izləyicilərinə müraciət edərək, onun adından saxta hesab açıldığını bildirmişdi: "Əziz dostlar, adımdan istifadə edilərək saxta səhifə açıblar. Sizdən xahişim, səhifəni şikayət edəsiniz. Diqqətinizə görə minnətdaram".

Onu da xatırladaq ki, 2017-ci ildə Beynəlxalq Muğam müsabiqəsinin 5 nəfər münsif üzvü: xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov həmkarları mərhum Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasının əleyhinə çıxmışdılar. Canəli Əkbərov haqqında sərt ittihamlar səsləndirən xanəndələr bildirmişdilər ki, o, münsif olarsa, müsabiqədə iştirakdan imtina edəcəklər. Nəticədə Canəli Əkbərov adı çəkilən xanəndələr, həmçinin Mənsum İbrahimov barəsində xoşagəlməz ifadələr səsləndirmişdi.

Bəs Xalq artisti Mənsum İbrahimovu hədəfə alan, illər öncə Canəli Əkbərovun Xalq artisti haqqında səsləndirdiyi tənqidi çıxışı və digər bu qəbildən olan videoları yayanlar kimlərdir?

Məsələ ilə bağlı Xalq artisti “Yeni Müsavat”a danışıb. Mənsum İbrahimov ad çəkməsə də, ona qarşı qarayaxma kampaniya aparanların təxmini kimlərin olduğunu bildiyini deyib: “Mən bu məsələ ilə bağlı Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və şəxsən Vilayət Eyvazova müraciət etmişəm. Artıq araşdırma aparılır, yəqin ki, tezliklə açıqlama veriləcək.

Mənə qarşı qarayaxma kampaniyasını aparanların təxminən kimlərin olduğunu bilirəm, amma bununla aidiyyəti qurumların məşğul olmasını istəyirəm. Bizim hüquqi dövlətimiz var, heç nə başlı-başına ola bilməz. Bu baxımdan rəsmi dövlət qurumlarına müraciət etdim. Qoy qurumların özləri onları tapsın və cəzalandırsın, görək məndən nə istəyir bu adamlar.

Həmin şəxslər cəmiyyətin tör-töküntüləridir. Zaman-zaman hansısa sənətkarlarımıza qarşı bu cür addımlar atıldığının şahidi oluruq”.

Mənsum İbrahimov artıq 10 günə yaxındır ki, bu cür qarayaxma kampaniyası ilə üz-üzə qaldığını deyib: “Artıq 10 gündür ki, bu məsələ ortaya çıxıb. Mənə bildirdilər ki, "TikTok" platformasında saxta səhifədə videomu yayıb, öz adamlarına isə lazımsız şərhlər yazdırırlar.

Bundan əvvəl də ötəri olaraq, bu cür məsələ ilə qarşılaşmışdım, amma o qədər də fikir verməmişdim. Çünki biz sənətkarlar göz qabağındayıq, meydandayıq. Ola bilir ki, kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmirik. Lakin mən öz sənətimlə məşğulam, muğamı layiqincə təmsil etməyə çalışıram. Daim xarici ölkələrdə konsertlər verir, tədbirlərdə iştirak edirəm. 5 qardaşım Birinci Qarabağ müharibəsində iştirak edib. Bir qardaşım oğlu Vətən müharibəsində şəhid olub. Yəni, hər zaman vətənimizin, dövlətimizin, mədəniyyətimizin keşiyindəyəm. Heç kimlə də işim yoxdur. Amma kimlərsə bunu həzm edə bilmir və mənə qarşı bu cür qarayaxma, gözdən salma kampaniyası aparmağa çalışır. Amma mən dövlətimizə, hüquq mühafizə orqanlarımıza inanıram, bilirəm ki, tezliklə həmin şəxslər tapılacaq və cəzalandırılacaq”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR