Onlayn ictimai-siyasi qəzet
Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirərək ölkəmizin bu sahədə malik olduğu imkanlardan səmərəli istifadəsini, dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etmək məqsədilə 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” kimi tarixə yazılan neft sazişini imzaladı. Bununla da ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi üçün böyük imkanlar yarandı. Ulu Öndər dünya təcrübəsinə istinadən bu çağırışı edirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Əməkdaşlığın bu gün regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Azərbaycanın neft ölkəsi olmaqla yanaşı, qaz, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanması da iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasına əsaslanır. “Əsrin müqaviləsi” Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanmasında öz sözünü dedi. Məhz 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin bundan öncə 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması görülən işlərin zirvəsində dayanır. Azərbaycan hədəflərə zamanında nail olmaqla yeni layihələrin gündəmə gətirilməsində iştirakçı və təşəbbüsçü tərəf kimi çıxış edir. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında TANAP-ın, 2020-ci ilin sonunda, dekabrın 31-də TAP-ın istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarıdır. Hər bir layihənin uğurla başa çatmasında ölkəmizin malik olduğu potensial əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən, etibarlı və arzuolunan tərəfdaşdır. Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin coğrafiyasının genişləndirilməsi məsələsinin gunümüzün əsas müzakirə mövzuları sırasında olması da Azərbaycana olan inamın və etimadın göstəricisidir.
Musavat.com xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti avqustun 31-də Azərbaycan üçün tarixi əhəmiyyətə malik olan tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasiminin keçirilməsinə yönəldərək vurğulayıb ki, yatağın fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır. Mərasimdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.
Baş redaktor onu da bildirib ki, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə imza atır. Bu mühüm hadisələr Azərbaycanın hansı potensiala malik olduğunu dünyaya nümayiş etdirir. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, ilk dəfə “Abşeron” qaz yatağı üzrə xarici tərəfdaşlarla kontrakt hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Bu yataqla bağlı böyük ümidlər olub. “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb. Bu, Azərbaycanın artıq neft ölkəsindən qaz ölkəsinə keçidinin təsdiqidir. “Abşeron” yatağında 350-360 milyard kubmetr qaz ehtiyatı vardır. Prezident İlham Əliyev bu ehtiyatın daha çox ola biləcəyini, Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı kimi nüfuz qazanacağını bildirmişdir. Ümumilikdə ölkəmizin aparıcı dünya dövlətləri ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli əməkdaşlığında enerji əsas faktordur. Azərbaycan təbii qazını dünya bazarlarına çıxarır. Həcm artır, coğrafiya genişlənir. Azərbaycanın qaz gəlirlərinin neft gəlirlərini üstələməsi artıq reallıqdır.
Vüqar Rəhimzadə ölkəmizin enerji sektorunda baş verən bu mühüm hadisənin “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin geniş miqyas aldığı bir dövrə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini önə çəkərək qeyd edib ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bu gün ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq reallığa çevrilən TANAP, TAP layihələri, ümumilikdə Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi bu ümumiləşdirməni aparmağa əsas verir ki, “Əsrin müqaviləsi” olmasaydı, bu gün ölkəmizin iqtisadi sahədə, eyni zamanda, beynəlxalq münasibətlər sistemində vəziyyətini düşünmək çətin deyildi. Bu saziş Azərbanycana böyük inam yaratdı.
Baş redaktor neft strategiyasının reallığa çevrilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) öz payı olduğunu önə çəkərək onu da bildirib ki, enerji diplomatiyamızın uğurları SOCAR-ın da artan nüfuzuna işıq salır. Tədbirdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini xüsusi vurğulayaraq, bu ilin avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payının satışı ilə bağlı imzalanan sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu bildirdi. SOCAR-ın prezidenti Rövşən Nəcəf “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə etdi.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, enerji sektorunda qazanılan uğurlar həm ölkəmizin, həm də SOCAR-ın qarşısında geniş imkanlar açır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ