Onlayn ictimai-siyasi qəzet
Növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir.
Musavat.com xəbər verir ki, V.Bayramovun növbəti görüşü Füzuli rayonu Mollaməhərrəmli kənd sakinləri ilə olub.
"Füzuli rayonunun Mollaməhərrəmli kəndində növbəti görüşümüz yüksək fəallıq və faydalı müzakirələr şəraitində keçdi. Sakinlər bizi xüsusi coşğu və rəğbətlə qarşılayıb, həmrəyliklərini nümayiş etdirdilər. Əvvəlki görüşlərimizdə olduğu kimi, öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Namizəd ilə bağlı məlumat verildikdən sonra Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov çıxış edərək bildirdi ki, Vüqar Bayramov daimi olaraq şəhid ailələrinin və qazilərinin yanında olmuşdur. Müharibədən sonra o hər bir şəhid ailəsini ziyarət edərək qayğılarını dinlədi və imkanları daxilində dəstək olmağa çalışdı. A. Zalov sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət etdi.
Bu görüşdə də çıxışım zamanı yeni dövrün yeni tələblərinə uyğun olaraq Azərbaycanda həyata keçirilən islahatlar, Qarabağ və Şərqi Zəngəzurda reallaşan bərpa və yenidən qurma işlər barədə məlumat verərək millət vəkili kimi üzərimə düşən öhdəlikləri yerinə yetirməyə çalışdığımı vurğuladım. Bu müddətdə keçirdiyim 131 görüşdə 2 minə yaxın sakinimizi birbaşa dinləyərək, ünvanıma daxil olan 4898 müraciət əsasında 2100-dək rəsmi deputat sorğu göndərmişəm.
Görüşdə çıxış edənlər seçicilərin müraciətlərinə diqqətlə yanaşdığına görə namizədə təşəkkür edərək kənd üçün vacib hesab etdikləri bir sıra digər məsələləri də dilə gətirdilər.
Elmimlə Daim Elimin Yanındayam!"
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ