İnsanlara hürriyət, millətlərə istiqlal!

“Volt Azərbaycan” şirkəti ilə bağlı yeni MƏLUMATLAR - Fəaliyyəti...

“Volt Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.

Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.

AQTA-dan bildirilib ki, aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub.

“Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda tələblər yerinə yetirilmədiyinə görə cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini  qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırır”, - məlumatda qeyd olunur.

Bəs ekspertlərin “Volt Azərbaycan” şirkətinin fəaliyyətini dayandırmasına münasibəti necədir? Alternativ xidmət nə olacaq?

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov: “Şirkətin bağlanmasının tərəfdarı deyiləm, amma...”

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: ““Volt”un fəaliyyətindən Azad İstehlakçılar Birliyinə də xeyli şikayətlər gəlirdi, xüsusən də pandemiya dövründə. Şikayətlər əsasən qidanın soyuq çatdırılması, daşıyıcıların qidalara müdaxilə etməsi, daşıyıcıların  gigiyenik tələblərə cavab verməməsi, məhsulların gec çatdırılması və sairə ilə bağlı olurdu. “Volt”un ən ciddi problemlərindən biri daha çox ictimai nəqliyyatda yaratdıqları problemlər olurdu. Məsələn, heç bir nömrə nişanları olmadan nəqliyyat vasitəsindən istifadə edir, yollarda  sürücülərə və piyadalara ciddi  təhlükəli vəziyyət yaradırdılar.

Əlbəttə ki, Azad İstehlakçılar Birliyi olaraq tərəfdarı deyilik ki, istehlakçıların seçim hüququ məhdudlaşsın. Çox yaxşı olardı ki AQTA adıçəkilən şirkətdə vəzifənin, işin standartlara uyğun olması sahəsində iş görsün, onları  təkimilləşdirsin. Yəni şirkətin bağlanmasının tərəfdarı deyiləm. Amma təəssüflər olsun ki, AQTA bu günə qədər şirkətdə ciddi nöqsanlar olduğu halda onları müəyyən etməyib. İllər boyu istehlakçıların hüquqları pozulub və birdən-birə AQTA-nın ayılması doğru deyil. Arzu edərdim ki, “Volt” AQTA-nın tələblərinə uyğun fəaliyyət göstərən yeni bir ampulada işə başlasın. Əgər bu şirkət bağlanıb yerinə başqa, bu cür şirkət gələcəksə, bu, böyük səhv olar. Onda belə çıxacaq ki, bu, hansısa inhisarçını dəstəkləmək üçündür. Hesab edirəm ki, bu, baş verməyəcək. Azad İstehlakçılar Birliyi tərəfdarıdır ki, şirkətdə vəziyyət düzəlsin".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov: “Dünyanın hər yerində qida sektorunda çalışan insanlar, müəssisələr davamlı nəzarətdən keçir”

Bəs qida sektorunda tibbi müayinədən keçməyən işçilər hansı xəstəlikləri yaya bilər? “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov bu barədə qeyd edib: “Ümumiyyətlə, dünyanın hər yerində  qida sektorunda çalışan insanlar, müəssisələr davamlı olaraq nəzarətdən keçir. Burada əsas məsələ müştərilərin sağlamlıq təhlükəsizliyinin qorunmasıdır. Hansı xəstəliklər bu yollar keçə bilər? Əsasən infeksion, hava damcı yolu ilə keçən, dəridə olan keçici xəstəliklərdir. Onlara yoluxma  ehtimalı daha çoxdur. Həmçinin bir sıra təhlükəli viral infeksiyalar da var ki, onlar da əgər işçi tərəfindən müəyyən qaydalara əməl olunmazsa, dəridə kəsik, qanla  təmas olarsa, yoluxa bilər. Bu baxımdan, bu sektorda çalışan insanların, müəssisələrin müəyyən təlimatlara uyğun şəkildə fəaliyyət göstərməsi olduqca zəruridir. Düşünürəm ki, AQTA tərəfindən ortaya qoyulan iradlara uyğunlaşmağa çalışılacaq, qısa müddətdə nöqsanlar aradan qaldırıldıqdan sonra şirkət fəaliyyətinə davam edə biləcək”.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Volt Azərbaycan” MMC fəaliyyətinin dayandırılması haqda xəbərlə bağlı şirkətin açıqlaması yayıldı. Açıqlamada deyilir ki, şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) irəli sürdüyü iddialara gəldikdə isə, "Volt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu, məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR