İnsanlara hürriyət, millətlərə istiqlal!

“Viləş çayının üstündəki körpü neçə illərdir qəzalı vəziyyətdədir” - Musa Qasımlı

Deputat Musa Qasımlı Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən əvvəlcə bildirdi ki, Prezident İlham Əliyev tərəfindən təqdim olunmuş 2024-cü ilin dövlət büdcə layihəsi ölkəmizin inkişafının bütün istiqamətlərini özündə əks etdirdiyi üçün lehinə səs verəcək.

O qeyd etdi ki, biz ilk dəfə olaraq dövlət büdcəmizi bütün ərazilərimizin işğaldan azad edildiyi, 1991-ci ildən sonra ilk dəfə olaraq dövlət sərhədlərimizin üzərində nəzarətin qurulduğu, suverenliyimizin tam bərqərar edildiyi bir şəraitdə müzakirə etdiyimizdən millətimizin tarixində böyük qürurverici hadisədir:

“Büdcə layihəsi göstərir ki, ölkəmizdə planlaşdırma və proqnozlaşdırma uğurlu şəkildə aparılır, dövlət başçımızın qarşıdakı ildə müəyyənləşdirdiyi strategiyanı yerinə yetirməyə imkan verir. Layihədəki bir neçə məsələ barədə mülahizələrimi bildirmək istəyirəm.

Bütün mahiyyəti, məqsədləri və ruhu baxımından bu layihə sülhün qorunmasını və dinc quruculuğu nəzərdə tutduğundan müstəqillik tariximizdə bir ilkdir. Ona görə də bu büdcəni sülh, dinc quruculuq və yeni inkişaf mərhələsinin başlanğıcı büdcəsi də adlandırmaq olar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dirçəliş işləri bizim milli-dövlət məsələmiz, yaxın illər üçün milli ideyamız olduğundan bütün diqqətimizin quruculuğa yönəldiməsi və vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıdışının planlı şəkildə tezliklə təmin edilməsi tarixi vəzifədir. Bir neçə ildən sonra 140 min nəfər vətəndaşımızın doğma yurd yerlərinə qayıtması, yaradılacaq infrastruktur və iş yerləri ölkəmizin iqtisadi gücünə əlavə güc qatacaq”.

Deputat bildirdi ki, gələn il dövlət büdcəsindən maliyyələşdirilməyən rayonların sayının artması hökumətin cənab Prezidentin müəyyənləşdirdiyi vəzifələri düzgün yerinə yetirdiyini göstərir:

“Büdcədən maliyyələşən rayonların asılılığının aradan qaldırılmasından ötrü bəlli planların işlənib hazırlanmasına ehtiyac olduğuna inandığım üçün seçildiyim 72 saylı Yardımlı-Masallı seçki dairəsi seçicilərinin istəklərini hökumətimizin diqqətinə çatdırmaq istəyirəm. Yardımlı rayonu əhalisinin bir qismi su sarıdan korluq çəkdiyindən Qaraqaya və ya Dağüzü kəndlərində hər iki tərəfi sıldırım qayalıqlar olan çaylardan birində bənd tikilməsi su probleminin birdəfəlik həll edilməsinə və kənd təsərrüfatının inkişafına kömək etməzdimi? Seçicilərimin digər bir xahişi kəndlərin təbii qazla təmin olunmasıdır. Adları artıq hökumətin sənədlərinə salınmış, planlaşdırılmış kəndlərə təbii qaz xəttinin çəkilməsi meşələrin qırılmasının qarşısını almazdımı?

Rayon kəndlərində ən müasir məktəblər tikilsə də, insanların şəhərə gəlməsi nəticəsində şagirdlərin sayı azalır, məktəblərin bağlanması təhlükəsi yarandığından yeni iş yerlərinin açılmasına ehtiyac var”.

M.Qasımlı seçiciləri ciddi narahat edən dihər problemdən də bəhs etdi:

“Masallı və Yardımlını birləşdirən, Viləş çayının üstündəki körpü neçə illərdir qəzalı vəziyyətdədir. Hətta bu barədə müvafiq qurumlar bir lövhə də asıblar. Ancaq indiyədək körpü bərpa edilmir və ya tikilmir. Körpü uçarsa əlaqə kəsiləcək. Bu məsələyə diqqət yetirməyi hökümətimizdən xahiş edirəm”.

Deputat bildirdi ki, əvvəlki illərlə müqayisədə təhsil və elmə ayrılan xərclərin artırılması dövlətimizin siyasətinin aydın olduğunu göstərir:

“Xüsusən, gələn il dövlət büdcəsi hesabına təhsil alanların sayının artırılması cənab Prezidentimizin təhsilin hamı üçün əlçatan olmasına yönəlmiş siyasətinin konkret təzahürüdür və hesab edirəm ki, mediamız bu məsələni geniş əhaliyə çatdırmalıdır.

Alim əməyinin qiymətləndirilməsində sağlam rəqabətə gətirən tədbirlərin görülməsi faydalı olmazdımı? Elmi dərəcəsi, elmi adı, eyni stajı olan alimlər üçün bərabər maaş müəyyənləşdirilir, bundan sonra konkret standartlar qoyulur: məsələn, xarici ölkələrdə yüksək indeksli elmi jurnallarda məqalələrin çapı, beynəlxalq konfranslarda məruzələrin edilməsi, nəşr edilən kitablar və s. Onlara uyğun da maaşlara əlavələr verilir. Bu qaydanın tətbiqi elmimizin xarici çıxmasına, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində yer tutmalarına kömək edən vasitələrdən biri olmazmı?”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR