İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifə üçün nişanlısını öldürən casus – ifşa olunanda zəhərli kapsul udub

1974-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinə Kolumbiyadakı mənbədən Amerika kəşfiyyatının Boqotadakı SSRİ səfirliyinin diplomatını “Trianon” təxəllüsü ilə əməkdaşlığa cəlb etməsi barədə məlumat daxil olub. Qeyd olunub ki, hazırda həmin şəxs SSRİ Xarici İşlər Nazirliyində işləyir, lakin adı, rütbəsi və xarici görünüşü barədə məlumat yoxdur.

Agentin axtarışında ciddi problemlər olsa da, diqqət XİN-in Kolumbiyadan yenicə qayıdan üç əməkdaşına yönəlib - Nikolay Bobin, Aleksandr Oqorodnik və Andrey Fedotov. Diqqətli axtarışlardan və izləmələrdən sonra diplomatların ikisi siyahıdan çıxarılıb və yalnız Oqorodnik qalıb. Məlum olub ki, o, Boqotada işləyərkən MKİ agenti olduğu üzə çıxan yerli vətəndaş Pilar Barcala ilə münasibətdə olub. Gənc diplomat isə qadınla münasibətinə görə şantaj edilərək əməkdaşlığa cəlb edilə bilərdi.

9307f78b-d930-47ea-b4b6-3cb843f34bed.jpeg (80 KB)

Moskvaya qayıdan Oqorodnik Latın Amerikası İnstitutunda ona təklif olunan vəzifədən imtina edib və daha aşağı maaşla Xarici İşlər Nazirliyində qalıb. Xarici siyasət tədbirlərinin planlaşdırılması departamentində işlədiyi zaman onun nazirliyin bütün struktur bölmələrinin analitik rəyləri və səfirlərin hesabatları ilə tanış olmaq imkanı olub.

Gənc və cazibədar Oqorodnikin bəxti qadınlar cəhətdən gətirib, hətta o, həmkarlarının həyat yoldaşları ilə münasibət qurmaq fürsətini əldən verməyib. Nəticədə xəyanət üstündə arvadından ayrılıb, tək yaşayıb. Lakin bir müddət sonra SSRİ-nin ticarət nümayəndəliyində işləyən Olqa adlı xanıma vurulub. Qadının əri olsa da, onlar Moskvaya qayıtdıqdan sonra boşanıb ailə qurmağa razılaşıblar. Planın birinci bəndi yerinə yetirilib. Onlar hələlik vətəndaş nikahında birgə yaşamağa başlayıblar.

d77d0754-3024-4813-ae48-8a0368318ea4.jpeg (68 KB)

Ağıllı qadın olan Olqa Aleksandrın davranışındakı bəzi qəribəlikləri sezərək onun ikili oyun oynadığını anlayıb. Olqa şübhələri barədə nişanlısına danışıb və bu, onun ölümü ilə nəticələnib. İlk olaraq o, nişanlısını sovet kəşfiyyatının məxfi agenti olduğuna və onların tapşırığını yerinə yetirdiyinə inandırmağa çalışıb. Gənc qadın isə bu nağıllara inanacaq qədər sadəlövh olmayıb.

Təhlükəli bir şahidin meydana çıxdığığını görən Oqorodnik özünü qorumaq üçün sevdiyi qadını zəhərləyərək öldürmək qərarına gəlib. Zəhəri amerikalılardan alan diplomat planını başlayan qrip epidemiyası ilə eyni vaxta salıb. Yeməkdəki zəhər Olqanın həyatına son qoyub və meyit yoxlanılmadan dəfn edilib.

Bu arada əks-kəşfiyyat Oqorodnikin casusluq fəaliyyəti ilə bağlı sübutların axtarışını davam etdirib. Agentlər Amerika kəşfiyyat mərkəzindən Almaniyaya şifrəli mesajların ötürülməsi ilə bağlı yeni radiokanal aşkar ediblər. Eyni zamanda, Oqorodnikin mənzilinin pəncərəsindəki işıq, dördrəqəmli rəqəmlər toplusundan ibarət mesajın ötürülməsinin başlandığı vaxt yanıb. O, məlumatları əldə etdikdən sonra izlənildiyini yoxlamaq üçün “Volqa”sı ilə şəhərə çıxıb. Bütün hallarda DTK üçün onun casusluq fəaliyyəti ilə bağlı konkret faktlar lazım olub.

c67442b8-e812-436e-ab58-daab9fbe6797.jpeg (26 KB)

Hər şeydən xəbərsiz olan Oqorodnik ona tapşırılan işləri yerinə yetirib, Smolenskaya meydanında Xarici İşlər Nazirliyinin binasında xüsusi təchiz olunmuş otaqda gizli sənədlərin şəklini çəkib. Bu məqsədlə onun alışqan formasında casus kamerası olub. Diplomatın təhvil verdiyi materiallar Dövlət Departamentində yüksək qiymətləndirilib.

Oqorodnik yeni həvəslə istirahətə gedəndə mütəxəssislər onun mənzilinə soxularaq müvafiq avadanlıq quraşdırıblar. O, cib fənəri üçün akkumulyatora bənzəyən konteynerə plyonka qoyarkən görülüb. Casusun artıq kim olduğu dəqiq məlum olub. Amma onu həbs etməzdən əvvəl Amerika səfirliyindən kimlərlə əlaqə saxladığını müəyyən etmək lazım olub.

294dee7f-81fe-4da7-a740-9dbe88c1eb35.jpeg (63 KB)

Digər tərəfdən, ifşa olunmaq təhlükəsi ilə üzləşən agentin təxliyə edilməsi planı da mövcud olub. Bu adətən eyni üsulla həyata keçirilib: Agent təcili siqnal verdikdən sonra qatarla Leninqrada getməli və orada elektrik qatarına minərək Finlandiya sərhədindən əvvəlki son stansiyaya çatmalı imiş. Casus xarici pasportu olan amerikalılarla birlikdə maşına əyləşərək Vıborqdakı sərhəd keçid məntəqəsindən Finlandiyaya keçəcəkdi. Əks-kəşfiyyatçılar hesab edib ki, yəqin ki, Oqorodnikin də belə bir planı olub. Digər təhlükə, agentin bütün sübutları məhv etməsi olub. Bu zaman onun xarici kəşfiyyatda iştirakını sübut etmək çətin olacaqdı.

Oqorodnik 1977-ci ilin iyununda öz mənzilində həbs edilib. Onun şifrə dəftəri və mikrofilmli akkumulyatorlarda gizlətdiyi alətləri aşkar edilib. İki saat sonra Oqorodnik etiraf yazmaq üçün kağız-qələm istəyib. Burada əməliyyatçılar səhvə yol verib, ona qələmindən istifadə etməyə icazə veriblər. Qələmin içərisində zəhərli kapsul olub və Oqorodnik düşünmədən zəhəri udub.

Lakin bu hekayə bununla bitməyib. SSRİ əks-kəşfiyyat agentlərinə “Trianon”un Amerika tərəfindən kiminlə əlaqə yaratdığını müəyyən etmək lazım olub. Onun gizli əməliyyata çağırılması və cinayət başında yaxalanması qərara alınıb. Moskva çayı üzərindəki dəmir yolu körpüsünün kənarında dayanan “Volqa”ya bir qadın yaxınlaşıb. Bu, ABŞ-nin Moskvadakı səfirliyinin vitse-konsulu Marta Peterson olub. Çantada “Trianon” üçün təlimatlar və pul olub. Casus saxlanılıb və daha sonra ölkədən qovulub.

1f3d4cc5-db4c-4bf5-b4ea-70731e5ab79b.jpeg (52 KB)

Lakin çoxları onun zəhər qəbul edərək intihar etmədiyini, Andropovun göstərişi ilə öldürüldüyünə inanıb. Məsələ burasındadır ki, Oqorodnik o zaman Sov.İKP MK-nın katibi olan Rusakovun qızı ilə sevgili olub. Casusun məhkəməsi onun nüfuzuna zərbə vura və DTK-nin işinə mənfi təsir göstərə bilərdi.

Digər tərəfdən, xarici işlər naziri Andrey Qromıkovun yarada biləcəyi narahatlıq diqqətdən yayınmayıb. Çünki nazir tabeliyində olan işçilər arasında satqınların olmadığını dəfələrlə bildirib. Oqorodnik sağ qalsaydı, məhkəmədə çox xoşagəlməz şeylər danışardı. Nəticədə, Andropov yüksək partiya rəhbərliyində düşmənlər qazanacaqdı. Odur ki, Andropovun qısa və rahat yolla problemi “həll etdiyi” güman olunur.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR