İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətənpərvərlik ruhunda layihələr dayandırılmamalıdır”

Vəfa İsgəndərova: “Media subyektləri hər zaman bu iş üzərində sistemli şəkildə iş aparmalıdır”

“Hər bir xalqın digər xalqlar arasında mövcudiyyətini göstərməsi, uzun illər yaşaması üçün mütləq şəkildə milli mənlik şüuru olmalıdır. Milli mənlik şüuru xalqın varlığını, daha dəqiq desək, milli özünüdərki, ləyaqəti, dili, adət-ənənələri, psixologiyası, digər mənəvi keyfiyyətləri ilə özünütəsdiqi və bir çox ümumbəşəri keyfiyyətləri özündə ehtiva edir”.

Bu fikirləri Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova “Yeni Müsavat”a gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ilə bağlı danışarkən bildirib:

“Uzun tarixi yol keçmiş Azərbaycan və onun xalqının milli özünüdərki və mənlik şüuru müxtəlif dönəmlərdə fərqli şəkildə özünü büruzə verib. Ancaq hər zaman mənfur düşmənlərlə mübarizədə Azərbaycan xalqı öz bütövlüyünü sübut etmişdir, Vətənə, millətə bağlılığını göstərə bilmişdir. Bu gün çətin sınaqlardan keçmiş Azərbaycan xalqının nümayəndələri yaşından asılı olmayaraq, zəngin təfəkkür tərzinə malikdir. Bu mənada cəmiyyətin əsas hissəsini təşkil edən gənclərdə sağlam milli düşüncəli təfəkkür tərzini formalaşdırmaqda fayda vardır. Çünki onlar neqativ xarici təsirlərə tez düşürlər. Daha dəqiq desək, həm ideoloji, həm də sosial-mənəvi dəyərlər baxımından mənfi informasiya yayan sosial media vasitələrinin manipulyasiyasına asan şəkildə uğrayırlar. Bir çox təşkilatlar və qurumlar məhz məqsədyönlü şəkildə digər ölkələrin gənclərinin şüuraltına mənfi təsir etmək üçün açıq və ya gizli şəkildə fəaliyyət göstərirlər. Ona görə də hazırda gənc nəslin mənfi təsirlərə düşməməsi heç də asan deyil. Belə ki, çox böyük potensial gücə malik sağlam ruhlu gənclərin yetişməsində yalnız ailə deyil, cəmiyyət, təhsil sistemi və media böyük rol oynayır. Hər bir valideynin arzusudur ki, böyütdüyü, tərbiyə etdiyi övladı vətənə, millətə layiq, ona sadiq və vətənsevər olsun. Bu baxımdan medianın rolu olduqca böyükdür. İstər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də müharibədən sonra, "Böyük qayıdış" mərhələsində biz bunun şahidi olduq və olmaqdayıq. Müharibə zamanı kütləvi media vasitələrinin təqdim etdiyi videoçarxlar, yurdsevər mahnılar, marşlar, proqramlar, yazılar, şüarlar məhz vətənpərvərlik ruhunun qaldırılmasına xidmət edirdi. Əminliklə demək olar ki, media subyektləri buna nail olurdu. Bir “Şuşa” şərqisinin, bir düşmən mövqeyinə düşən bombanın videogörüntüsünün insanlarda oyatdığı vətənpərvərlik hissini sözlə ifadə etmək mümkün deyil. Bunun əsasında isə milli mənlik şüuru dayanır. Təbiidir ki, əgər insanda milli mənlik şüuru olmasa, vətənpərvərlik ruhunu heç nə ilə qaldırmaq mümkün deyil".

V.İsgəndərova hesab edir ki, media subyektləri hər zaman bu iş üzərində sistemli şəkildə iş aparmalıdır: “Yalnız tarixi əhəmiyyətli günlərdə deyil, digər zamanlarda da sözügedən sahəyə diqqət yetirilməlidir. Düşünürəm ki, hazırda problematik olan bədii və sənədli filmlərin hazırlanması ilə bağlı effektiv addımlar atılmalıdır. Bu işə yüksək səviyyədə maddi vəsait xərclənməlidir. Bu yalnız ölkəmizdə yaşayan gənc nəslin yetişməsinə deyil, ölkə hüdudlarından kənarda yaşayan, öz dillərində nadir hallarda danışan gənclərin formalaşmasına da müsbət təsir edə bilər. Nəzərə almaq lazımdır ki, gənclik xalqın potensial hərbi qüvvəsidir. Bu məqamı nəzərə alaraq xarici media subyektləri, daha çox yeni yaranan sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya edən gənc nəslin mənlik şüurunu itirməməsi üçün onlara ilk növbədə media savadlılığı dərslərindən faydalanmağı tövsiyə edərdim. Eyni zamanda bütün sferalarda, özəlliklə də media və təhsil sektorunun rəhbərləri vətənpərvərlik ruhunda hazırladıqları layihələri dayandırmamalıdırlar.  Onları işğaldan azad edilən tarixi torpaqlarımız, həmin ərazilərdə fəaliyyət göstərmiş şəxsiyyətlər, şairlər, yazıçılar, milli adət-ənənələr haqqında daim məlumatlandırmaq lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, 2016-cı il Aprel döyüşlərindən sonra milli mənlik şüurunun və yüksək vətənpərvərlik hisslərinin tərbiyəsinin daşıyıcısı olan gənc nəsil yetişmişdir. Onların bu ruhu ölməməlidir, əksinə, günü-gündən artmalıdır. Bu işdə isə əsas rolu media subyektləri və onların hazırladıqları milli məhsullar oynaya bilər”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.

Hazırladı: Nigar HƏSƏNLİ 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR