İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətənə xəyanətin siması: Arif Məmmədovun qaranlıq həyatı ifşa olunur

İl, 2015. Ay, oktyabr. İlk dəfə Avropa Şurası nümayəndə heyətinin tərkibində Strasburqa gəlmişəm. Təsəvvür edin, şəhər o qədər “soyuq”, o qədər atıcı, o qədər ruhsuzdur ki, adamın içində olan və qalan nə enerji, nə stimul, nə həyat eşqi varsa, hamısını birdən öldürür. Üstəlik, acdınsa yeməyə, susadınca kofedən, çaydan, sudan - zaddan içməyə bir məkan belə tapa bilmərsən. Ancaq hotel. Vəssalam.

Amma 3-cü gün eşitdim, təxminən 4 km uzaqlıqda türklərin dönərxanası var və özümü tez verdim ora. Verməz olaydım! Çünki, Azərbaycanın millət vəkili olduğumu biləndən sonra kafe işlədənin mənə ünvanladığı ilk sual bu oldu: “Sizin Avrupa Konseyindeki eski eroinman (narkoman) büyükelçinizden ne haber var?”

İnanın, yerimdə quruyub qalmışdım və elə bir vəziyyətdə idim, şokla stuporu, stuporla affekti, affektlə utanıb yerə girmə hissini bir-birindən ayırd edə bilmirdim.

Tək anladığım bu idi ki, söhbət Azərbaycanın üz qarası, Avropa Şurasındakı Daimi nümayəndəliyimizin keçmiş rəhbəri Arif Məmmədovdan gedir...

Demə, bu yaramaz illər uzunu Strasburqda ad çıxarıbmış, barmaqla göstərilirmiş.

Sonra Arif haqda az qala bütün Strasburqa yayılan “Ərəb malı” lətifəsini eşitdim. (Qısa məzmun belədir ki, bir gün Amsterdam “kofe-şop”unda (narkotiklərin açıq istifadəsi üçün nəzərdə tutulan məkanlar orada belə adlanır) keçmiş səfir əməlli performans sərgiləyib, yanındakı şəxslərə vitrində qoyulan bütün “məhsulların” tərkibini xırdalayıb və axırda da özünə lazım olan uyuşdurucunu dəqiq göstərərək: “Təmiz ərəb malına oxşayır, bundan ver” - deyib. “Sənətkarcasına!”

Daha sonra məlum oldu ki, Arif Məmmədovu Avropada həm də “saunalar kralı”, (eyş-işrətindən qətiyyən qalmayıb), “brend Arif” (yalnız lüks markalardan istifadə etdiyinə görə) və “diktafon Arif” (Azərbaycandan gələn hər kəsin səsini yazıb və dərhal əməkdaşlıq (oxu: casusluq) etdiyi xüsusi-xidmət orqanlarına göndərib) kimi tanıyırlar.

Əlqərəz, adam haqda (əgər adam demək mümkünsə!) nə eşitdimsə, bənzər şeylər eşitdim, axmaq şeylər eşitdim, iyrənc şeylər eşitdim. Həm də düz 5 il boyunca!

Ona görə də dünən Bakı Şəhər Baş Pois idarəsi Arif Məmmədovun dosyesini yayarkən, orada məni təəccübləndirəcək və heyrətləndirəcək nəyəsə rast gəlmədim. Çün, adamın tərcümeyi-halına daha öncədən bələd idim və onun ağır narkotik istifadəçisi olması şəxsim üçün təzə xəbər deyildi. Təkcə satış və istehsal məsələsi yenilik oldu. Ki, o ittiham da əlbət, elə-belə verilməz.

Hər halda istintaqın bildiyi bir şeylər var.

***

Hərdən ehtimalən deyirlər, Arif Məmmədov yəqin səfir statusu ilə hakimiyyəti “facebook” üzərindən “vurduğu” zamanlarda da “hallı” olub.

Açığı, mən bu versiyaya inanmıram və həmin kontekstdə qənaətim belədir: Arif, səfir fəaliyyətinin son dönəmində artıq Azərbaycan dövləti tərəfindən tam ifşa olunmuşdu, vəzifədən tezliklə uzaqlaşdırılacağını bilirdi və ona görə də məlum addımları atırdı ki, sabah özünü  milli təəssübkeş, fədakar kimi təqdim edə bilsin və.... guya həqiqəti söylədiyi üçün bəlli aqibətlə üzləşməsi barədə nağıllar, əfsanələr uydursun...

İndi isə keçək əsas məsələyə...

Və ya, Arifin məişət əxlaqı, zərərli vərdişlərə aludəçiliyi bir yana qalsın, yaxşı bəs onun vətən xainliyi nə ilə bağlıdır?

Arif Məmmədovu 2013-də “verbovka” ediblər. Səbəb bax budur!

Keçmiş səfir çox “atlanıb-düşsə” hansı ölkənin xüsusi xidmət orqanına harada, necə və nə formada (Şəmsidən daha betər) kompromat verdiyini də açıq deyə bilərəm. (Hətta cəsarəti çatırsa, onunla canlı debata belə çıxaram.)

Dar düşüncəli məxluq!

Sən - əgər səfir statusu ilə, diplomatik pasportla hansısa ixtiyari otelə əxlaqsızlıq eləməyə gedərkən gələcək “perspektiv”i, seriya çəkilişləri, şantaj müqabilində “verbovka” ehtimalını nəzərə almamışdınsa, barı ondan sonra məntiqli düşünərdin və ailənin dağılmamasına görə öz dövlətinin maraqlarını güdaza verməzdin.

Çünki, həyat yoldaşının bağışlaya biləcəyi şeyləri DÖVLƏT BABA bağışlamır!

Sən - özün zibilin, palçığın içində ikən, heç olmasa münasibət saxladığın digər səfirləri, diplomatları  törətdiyin cinayətlərə şərik etmək üçün dəridən-qabıqdan çıxmamalı idin.

Amma çıxdın. Həm dəridən-qabıqdan, həm də yüz oyundan! Və allahdan, kimsə toruna, tələnə düşmədi. Birindən savayı. Çünki, o da sənin ağılda idi!

Sən - dezinformasiya ötürməkdən narkotik qaçaqmalçılığına qədər qət etdiyin yolda bir anlıq da olsa nəfəs dərməyə, yenidən düşünməyə, ziyanın yarısından da olsa geri qayıtmağa məcbur, hətta məhkum idin. Ki, sabah övladların, nəvələrin Azərbaycan adlı məmləkətə ayaq basarkən atalarına, babalarına görə utanmasınlar, ona lənət oxumasınlar.

Amma bunu da eləmədin. Çünki, qorxaqsan. Çünki yaramazlıq, xainlik sənin həyat fəlsəfəndir! Çünki ailəsinin qədrini bilən narkotik satmır, namus satmır, şərəf satmır!

Vətən satmır!

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR