İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi yükü azaldılacaq - kimlərə şamil olunur?

Eldəniz Əmirov: “Güzəştlər aztəminatlı təbəqənin gəlirlərindən vergi yükünün azaldılmasına xidmət edə bilər”

Əhalinin vergi yükü azaldılacaq. Bu barədə İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr olunmuş iclasında bildirilib.

İclasın gündəliyində 2024-cü ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi, onun nəticələrinə əsasən vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər, eləcə də Vergi Məcəlləsinə edilən dəyişiklik layihəsinə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi üzrə dəyişiklikləri əhatə edən istiqamətlər və digər məsələlər geniş müzakirə olunub.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bəs, görəsən, burada hansı yüklərdən azad edilməni proqnozlaşdıra bilərik?

Bir neçə ildir insanları xidməti müqavilələr üzrə vergilərin yüksək olması da narahat edir. Xeyli şəxs hazırda xidməti müqavilə ilə çalışır və onlar 100-150 manatlıq xidmət göstərəndə bunun minimum 70 manatını vergi tutur. Bu məsələ də nəzərə alına bilərmi?

Yeri gəlmişkən, 2020-ci ildən Dövlət Vergi Xidmətində “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya təsdiq edilib. Qeyri-formal məşğulluğun aradan qaldırılması tədbirlərinə əmək münasibətlərinin şəffaflaşdırılması, qeyri-leqal iş yerləri və əmək haqlarının “ağardılması” məqsədilə boz zonaların müəyyən edilməsi də daxildir. Həmçinin əmək müqaviləsi bildirişlərində əsas iş yeri üzrə tam iş vaxtı işləyən və əməkhaqqı məbləğini 345 manatdan az qeyd edən vergi ödəyiciləri və ay ərzində işçi sayını azaltmış riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində keçirilmiş vergi nəzarəti tədbirlərindən sonra işçilərin aktiv əmək müqavilələrinin təhlili həyata keçirilir.

Dünyadakı ərzaq böhranı Azərbaycanda hansı iqtisadi fəsadlar yarada bilər?

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2024-cü ildə büdcə gəlirləri siyasəti əsasən 6 istiqamətdə özünü göstərib: “Bunlardan biri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükününün azaldılmasıdır. Digəri sahibkarlıq subyektinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir. Üçüncü istiqamət vergi nəzarət məxanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsidir. Dördüncü vergi inzibatçılığının təkmilləşdirilməsi, daha sonra vergi və gömrük sahəsini, bu sahədə olan vergi və gömrük daxilolmalarına olan güzəştlər, nəhayət altıncısı vergi ödənişlərinin təkmilləşdirilməsidir. Burada təkcə güzəştlər deyil, eyni zamanda vergitutma bazasının genişləndirilməsindən söhbət gedir”.

Ekspert əlavə edib ki, təbii olaraq güzəştlər də nəzərdə tutulur: “Amma vergitutma bazası genişləndirilmədən güzəştlərin olması mümkün deyil. Çünki elə büdcə siyasəti yoxdur ki, vergi daxilolmaları büdcədə azalsın. Vergi daxilolmaları strateji hədəf olaraq büdcədə azalmırsa və vergilərin həcmi artmalıdırsa,  o zaman vergi güzəştləri ilə paralel elə sahələr, elə istiqamətlər olmalıdır ki, bu güzəştləri kompensasiya etsin və əlavə artımı da təmin etsin. Buna görə də vergi bazasının genişləndirilməsi məsələsi var. Amma konkret olaraq hansı sahələrə güzəşt ola bilər? Çox güman ki, bu güzəştlər sosial istiqamətləri əhatə edəcək. Sosial təbəqədə aztəminatlı təbəqənin gəlirlərindən vergi yükünün azaldılmasına xidmət edə bilər. Eyni zamanda sahibkarlara yönəlik vergi güzəştləri mümkündür. Təəssüf ki, biz bunun detallarını bilmirik, hələ açıqlanmayıb. Amma böyük ehtimal elə sahələr var ki, bu sahələrə vergi gözəştlərinin olmasına ehtiyac var. Misal üçün, emala yönəlik fəaliyyətlə bağlı olan sahələrə ehtiyac var. Elə vasitələr var ki, onlara ƏDV-nin tətbiq olunması onun qiymətini yuxarı formalaşdırır və alıcılıq qabiliyyəti aşağı olanlar üçün əlçatan olmur. Bunlara müəyyən ƏDV güzəştləri oluna bilər. Bunlar təbii ki, ehtimallardır”.

O ki qaldı az vəsaitin aldığın zaman daha yuxarı vəsaitin ödənilməsinə, əldə edilmiş 100-150 manata görə 70-80 manatın vergi olaraq tutulmasına, Eldəniz Əmirov qeyd etdi ki, bu vergi daxil olması kimi qəbul edilməməlidir: “Bu Sosial Müdafiə Fonduna olan ödənişdir. Qanunvericiliyin tələbinə görə aktiv VÖEN-i olan təsərrüfat subyekti şəxs minimum əmək haqqının 22 faiz həcmində Sosial Müdafiə Fonduna ödəniş edir. Minimum əmək haqqı da 345 manatdır. Təqribən onun 22 faizi 75 manat 90 qəpik edir. 1.5 faiz işsizlik sığortasına görə ödənişdir. 1.5 faiz də icbari sığortaya edilən ödənişdir. Nəticədə 25 faiz alınır. Minimum əmək haqqının da 25 faizi məhz bu ödənişlərdir. Bu da təqribən 87 manat edir. Nəticədə də belə alınır ki, insan yüz manat qazandığı zaman 87 manat vergi verir. Əslində bu vergi deyil, amma insan həmin ay ərzində 500 manat da qazansaydı, yenə də o 87 manatı verəcəkdi. Sadəcə o 500 manatın 14 faizini vergi olaraq verməli idi”.

Qeyd edək ki, əmək bazarında qanuni münasibətlərin bərqərar olması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir. İşçi ilə əmək müqaviləsi bağlanılmadan işə cəlb edildikdə işəgötürənlərə münasibətdə ciddi məsuliyyət tədbirləri də tətbiq edilir. İnzibati Xətalar Məcələsinin 192.1-ci maddəsinə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək cərimə edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, işəgötürənə hər bir şəxs üçün təqvim ili ərzində birinci dəfə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, 10 nəfər və 10-dan çox işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7000 manatdan 10000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR